“Judo Club 2012”nin gənc cüdoçuları Bakı birinciliyində ikinci oldular

3.jpg

 

       Fevralın 6-7-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Bakı şəhər açıq birinciliyi keçirilib. Yarışda 25 klubun tərkibində 200 (178 oğlan, 22 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. İki gün davam edən birincilikdə “Judo Club 2012”nin komandası geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları Bakı birinciliyində uğurla çıxış edərək 3 qızıl və 2 bürünc medala sahib çıxıb. Komandanın aktivinə qızıl medalları Sadiq Cəlalov (-55 kq), Nihat Ələsgərli (-66 kq) və Rahidə Cavadova (-70 kq)  yazdırıb. Nicat Məmmədli (-60 kq) və Məhərrəm Eyvazov (-66 kq) isə bürünc medallara layiq görülüb.

Klubun digər üzvlərindən Kənan Əhmədov (+100 kq) beşinci, İslam İslamov (-81 kq), Mirəli Hüseynli (-90 kq) və Əli Mahmudov (+100 kq) isə yeddinci yerlə kifayətlənib.   

Bakı birinciliyində fərqlənən idmançılar Azərbaycan Cüdo Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş idarəsinin diplom və medalları ilə təltif olunublar.

Beləliklə, Bakı birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin gənc cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutub. Klubun ayrılıqda oğlanlardan ibarət komandası isə birinci pillədə qərarlaşıb.

 

Yarış haqqında ətraflı məlumatı ippon.az saytından əldə edə bilərsiniz.  

Link: http://ippon.az/bb_aze2020/tta_menue.php

 

Oxunma sayı: 1564 2020-02-07 21:03:38