İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa birinciliyi keçirilir.
Yarışların ikinci günündə "Judo Club 2012"nin iki üzvü mükafatçılar sırasında yer alıb. Klubun üzvlərindən Sadiq Məmmədov (-73 kq) gümüş, İlkin Qarayev (-66 kq) isə bürünc medallara layiq görülüb.
İkinci yarış gününün yekunlarına əsasən Azərbaycan millisinin aktivində 2 qızıl, 2 gümüş və 3 bürünc medal var. Komandamız bu nəticə ilə hazırda ümumi komanda hesabında birinci pillədə qərarlaşıb.
Qeyd edək ki, iyulun 2-dək davam edəcək qitə birinciliyində 43 ölkədən 425 (232 oğlan, 193 qız) cüdoçu iştirak edir. Azərbaycan komandası 12 çəki dərəcəsində 17 (10 oğlan, 7 qız) idmançı ilə fərdi yarışlarda mübarizə aparır.