“Judo Club 2012”nin yeniyetmə cüdoçuları Bakı birinciliyində 3 medala sahib çıxdı

2.jpg

       Dekabrın 11-13-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında Bakı birinciliyi keçirilib. Üç gün davam edən yarışda 54 klubdan 554 (501 oğlan, 53 qız) cüdoçu qalib adı uğrunda mübarizə aparıb. Oğlanlar və qızlar 9 çəki dərəcəsində paytaxt birinciliyinin qaliblərini müəyyənləşdiriblər. Birincilikdə medal qazanan idmançılar arasında “Judo Club 2012”nin yeniyetmə cüdoçuları da var. Yarışda geniş tərkibdə təmsil olunan klubun üzvləri paytaxt birinciliyini 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Klubun yetirmələrindən Zeynəb Məmmədova -52 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Judo Club 2012”nin digər təmsilçilərindən Məmmədrza Hacızadə (-60 kq) ikinci, Rəşad Paşazadə (-81 kq) isə üçüncü yerə layiq görülüb.

       Cavidan Abbasov (-46 kq), Oruc Hacıyev (-50 kq) və Cahangir Məmmədov (-90 kq) isə paytaxt birinciliyində beşinci yerlə kifayətləniblər. Yarışda fərqlənən cüdoçular Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları ilə təltif olunublar.

 

Oxunma sayı: 1762 2019-12-14 15:28:23