“Judo Club 2012”nin yetirmələri Bakı birinciliyində 5 medal qazandılar

9.jpg


       Dekabrın 13-15-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-18 yeniyetmələr arasında cüdo üzrə Bakı şəhər birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyası (ACF) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda paytaxtın 56 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 613 (572 oğlan, 41 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb.

Birincilikdə “Judo Club 2012”nin yeniyetmə cüdoçuları da qüvvələrini sınayıblar. Klubun yetirmələri yarışları 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurublar. Qızıl medalları klubun aktivinə Mehdi Cəfərov (-66 kq) və Aytac Yolçuzadə (-44 kq) yazdırıblar. 50 kq çəki dərəcəsində tatami üzərinə çıxan Səid Seyidov yalnız finalda məğlub olaraq gümüş medalla kifayətlənib. Klubun digər cüdoçularından Səlim Sultanov (66 kq) və Mədinə Atayeva (40 kq) isə bürünc medala sahib çıxıblar.

Beləliklə, Bakı şəhər birinciliyini 5 medalla başa vuran “Judo Club 2012”nin yeniyetmə cüdoçuları medalların əyarına görə ümumi komanda hesabında ikinci yeri tutublar.   

Yarışda fərqlənən cüdoçular Azərbaycan Cüdo Federasiyası, Bakı şəhər Gənclər və İdman baş idarəsinin medal və diplomları ilə təltif olunublar.

Yarışın mükafatlandırma mərasimində Azərbaycanda cüdonun yaranmasının 50 illik yubileyi ilə bağlı cüdo ailəsinin bir qrup üzvünə ACF tərəfindən diplom və sertifikatlar təqdim olunub. Azərbaycan cüdosunun inkişafında göstərdiyi xidmətlərə görə təltif olunanlar arasında “Judo Club 2012”nin məşqçiləri - Zaur Paşayev, İntiqam Ələkbərov, Rafiq Nəcəfov və Məmməd Məmmədov da yer alıblar.  

Qeyd edək ki, yarışın keçirilməsində əsas məqsəd müvafiq yaş qrupu üzrə gələn il keçiriləcək Azərbaycan birinciliyinə namizədlər arasında seçim etmək və yeniyetmələr arasında idmanı, xüsusən də cüdonu təbliğ etməkdir.

 

Oxunma sayı: 816 2022-12-15 21:50:33