Kifayət Qasımova “Judo Club 2012”nin qadınlardan ibarət komandasının baş məşqçisi təyin edildi

3.jpg

 

     Bu gün ölkəmizdə qızlar arasında cüdo idman növünün kütləvləşdirilməsi və beynəlxalq turnirlərdə qadın cüdoçuların sayını artırmaq Azərbaycan Cüdo Federasiyasının əsas fəaliyyət istiqamətlərindən biridir.
Bu məqsədlə paytaxtın tanınmış idman klublarından olan “Judo Club 2012”də də yeni layihələr həyata keçirilir. Gənc idmançılarının uğurları ilə fərqlənən klubda gələcək fəaliyyətin düzgün və planlı şəkildə qurulması, ölkəmizi mötəbər yarışlarda layiqincə təmsil edəcək oğlan və qızlardan ibarət gənc idmançıların yetişdirilməsi üçün hər cür şərait yaradılır.
Elə bu məqsədlə klubun məşqçilər heyətində yeni təyinat olub. Belə ki, bu günlərdə Azərbaycan Cüdo Federasiyası (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi Azər Əsgərovun təqdimatı ilə tanınmış idmançı, Avropa çempionatının gümüş, dünya çempionatının bürünc mükafatçısı Kifayət Qasımova klubun cüdo üzrə qadınlardan ibarət ibarət komandasının baş məşqçisi təyin edilib. 
Azərbaycan cüdosunun parlaq simalarından biri olan Kifayət Qasımova dünya və Avropa çempionatları ilə yanaşı, dəfələrlə Qran-pri yarışlarının, habelə Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısıdır. Ölkəmizi Pekin-2008 və London-2012 Yay Olimpiya Oyunlarında təmsil edən K.Qasımova peşəkar idman karyerasını başa vurduqdan sonra bir müddət qadınlardan ibarət yığma komandanın məşqçisi kimi çalışıb. 
Qeyd edək ki, ölkəmizdə cüdonun inkişafına layiqli töhfəsini verən “Judo Club 2012”də qızlar üçün cüdo dərsləri təmənnasız olaraq keçirilir.
Xatırladaq ki, bu yaxınlarda klubun cüdo bölməsi üzrə baş məşqçi vəzifəsində də dəyişiklik edilmişdi. Belə ki, bu vəzifəyə dəfələrlə dünya və Avropa çempionatlarının mükafatçısı İlqar Müşkiyev təyin edilmişdi.
Son vaxtlar həyata keçirilən yeniliklər və təyinatlar “Judo Club 2012”də gənc cüdoçular nəslinin yetişməsi və klubun gələcək uğurlarının artırılması məqsədini daşıyır.

Oxunma sayı: 153 2024-09-19 17:24:12