"Judo Club 2012"nin idmançısı ölkə birinciliyinin qalibi oldu
Bu gün cüdo üzrə 18 yaşa qədər yeniyetmələr qızlar və oğlanlar arasında ölkə birinciliyinə start verilib.
Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan ilin ilk yarışında "Judo Club 2012"nin idmançıları da qüvvələrini sınayırlar. Fərdi yarışların ilk günündə klubun perspektivli idmançısı Zeyd Ələsgərov mükafatçılar sırasında yer alıb. -60 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız bütün rəqiblərini məğlub edərək ölkə birinciliyinin qalibi adına layiq görülüb.
Qeyd edək ki, birincilikdə paytaxt və bölgələri təmsil edən 662 (486 oğlan, 176 qız) cüdoçu medallar uğrunda mübarizə aparır.
Gənclər və İdman Nazirliyinin və Azərbaycan Cüdo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən fərdi yarışlara yanvarın 11-də yekun vurulacaq. Birinciliyin son günündə - yanvarın 12-də isə qızlar və oğlanlar arasında komanda yarışları keçiriləcək.