“Judo Club 2012”nin dünya çempionu Vətənə qayıdıb

12.jpg

 

   Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu-Dabidə keçirilən cüdo üzrə dünya çempionatında -100 kq çəki dərəcəsində qızıl medal qazanan “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev Vətənə qayıdıb. 

Heydər Əliyev Beynəlxalq hava Limanında Azərbaycan Cüdo Federasiyasının, “Judo Club 2012”nin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançının yaxınları qarşılayıblar.

Klubumuzun üzvü hava limanında KİV nümayəndələri ilə qələbə təəssüratlarını bölüşərək sevinc hisslərini sözlə ifadə etməkdə çətinlik çəkdiyini qeyd edib. 

“Azərbaycanın bayrağını dalğalandırıb, himnimizin səsləndirdiyimə görə çox sevinirəm. Həqiqətən də inanılmaz hisslərdir. Hər zaman dünya çempionu olmaq arzusu ilə yaşamışam. Buna qədər Avropa çempionu olmaqla yanaşı, iki dəfə ardıcıl olaraq dünya çempionatının bürünc medalını qazanmışdım. Bu dəfə isə qızıl medal qazanmağa nail oldum. Şəxsi məşqçim Elxan Məmmədov 11 il əvvəl bu titula sahib çıxmışdı. O, həmişə mənə deyirdi ki, “sən də bunu bacara bilərsən, məşqlərə ciddi yanaş, rejimə əməl et”. Hidayət Heydərov çempion olandan sonra otağıma gəldi və qızıl medalını göstərərək “Zelim, görürsən, bu, realdır, sən də bunu bacara bilərsən", - dedi. O, mənə Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyevanın instaqramdakı təbrik paylaşımını da göstərdi. Bu təbrik, onu şoka salmışdı. Bütün bunlar mənə xüsusi motivasiya verdi. Məşqçilərimə, Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkür edirəm. Onların dəstəyi sayəsində bu nəticəni əldə etdim. Çalışacağam ki, Paris-2024-də də ölkəmizi uğurla təmsil edərək, fəxri kürsüdə yer alım ", - deyə Zelim Kotsoyev qeyd edib.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Abu-Dabidə keçirilən dünya çempionatını iki qızıl medalla başa vurublar. Komandamıza medalları Hidayət Heydərov (73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (100 kq) qazandırıb. Komandamız bu nəticə ilə kişilərin mübarizəsində üçüncü, ümumi komanda hesabında isə dördüncü yeri tutub. Bu, Azərbaycan komandasının cüdo üzrə dünya çempionatları tarixində qazandığı ən yaxşı nəticədir.

Həm Hidayət Heydərov, həm də Zelim Kotsoyev dünya çempionatında qazandığı nəticə ilə Paris-2024 Yay Olimpiya Oyunlarına öz çəki dərəcələrində reytinq cədvəlinin lideri olaraq yollanacaq.

Oxunma sayı: 147 2024-05-24 14:45:24