İki cüdocumuz vətənə medalla qayıtdı - bir qızıl, bir gümüş

0.jpg

          Ölkəmizin tanınmış idman qurumlarından olan “Judo Club 2012”nin yetirmələri builki uğur estafetini layiqincə davam etdirirlər. İyunun 30-dan iyulun 2-dək Litvanın Kaunas şəhərində keçirilmiş yeniyetmələr arasında Avropa çempionatında yığma komandanın tərkibində tatami üzərinə çıxan klub üzvlərindən ikisi Vətənə medalla qayıdıb.
          Çempionatda 16 idmançı (10 oğlan, 6 qız) ilə təmsil olunan Azərbaycan komandasına yeganə qızıl medalı “Judo Club 2012”nin yetirməsi Vüsalə Kərimova qazandırıb. 40 kq çəki dərəcəsində mübarizə aparan bu istedadlı cüdoçu bütün rəqiblərinə - rumıniyalı Silviya Germana, türkiyəli Mübərra Günəşə, rusiyalı Qlafiya Borisovaya və ukraynalı Anastasiya Balabana qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Avropa çempionatında Azərbaycanın üçrəngli bayrağının qaldırılmasına, Dövlət Himninin səsləndirilməsinə nail olub.

          Klubun digər üzvü – 55 kq çəki dərəcəsində yarışan Ayxan Tanrıverdiyev çempionatın gümüş mükafatçısı olub. Finala gedən yolda o, kiprli Georgios Balarjişvilini, rumıniyalı Paul Onorfeyi, həmçinin komanda yoldaşı Əmrah Səlimlini mübarizədən kənarlaşdıra bilsə də, final qarşılaşmasında türkiyəli Mihrac Akkuşa məğlub olub.

          “Judo Club 2012”nin daha bir yetirməsi – ağır çəkidə (+90) mübarizə aparan Məhəmməd Abdullayev isə bürünc medal uğrunda döyüşü uduzaraq beşinci yerlə kifayətlənib. 

          Xatırladaq ki, bu ilin aprelində Çex Respublikasının Teplitse şəhərində yeniyetmələr arasında keçirilmiş cüdo üzrə Avropa Kuboku yarışlarında da “Judo Club 2012”nin təmsilçiləri uğurla çıxış etmiş, Məhəmməd Abdulllayev qızıl, Ayxan Tanrıverdiyev isə gümüş medala sahib olmuşdular.

          Son üç gündə karate (WKF) üzrə yeniyetmələr arasında dünya kubokunun keçirildiyi Xorvatiyanın Umaq şəhərindən də “Judo Club 2012”ə xoş xəbər gəlib. Belə ki, 64 ölkədən 259 idmançının iştirak etdiyi bu mötəbər yarışda klubun yetirməsi Fərid Ağayev 52 kq çəki dərəcəsində bürünc medala layiq görülüb. O, 6 döyüşdə rəqiblərindən üstün olub.

         Yığma komandalarmızın uğurlarında sanballı payı olan “Judo Club 2012” ölkəmizdə idmanın inkişafına daim öz töhfələrini verir. Xatırlatmaq yerinə düşər ki, tərkibinə klubun da daxil olduğu “AZMAN HOLDİNQ” şirkətlər qrupu təkcə bu il iki böyük yarışın - Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq, əfsanəvi kəşfiyyatçı, polkovnik-leytenant Raquf Orucovun şərəfinə keçirilən klublararası beynəlxalq cüdo turnirlərinin təşkilatçılarından olub.


Xəbərə aid digər linklər:

Mənbə: http://azertag.az/xeber/Azerbaycanin_yeniyetme_cudochulari_Avropa_chempionatinda_1_qizil_olmaqla_5_medal_qazaniblar-1074842

Mənbə: http://hafta.az/index2.php?m=yazi&id=202102

Mənbə: http://manevr.az/idman/14825-ki-cudocumuz-vetene-medalla-qayitdi.html

Oxunma sayı: 1302 2017-07-02 00:46:13