Çingiz Şəfiyev: “İnanıram ki, idmançılarımız uğurları ilə ölkəmizdə cüdonun inkişafına öz töhfələrini verəcəklər”

23.jpg

 

     Bu gün ölkəmizdə idmanın inkişafına xüsusi diqqət yetirilir. Məhz bu qayğının nəticəsidir ki, paytaxtla yanaşı, bölgələrimizdə də ən müasir idman arenaları qurulub, yeni idman infrastrukturu yaradılıb. Şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər və klublar da idman infrastrukturun bir hissəsi kimi bu sahənin inkişafına öz töhfəsini verir. Paytaxtın ən müasir klublarından olan və ölkə idmanına töhfələr verən “Judo Club 2012” də belə idman ocaqlarından biri hesab olunur.

Adından da göründüyü kimi, 2012-ci ilin fevral ayında yaradılan klubun açılış mərasimində Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev iştirak edib. Klubun yaradılmasında əsas məqsəd ölkəmizdə cüdo idman növünün inkişafına və populyarlaşmasına xidmət etmək, həmçinin veteran idmançıları bir araya toplamaqdır. Klubun yaradıcısı “Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərovdur.

Bu gün ölkəmizdə idmanın inkişafında, yığma komandalarımızın uğurlarında “Judo Club 2012” müstəsna rol oynayır. Klubun təmsilçiləri həm ölkədaxili, həm də beynəlxalq yarışlarda yüksək nəticələr göstərirlər. Bu günlərdə "Judo Club 2012”nin direktoru Çingiz Şəfiyevlə görüşüb, klubun fəaliyyəti, əldə olunan nailiyyətlər və gələcək planlar barədə söhbət etdik.

 

- Çingiz müəllim, bu ilin yanvar ayından klubun direktoru vəzifəsini icra edirsiniz. İstərdik ki, əvvəlcə klubun gələcək hədəfləri barədə məlumat verərdiniz.

- Təbii ki, əsas məqsədimiz gənc nəsildə idmana maraq oyatmaq, onları pis vərdişlərdən, yad təsirlərdən uzaqlaşdırmaq, sağlam həyat tərzini təbliğ etməkdir. Bundan başqa, idman istedadı olan uşaqları seçib, onlara düzgün yol göstərmək, təcrübəli məşqçilərimizin peşəkarlığı sayəsində hazırlıq səviyyələrini artırmaq və yarışlarda iştirakının təmin etmək də bizim başlıca vəzifələrimizdən biridir. Biz həmçinin gənclərin vətənpərvər ruhda tərbiyəsinə də xüsusi diqqətlə yanaşırıq. 2016-cı ilin şanlı Aprel döyüşləri, 44 günlük Vətən Müharibəsi və lokal xarakterli antiterror əməliyyatları bir daha sübut etdi ki, Vətənin fiziki və mənəvi cəhətdən sağlam, güclü gənclərə ehtiyacı var. Keçmiş hərbçi kimi deyə bilərəm ki, bu gün ordumuzun sıralarında idmanla, xüsusilə də cüdo ilə məşğul olan hərbçilərimiz yetərincədir. İdman hər bir zabitin karyerasına müsbət təsir göstərən amillərdəndir. Bir sözlə, bu gün dövlətimiz üçün sağlam vətəndaş və sağlam əsgər hazırlayır, onları mənəvi cəhətdən kamil insan kimi yetişdirməyə çalışırıq.

 

- “Judo Club 2012” adına nəzər saldıqda ilk baxışdan belə bir təəssürat yaranır ki, burada yalnız cüdo bölməsi üzrə məşqlər keçirilir.

- Təbii ki, klubumuzda cüdo əsas idman növü sayılır. Bununla yanaşı, karate, aykido, ciu-citsu, gimnastika, akrobatika, aerobika üzrə bölmələrimiz də fəaliyyət göstərir. Müxtəlif idman növləri üzrə bölmələrimizdə məşqlərdə iştirak edənlərin sayı hazırda 500-ə yaxındır. Uşaqlar, yeniyetmələr və gənclərlə yanaşı, veteran cüdoçulara da klubumuzda məşq etmək imkanı yaradılıb. Cüdo bölməsində baş məşqçi, Əməkdar idman ustası Zaur Paşayev, məşqçilər Rafiq Nəcəfov, İntiqam Ələkbərov, Məmməd Məmmədov, İmran İmanov və digərləri yeni cüdoçu nəslinin yetişdirilməsi üçün böyük həvəs və səylə çalışırlar. 

İnanıram ki, “Judo Club 2012”nin təsisçisi Azər Əsgərovun diqqət və qayğısı, məşqçilərimizin əzmkarlığı nəticəsində idmançılarımız uğurları ilə ölkəmizdə cüdonun inkişafına öz töhfələrini verəcəklər.

 

- Məlumdur ki, klubun üzvləri arasında kifayət qədər istedadlı idmançılar var. Bu gün həmin idmançılar ümidləri doğrulda bilirlərmi?

 - Bəli, bu gün idmançılarımız yerli yarışlarla yanaşı, beynəlxalq arenalarda da özlərini sübut edirlər. Bunların arasında yeniyetmələrdən Xalid Məmmədov, Ömər Atayev, Ammar Məmmədov, Ceyhun Dadaşov, Sadiq Seyidəliyev, Zenfira Əliyeva və Mədinə Atayeva, gənclərdən isə Mehdi Cəfərov, Tuncay Şamil, Süleyman Əliyev, Əziz Məmmədov və Emiliya Mirzəyevanı qeyd etmək olar. Cüdo üzrə yığma komandanın üzvü olan Mehdi Cəfərov ölkədaxili yarışlarda uğurla çıxış etməklə yanaşı, ötən il Avropa birinciliyinin də bürünc medalını qazanıb. Böyüklərə gəlincə, Murad Fətiyevin, Zeynəb Məmmədovanın adını qeyd edə bilərəm. Murad Fətiyev iştirak etdiyi yarışlardan Vətənə yüksək nəticələrlə qayıdıb. Həmçinin “Judo Club 2012”nin karateçiləri də bu il Birləşmiş Ərəb Əmirliklərinin Fuceyra şəhərində keçirilən beynəlxalq turnirdə uğurla çıxış edərək, 5 medal qazanıblar.

  

- Çingiz müəllim, üç aydan sonra Azərbaycan idmançıları Parisdə ciddi sınaqdan keçəcək. 33-cü Yay Olimpiya Oyunlarına yollanacaq heyətdə “Judo Club 2012”nin idmançılarını da görə biləcəyikmi?

- Bildiyiniz kimi, cüdo idman növündə lisenziyalar Olimpiya reytinqinə əsasən qazanılır. Əgər bu gün reytinqə nəzər salsaq, görərik ki, “Judo Club 2012”nin üzvü olan dörd cüdoçunun - Zelim Kotsoyev (-100 kq), Səid Mollayi (-81 kq), Murad Fətiyev (-90 kq) və Camal Qamzatxanovun (+100 kq) Azərbaycan yığma komandasının tərkibində Paris Olimpiadasına yollanmaq üçün şansları var. Mayın 19-dan 24-dək Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçiriləcək cüdo üzrə dünya çempionatından sonra Olimpiya Oyunlarına lisenziya qazanacaq cüdoçuların adlarına demək olar ki, aydınlıq gələcək. Bunun üçün onlar bütün qüvvələri ilə məşq edirlər. Azərbaycan Cüdo Federasiyasının rəhbərliyi və “Judo Club 2012”nin təsisçisi Azər Əsgərov idmançıların hazırlıq səviyyəsinin artırılması üçün hər cür şərait yaradıb. İnanıram ki, cüdoçularımız Olimpiya Oyunlarına yollanacaq və Parisdə ümidlərimizi layiqincə doğruldacaqlar.

 

 - Bu yaxınlarda Milli Olimpiya Komitəsinin təsis etdiyi, “Cüdo Klub-2012” İctimai Birliyinin də tərəfdaşı olduğu II “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın qaliblərinin mükafatlandırma mərasimi keçirildi. İstərdik ki, bir qədər də festivalın əhəmiyyəti barədə məlumat verərdiniz.

 - “Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərov idmana, cüdoya dəstəyi ilə yanaşı, bir sıra mədəni və xeyriyyə məqsədi ilə keçirilən tədbirlərdə də hər zaman fəal iştirak edib. “Cüdo Klub-2012” İctimai Birliyinin Milli Olimpiya Komitəsinin təsis etdiyi II “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nda tərəfdaş qismində çıxış etməsi də bunun əyani sübutudur. Bu yaxınlarda Beynəlxalq Muğam Mərkəzində festivalın qaliblərinin mükafatlandırma mərasimi təşkil olundu. İdman mövzusunda filmlərin çəkilməsi ümumilikdə idmanımızın inkişafına təkan verən bir addım oldu. Təbii ki, bizim də belə layihələrdə tərəfdaş qismində çıxış etməyimizin əsas məqsədi ölkəmizdə idmanın inkişafına dəstək olmaqdır. Bir daha qeyd edim ki, “Cüdo Klub-2012” İctimai Birliyi heç vaxt idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəməyib. Klub cüdo üzrə yığma komandalarımıza daim dəstək göstərib. Hətta yığma komandalar üçün baza tikilən ərəfədə klubumuz öz qapılarını təmənnasız olaraq yığma komandaya açmışdı. Yeniyetmələrdən ibarət milli komanda burada məşq edirdi. Bundan başqa, “Azman Holdinq”in tərkibinə daxil olan strukturlar qurumun təsisçisi Azər Əsgərovun təşəbbüsü ilə davamlı şəkildə xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Bunların arasında Azərbaycan Ordusunun zabiti, əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenantı Raquf Orucova həsr olunmuş “Murov qartalı” kitabının nəşrini qeyd etmək olar. Həmçinin “Judo Club 2012” klubunun təşkilatçılığı ilə Raquf Orucovun xatirəsinə həsr olunmuş beynəlxalq ənənəvi cüdo turniri də keçirilir. Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının yazılması və 500 nüsxə tirajla çap edilməsi, kitabın təqdimat mərasiminin təşkil olunması da xeyriyyəçilik tədbirləri sırasında yer alır.

 

- “Raquf Orucov Kuboku” turnirindən söz düşmüşkən, bildiyimizə görə bu yaxınlarda “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə yenidən beynəlxalq cüdo turniri keçiriləcək. İstərdik bir qədər də bu yarışın reqlamenti və turnirə hazırlıq məsələləri ilə bağlı məlumat verərdiniz.

- Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun timsalında torpaqlarımızın azadlığı uğrunda canını qurban verən qəhrəman hərbçilərimizin xatirəsinə həsr olunan ənənəvi beynəlxalq cüdo turniri bu il beşinci dəfə təşkil olunacaq. Qeyd edim ki, şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçiriləcək ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir. 20 yaşadək gənclər arasında komanda xarakterli turnir Bakı İdman Sarayında keçiriləcək. Artıq turnirdə iştirak etmək üçün bir sıra ölkələrdən müraciətlər də gəlib. Ümumilikdə, yarışda 15-ə yaxın komandanın iştirakı gözlənilir. Hazırda Türkiyə, Türkmənistan, Gürcüstan, Macarıstan və Rusiya komandaları turnirdə iştirakını təsdiqləyib. Rusiya komandası yarışda Şəxsi Neytral İdmançılar komandası adı altında iştirak edəcək. Bundan başqa ölkəmizi təmsil edən yerli komandalar da bu turnirdə mübarizə aparacaqlar. “Judo Club 2012”yə gəlincə isə klubumuz turnirdə iki komanda ilə təmsil olunacaq. Cüdoçularımız yarışa hazırlıqla əlaqədar məşqlərini intensivləşdiriblər. Ümid edirəm ki, budəfəki turnir də yüksək səviyyədə təşkil olunacaq və idmançılarımız parlaq qələbələri ilə bizi sevindirəcəklər.

 

- Siz uzun illər Azərbaycan Ordusunda xidmət etmisiniz. “Murov qartalı”, şəhid polkovnik-leytenant Raquf Orucovu şəxsən tanıyırdınızmı?

- Təbii ki, mən Raquf Orucovla birgə ordu sıralarında xidmət keçmişəm. Bu gün onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox ağırdır. Sözsüz ki, bütün hərbçilərimizin itkisi bizim üçün qəbuledilməzdir. Raqufla tanışlığım 2001-ci ildə onun xidmət etdiyi hərbi hissəyə komandir təyin ediləndə olub. Hərbi hissəmiz Azərbaycanın ən sərt coğrafi və iqlim şəraiti olan Murovdağ silsiləsində yerləşirdi. Raquf həmin vaxt kəşfiyyat bölüyünün komandiri idi. O, çox səmimi, təvazökar, dürüst və müsbət keyfiyyətlərə malik zabit olub. Gənc olmasına baxmayaraq, Raquf kəşfiyyatçı peşəsini yaxşı mənimsəmişdi. Elə buna görə də hərbi hissənin kəşfiyyat rəisi Rasim Fərşidov ordudan tərxis olunanda mənim təklifimlə məhz Raquf Orucov kəşfiyyat rəisi təyin edildi. O, sonralar kəşfiyyat xətti üzrə daha da yüksəlmişdi. Raquf Orucovun xidmətləri nəticəsində həm bizim kəşfiyyat bölüyümüz yüksək səviyyədə idi, həm də ümumilikdə ön xətdə kəşfiyyat-müşahidə işi yaxşı qurulmuşdu. Onun Azərbaycan Ordusunda xidmətləri çox böyükdür. Raquf düşmən ehtiyatlarının yerlərini müəyyənləşdirmişdi. Erməni hərbçilərin səhər düzülüşünü, Murovdağ silsiləsinin düşmənin müdafiəsinin dərinliklərində ehtiyat bölmələrini, qərargahını, kazarmalarını, minaatan batareyalarını, artilleriya divizionlarını və ehtiyat taborlarının dəqiq coğrafi koordinatlarını müəyyənləşdirmiş və videolarını çəkib gətirmişdi. Onun gətirdiyi məlumatlar əsasında bizim üçün düşmən bölmələri haqda qaranlıq heç nə qalmamışdı. Biz o videolara baxıb təhlillər apardıq. Onun kəşfiyyat materialları sonrakı döyüş əməliyyatlarında düşmənə ağır zərbələrin vurulması üçün öz aktuallığını saxladı. Allah bütün şəhidlərimizə, o cümlədən Raquf Orucova rəhmət eləsin, qazilərimizə isə şəfa versin. İnanıram ki, bu gün onların ruhu şaddır ki, torpaqlarımız azadlığa qovuşub.

 Azər Əlizadə

Oxunma sayı: 372 2024-04-23 11:02:20