“Cüdo Klub-2012”nin tərəfdaşı olduğu film festivalının açılış mərasimi olub

14.jpg

 

     Yanvarın 16-da Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi, “Cüdo Klub-2012” İctimai Birliyinin tərəfdaşı olduğu ikinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın təntənəli açılış mərasimi keçirilib.

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında təşkil olunan mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilieva, “Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, festivalın münsiflər heyətinin üzvləri, həmçinin idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə daha sonra ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti, festivalın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyəti barədə danışıb. O bildirib ki, birinci festivalın uğurlu alınması bu layihənin ənənəvi olaraq iki ildən bir keçirilməsinə şərait yaradıb.

İkinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı “Cüdo Klub-2012” İctimai Birliyinin sədri Azər Əsgərov isə Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını və bu ənənənin bundan sonra da davam edəcəyinə inandığını bildirib.

“Cüdo Klub-2012” İctimai Birliyinin hər zaman idmanın inkişafında və təbliğində öz imkanlarını əsirgəmədiyini deyən A.Əsgərov həmçinin MOK-un təşkil etdiyi film festivalının tərəfdaşı qismində çıxış etməkdən məmnun olduğunu qeyd edib.

Sonra “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın münsiflər heyətinin üzvləri Sidney-2000 Yay Olimpiya Oyunlarının çempionu, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova (sədr), Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, ssenarist Oleq Səfərəliyev, Əməkdar mədəniyyət işçisi Xanlar Məmmədov, “Bakılı oğlanlar” komandasının üzvü, rejissor və prodüser Ənvər Mansurov çıxış edərək, festivalın uğurlu olacağına inandıqlarını bildiriblər.

Mərasimdə həmçinin Milli Olimpiya Komitəsinin himninin yeni klipi və birinci “İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”na həsr olunmuş videoçarxlarla yanaşı, festivalın tərəfdaşları sırasında yer alan “Cüdo Klub-2012” İctimai Birliyi haqqında tanıtım çarxı da nümayiş olunub.

Tədbirin sonunda 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçirilən I Beynəlxalq İdman Mətbuatı Assosiasiyası (AIPS Sport Media Awards) Festivalında Avropa qitəsini təmsil edən və “TOP 10 Europe” adına layiq görülən, Olimpiya çempionumuz Toğrul Əsgərov haqqında çəkilmiş “Ərtoğrul” filmi nümayiş olunub.

Qeyd edək ki, “Azman Holdinq”in tərkibinə daxil olan strukturlar qurumun təsisçisi Azər Əsgərovun təşəbbüsü ilə davamlı şəkildə xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Bunların arasında həm idman, həm də mədəni tədbirlər də yer alıb.

 

Oxunma sayı: 70 2024-01-17 09:43:47