Fərhad Rəcəbli: “Özümü yalnız tatamidə xoşbəxt hiss edirəm” - MÜSAHİBƏ

4.jpg

Ölkəmizdə sevilən idman növlərindən biri də cüdodur. Bu idman növü Azərbaycanda son illərdə daha da populyarlıq qazanıb. Azərbaycan cüdoçuları ölkəmizi beynəlxalq arenada layiqincə təmsil edirlər. Təsadüfi deyil ki, ölkəmizdə bu idman növü üzrə müxtəlif illərdə Olimpiya, dünya, Avropa çempionları və mükafatçıları yetişib. Bu idman növü haqqında söhbət açılanda mütləq Rəcəblilər nəsli yada düşür. Çünki, belə demək mümkünsə, bu nəslin nümayəndələrinin əksəriyyəti cüdoçudur və bu növün ölkəmizdə inkişafında əhəmiyyətli yer tuturlar. "Olimpnews.az” saytının "İdman veteranları” rubrikasının qonağı da Rəcəblilər nəslindəndir. Söhbət cüdo üzrə veteranlar arasında 6 qat dünya və 4 qat Avropa çempionu, SSRİ-nin beynəlxalq dərəcəli idman ustası Fərhad Rəcəblidən gedir. Veteran cüdoçu ilə elə baş məşqçisi olduğu "Cüdo Klub 2012”də görüşdük. Müsahibimiz bu idman növündə əldə etdiyi uğurlardan və cüdonun onun üçün həyat tərzinə çevrilməsindən danışdı.

 

- Fərhad müəllim, əvvəlcə özünüz haqqında oxucularımıza məlumat verərdiniz.

- 1959-cu il oktyabrın 11-də Qusar rayonunun Əcəxur kəndində anadan olmuşam. 1967-ci ildə isə ailəmizlə birlikdə Sumqayıta köçdük. 1971-ci ildən idmanla məşğul olmağa başladım. İdmana gəlməyim böyük qardaşlarım Əhməddin və Məmmədin sayəsində oldu. Yadıma gəlir ki, həmişə onların məşqlərini və yarışlarını izləməyə gedir, qardaşlarıma azarkeşlik edirdim. Qeyd etdiyim kimi, idmana olan həvəsim mənim bu sahəni seçməyimlə nəticələndi. Əvvəllər qardaşlarımın tövsiyəsi ilə sərbəst güləşlə məşğul olurdum. Lakin 3-4 aydan sonra sambo güləşi ilə maraqlanmağa başladım. 1 il sambo güləşi ilə məşğul olduqdan sonra cüdoya üz tutdum. Ailədə 4 qardaş olmuşuq və hamımız idmanla məşğul idik. Böyük qardaşım Əhməddin Rəcəbli Azərbaycanın Əməkdar məşqçisi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi titulları və "Tərəqqi” medalı ilə təltif edilib. Digər qardaşım Məmməd dəfələrlə sambo və cüdo üzrə Azərbaycan çempionu olub. Kiçik qardaşım Əhəd Rəcəbli də sambo və cüdo üzrə Azərbaycan çempionu, əməkdar məşqçisi idi. Təəssüf ki, Əhəd 2013-cü ildə dünyasını dəyişdi. 1972-ci ildə SSRİ-də Cüdo Federasiyası yarandıqdan sonra sambo mütəxəssislərini Moskvaya seminara göndərdilər. Bu seminarlardan sonra onlar cüdo mütəxəssisləri kimi fəaliyyətə başladılar. Yəni həmin vaxtlar cüdoya ilk başlayanlar samboçular olublar. Onlar seminarlarda iştirak etməklə cüdonun incəliklərinə yiyələniblər. Onu da deyim ki, 1983-cü ildə cüdo ilə yanaşı, sambo üzrə də Azərbaycan çempionu adına layiq görülmüşəm. Elə həmin il sambo üzrə idman ustası normasını yerinə yetirmişəm.

 

- Yəqin ki, ən çox nailiyyəti də məhz cüdoda qazanmısınız?

- Bəli. 1975-ci ildə ilk dəfə məktəblilər arasında Azərbaycan çempionu oldum. Bir il sonra yeniyetmələr arasında ölkə çempionu adını qazandım. 1978-ci ildə gənclər arasında SSRİ çempionu adına sahib çıxdım. Elə həmin il SSRİ yığmasının tərkibində Macarıstanda keçirilən Avropa çempionatında üçüncü yerə layiq görüldüm. Həmin yarışda 7 görüşdə qalib gəlib, yalnız bir görüşdə məğlub olaraq bürünc medal qazandım. Bu, Azərbaycan cüdoçularının beynəlxalq arenada qazandıqları ilk medal idi. Avropa birinciliyində növbəti medalı isə 13 il sonra - 1991-ci ildə İlqar İsgəndərov qazandı. O da üçüncü yerə sahib çıxdı. 1979-cu ildə SSRi birinciliyində ikinci, növbəti il isə birinci yerə layiq görüldüm. 1981-ci ildə Belarusun paytaxtı Minskdə keçirilən kişilər arasında SSRİ birinciliyində 78 kq çəki dərəcəsində üçüncü yeri tutdum. Bu, mənim kişilər arasında yarışda ilk medalım idi. 1981-82-ci illərdə Kubada keçirilən "A” kateqoriyalı beynəlxalq turnirdə ardıcıl olaraq iki dəfə ikinci yerə sahib çıxdım. 1986-ci ildə isə SSRİ İdman Komitəsi yeni qərar qəbul etdi. Qərara əsasən 25 yaşından yuxarı idmançıları güləşməyə qoymurdular. Bunun da əsas səbəbi gənc idmançılara üstünlük verilməsi ilə bağlı idi. Lakin bu qərar 1988-cı ildə ləğv edildi. Mən həmin dövrdə fəaliyyətimi artıq məşqçi kimi davam etdirirdim. Bu illər ərzində uşaqlara cüdonun sirlərini öyrətməklə yanaşı, özüm də vaxtlı-vaxtında məşq edirdim. 1988-ci ildə Azərbaycan çempionatında iştirak etdim və ikinci yeri tutdum. Elə həmin il Qazaxıstanın paytaxtı Almatıda təşkil olunan SSRİ çempionatında gümüş medal qazandım. Həlledici görüşdə Avropa çempionu Pestnyakla bərabər səviyyədə güləşdim. Lakin hakimlərin rəyi ilə qələbə rəqib idmançıya verildi. Bu, Azərbaycan cüdoçularının SSRİ çempionatları tarixində əldə etdiyi ən böyük nəticə idi. Onu da qeyd edim ki, cüdo üzrə SSRİ çempionatlarından Azərbaycana 4 medal gətirilib. Bu medallardan ikisini mən, ikisini isə Nazim Hüseynov qazanıb. Mən SSRİ çempionatlarının bir gümüş və bir bürünc medalını əldə etmişəm, Nazim Hüseynov isə iki dəfə bürünc medalına layiq görülüb. İtaliyada Qran-pri turnirində birinci yerə çıxdıqdan sonra SSRİ-nin beynəlxalq dərəcəli idman ustası normasını yerinə yetirdim. Məşqçi işlədiyim illərdə həm də idmançı kimi yarışlarda iştirak edirdim. 1989-cu ildən 1995-ci ilədək keçirilən Azərbaycan çempionatlarında ardıcıl olaraq birinci yeri tutmuşam. Sonuncu dəfə isə 1995-ci ildə 36 yaşımda Azərbaycan çempionu oldum. Onu da deyim ki, çəki salmağı xoşlamamışam. Hansı çəkidə idimsə, elə o çəkidə də yarışlarda iştirak edirdim. Yaşımın artmasına baxmayaraq cüdoya olan həvəsim heç vaxt sönməyib. Məğlub olmağı sevməmişəm.

 

- Veteranların yarışında iştirak etmək həvəsi haradan yarandı?

- İdmançı karyeramı başa vurduqdan 7 il sonra veteran cüdoçuların yarışında qüvvəmi sınamağı qərara aldım. Bu qərar isə idmana, cüdoya olan sonsuz sevgimlə bağlı idi. Bütün ömrümü bu idman növünə həsr etmişəm. Ən yaxşı bildiyim və bacardığım iş də məhz cüdo idi. Buna görə də həyatımın qalan hissəsini də tatamidə keçirməyi qərara aldım. 42 yaşımdan başlayaraq veteranlar arasında təşkil olunan cüdo yarışlarında iştirak edirəm. Əvvəllər veteranlar arasında keçirilən dünya və Avropa çempionatlarında ölkəmizi təkcə mən təmsil edirdim. Sonradan bu yarışlarda iştirak edən idmançılarımızın sayı artdı. Əvvəlki illərdə veteranlar arasında təşkil olunan yarışlarda yüksək nəticələr qazanmışam. Ötən il sentyabr ayında Hollandiyada keçirilən dünya çempionatında da bütün rəqiblərimi məğlub edərək 6-cı dəfə dünya çempionu oldum. Onu da qeyd edim ki, bu yarışda mənimlə yanaşı, Zülfiyə Hüseynova da qızıl medala sahib çıxdı. Ümumilikdə veteranlar arasında keçirilən dünya çempionatlarında 6 qızıl, 4 gümüş, 3 bürünc medal əldə etmişəm. Veteranların Avropa çempionatlarında isə 4 dəfə birinci, üç dəfə ikinci, üç dəfə isə üçüncü yerə layiq görülmüşəm.

 

- Rəcəblilər nəsli cüdoda çox böyük iz qoyub. İstərdik bir qədər də bu nəslin davamçıları barədə danışasınız.

- Rəcəblilər nəslində oğlan uşaqlarının əksəriyyəti məhz cüdo idman növü ilə məşğul olurlar. Bizim nəslin idmanda ilk addımları böyük qardaşım Əhməddin Rəcəblinin adı ilə bağlıdır. Söhbətimizin əvvəlində qeyd etdiyim kimi, onun sayəsində mən və digər qardaşlarım idmana gəliblər. Əhməddinin övladları Zaur və Elxan da cüdoda kifayət qədər yüksək nəticə qazanmağa müvəffəq olublar. Elxan Rəcəbli 2001-ci ildə dünya çempionatında böyüklər arasında bürünc medal qazanıb. Hazırda Əhmmədin müəllimin nəvələri də cüdo ilə məşğul olurlar. Mənim oğlum Murad həm sambo, həm də cüdo üzrə Azərbaycan çempionu adına layiq görülüb. O, ötən ilin dekabr ayında keçirilən respublika çempionatında 3-cü yeri tutdu.

 

- Cüdonu sizin üçün həyat tərzi saymaq olarmı?

- Düzünü deyim ki, həyatımı cüdosuz təsəvvür edə bilmirəm. Qeyd etdiyim kimi, cüdoya olan həvəsim karyeramı başa vurduqdan sonra veteranların yarışında iştirak etməyimə səbəb oldu. Düzdür, hazırda fəndləri 20 yaşımda olduğum vaxtlardakı kimi yerinə yetirə bilmirəm. Təbii ki, yaş fərqi özünü tatamidə göstərir. Bəli, cüdo mənim həyat tərzimdir. Demək olar ki, hər gün tatamidə oluram. Bir sözlə, mən cüdo ilə rahatlıq tapıram.

 

- Sizin dövrdəki cüdo ilə hazırkı cüdonu müqayisə etsək hansı fərqləri görərik?

- Karyeram ərzində bir sıra turnirlərin qalib və mükafatçısı olmuşam. Düzdür, nailiyyətlərim daha da çox ola bilərdi. Lakin müəyyən problemlər buna imkan vermədi. Mən güləşdiyim vaxtlarda Azərbaycan SSRİ-nin tərkibində idi. Həmin dövrdə yaxşı təlim-məşq toplanışlarında iştirak edirdik. Lakin yarışlarda Azərbaycan idmançılarının nəticələrinə fikir vermirdilər. Buna görə də bizi əsas yarışlara aparmırdılar. Amma Azərbaycan müstəqillik əldə etdikdən sonra bu problemlər aradan qaldırıldı. Gənc idmançılarla söhbət edəndə onlara deyirəm ki, siz sevinməlisiniz ki, Azərbaycan çempionu adını qazanmaqla dünya və Avropa çempionatlarında iştirak edə bilirsiniz. Biz isə dünya çempionatında iştirak etmək üçün SSRİ çempionatında yüksək nəticə göstərməli idik. Bu yarışda qalib gəlmək idmançıdan bir məharət tələb edirdi. Bizim dövrdə idmançılara vitaminlər verilmirdi. Amma indiki dövrdə bu, adi hal alıb. Bu vəziyyət tək Azərbaycanda deyil, bütün dünyada belədir. Hərdən mənə elə gəlir ki, indiki cüdoçular az zəhmətlə yüksək nailiyyət qazanmağa can atırlar. Fikrimcə, bu, düzgün addım deyil. Məşq etməklə də lazımı nəticə qazanmaq mümkündür. Sadəcə, buna vaxt, səbr və iradə lazımdır.

 

- Fərhad müəllim, istərdik bir qədər də baş məşqçi kimi çalışdığınız "Cüdo Klub 2012” barədə danışasınız.

- Klub 4 ildir ki, fəaliyyət göstərir. Klubun yaradıcısı Azərbaycan Cüdo Veteranlar Assosiasiyasının prezidenti, dəfələrlə veteranlar arasında Avropa və dünya çempionu olan Azər Əsgərovdur. Qısa bir zaman ərzində klubda böyük nailiyyətlər əldə olunub. 2013-cü ildə Azərbaycanda ilk dəfə klublararası Azərbaycan çempionatı keçirildi. Sevindirici haldır ki, yeni yaranmasına baxmayaraq, klubumuz bu yarışda üçüncü yerə çıxdı. "Cüdo klub 2012” digər idman ocaqlarından fərqlənir. Burada idmançılar üçün hər cür şərait yaradılıb. Şübhəsiz ki, yaradılan şərait uğurlarımıza müsbət təsir göstərir. İdmançılarımız iştirak etdikləri turnirlərdə dəfələrlə mükafatçılar sırasına düşməyi bacarıblar. Klubun üzvləri müxtəlif ölkələrdə keçirilən Avropa kubokunun da mükafatçısı olublar.

 

- Azərbaycan Cüdo Federasiyasının yeni rəhbərliyinin işini necə qiymətləndirirsiniz?

- Rəhbərlik dəyişəndən sonra iki dəfə Bakı birinciliyi, iki dəfə isə respublika birinciliyi keçirilib. Bakı İdman Sarayında keçirilən bu yarışlar yüksək səviyyədə təşkil olundu. Yeni rəhbərlik tərəfindən müəyyən komitə və sektorlar yaradılıb. Mən yeni yaranan Nizam-İntizam Komitəsinin üzvü seçilmişəm. Onu da qeyd edim ki, bu komitəyə Ruzbek Vəliyev sədrlik edir. Təbii ki, bu komitə və sektorların qarşısına müəyyən məqsədlər və tələblər qoyulub. Hər birimiz çalışmalıyıq ki, bu tələblərə əməl edərək məqsədimizə nail olaq. Əsas məqsəd isə Azərbaycanda cüdonun inkişafını təmin etmək və populyarlığını artırmaqdır. Bundan başqa, çalışacağıq ki, idmançılar, məşqçilər və hakimlərin nizam-intizam qaydalarına riayət etməsinə nail olaq. Fikrimcə, hər şey nizam-intizam qaydalarına düzgün yanaşmaqdan başlayır. Əgər bu qaydalara əməl olunarsa nəticə qazanmaq da asanlaşar.

 

- Karyeranız ərzində sizin üçün ən yaddaqalan hadisə hansı olub?

- Düzünü desəm, o qədər maraqlı hadisələr olub ki, indi onları yada salmaq çox çətindir. Bununla belə, 1988-ci ildə SSRİ çempionatında ikinci yerə çıxmağımı unuda bilmirəm. Üç illik fasilədən sonra belə bir yarışda mükafat qazanmaq mənim üçün böyük nəticə oldu. Qeyd etdiyim kimi, mən həmin dövrdə fəaliyyətimi məşqçi kimi davam etdirirdim. Həmin yarışda gürcüstanlı məşqçi bu yarışa hansı tələbəmi gətirdiyimi soruşdu. Mən gülümsəyərək cavab verdim ki, bu yarışda özüm iştirak edəcəyəm. Elə oldu ki, həmin yarışda onun tələbəsi ilə yarımfinal görüşündə qarşılaşdım və qalib gələrək finala yüksəldim. Yəni müəyyən fasilədən sonra idmana qayıdışım çox yaddaqalan hadisədir. İdmana daha bir qayıdışım isə 2002-ci ildə veteranlar arasında dünya çempionatında ilk dəfə iştirak etməyimlə bağlı oldu. Düzünü desəm, mən müəllimlikdən və komitə üzvündən daha çox yarışlarda idmançı kimi iştirak etməyi üstün tuturam. Özümü yalnız tatamidə xoşbəxt hiss edirəm. 56 yaşım olmasına baxmayaraq yenə də veteranlar arasında keçirilən yarışlarda gücümü sınayıram. Mən bu idman növündən və tatamidə güləşməkdən zövq alıram. Yarışlarda iştirak etdikcə cüdonun həyat tərzimə çevrildiyinə daha çox inanıram.

 

- Qeyd etdiyiniz kimi, heç vaxt məğlubiyyətlə barışmaq istəmirsiniz. Maraqlıdır, bəs Fərhad Rəcəbli üçün tatamidə ən təsirli məğlubiyyət hansı olub?

- Əsl peşəkar idmançı məğlubiyyətdən sonra yenidən özündə güc tapıb tatamiyə qayıtmağı bacarmalıdır. İdmanda həmişə qalib gəlmək anlayışı yoxdur. Lakin əsas məsələ odur ki, məğlubiyyətdən sonra bunun səbəbini araşdırıb, səhvləri təhlil edəsən. Təbii ki, mənim də karyeramda elə məğlubiyyətlər olub ki, bununla heç vaxt razılaşmamışam. Yadıma gəlir ki, 1981-ci ildə Kubada Olimpiya Oyunlarının gümüş mükafatçısı ilə qarşılaşırdım. Görüş mənim üstünlüyüm şəraitində keçirdi. Rəqibimə qarşı iki koka fəndi işlətmişdim. Rəqibim də mənə fənd tətbiq etdi. Bu fənd demək olar ki, mənim ona qarşı işlətdiyim fənd ilə eyni idi. Lakin hakimlər onun fəndini vazari kimi dəyərləndirərək daha yüksək xalla qiymətləndirdilər. Hirsləndim. Həmin idmançını kürəyi üstə yerə elə çırpdım ki, o, fəndin təsirindən iki dəfə tatamiyə dəydi. Bu fəndi hakimlər ippon kimi qiymətləndirməli idilər. Lakin ədalət təmsilçiləri yenidən qeyri-obyektiv qərarları ilə mənim fəndimi yuko ilə dəyərləndirdilər. Beləliklə, qələbəmi hakimlər əlimdən aldılar. Belə bir ədalətsiz qərar mənə çox pis təsir etdi. Hakimlərin bu hərəkəti tribunadan görüşü izləyən digər xarici idmançıların da narazılığına səbəb oldu. Onlar "sən birincisən”, - deyə səslənirdilər.

 

- Evdə ata-oğul münasibətləri necədir? Oğlunuzla güləşirsinizmi?

- Oğlumla nadir hallarda güləşirəm. O, mənimlə güləşmək istəmir. Bu da yəqin ki, ata-oğul arasında olan hörmətdən irəli gəlir. Amma bir yerdə məşq edirik. Oğluma cüdonun sirlərini öyrədirəm.

 

- Ötən ilin iyun ayında ölkəmiz birinci Avropa Oyunlarına ev sahibliyi etdi. Bakı-2015-in ölkəmiz üçün əhəmiyyətini necə qiymətləndirirsiniz?

- I Avropa Oyunları miqyasına görə ölkəmizdə keçirilən ən böyük idman tədbirlərindən biri idi. Belə bir yarışın ilk dəfə olaraq ölkəmizdə keçirilməsi, şübhəsiz ki, Azərbaycanın uğurundan, beynəlxalq arenada qazandığı nüfuzdan irəli gəlir. Digər qitələrin öz yarışları var idi. Avropada isə ilk yarışı təşkil etmək bizə nəsib oldu. Bu mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsinin Azərbaycan idmanının dünyada daha da tanınması üçün çox böyük rolu oldu. Avropa Oyunları çərçivəsində keçirilən cüdo yarışlarını arenadan birbaşa izlədim. Cüdoçularımızın nəticələrinin o qədər də uğursuz olduğunu deməzdim. Bildiyimiz kimi, Orxan Səfərov (60 kq) yarışlarda ikinci yerə layiq görüldü. Xatırladım ki, Avropa Oyunları çərçivəsində keçirilən cüdo yarışları həm də qitə çempionatının medalların verirdi. Buna görə də Avropanın ən güclü cüdoçuları Bakıya toplaşmışdılar. Bu isə idmançılarımızın Avropa Oyunlarındakı yükünü bir qədər də ağırlaşdırdı. Düşünürəm ki, Avropa Oyunlarında ən güclü rəqabət məhz cüdo yarışlarında oldu. Cüdoçularımızın Avropa və dünya çempionatlarındakı nəticələrinə baxdıqda komandamızın ən yaxşı halda bir və ya iki medal qazandığını görmək olar. Bunu nəzərə alaraq, onların Avropa Oyunlarındakı çıxışını o qədər də uğursuz hesab etmirəm. Lakin yarışların doğma azarkeşlər önündə keçirildiyini düşünsək, onda cüdo üzrə komandamızın daha çox medal qazanmağa borclu olduğunu deyərdim.

 

- Asudə vaxtlarınızda daha hansı idman növləri ilə məşğul olursunuz?

- Boş vaxtlarımda basketbol, voleybol, futbol, üzgüçülük və stolüstü tennislə məşğul oluram. Ümumiyyətlə, stolüstü tennislə məşğul olmaq cüdo üçün daha yaxşıdır. Çünki stolüstü tennisdə olan cəldlik, sürət və reaksiyalar digər idman növlərində yoxdur. Buna görə də stolüstü tennis cüdoçular üçün reaksiyanın və cəldliyin artmasında böyük rol oynayır. Gənc cüdoçulara məsləhətim odur ki, boş vaxtlarında stolüstü tennislə də məşğul olsunlar.

 

- Gələcəkdə hansı turnirlərdə iştirak etməyi planlaşdırırsınız?

- Klub kimi əsas məqsədimiz ölkədaxili yarışlarda və dünya, Avropa kuboklarında iştirak etməkdir. İnanıram ki, yetirmələrimiz bu yarışlarda uğurla mübarizə apararaq klubumuza yeni qələbələr qazandıracaqlar. Özümə gəldikdə isə, veteranlar arasında dünya və Avropa çempionatında iştirak etməyi planlaşdırıram. Nə qədər ki, özüm də güc tapıram, tatamidə mübarizəmi davam etdirəcəyəm.

 

- Gənc idmançılarımıza veteran cüdoçu kimi tövsiyəniz nə olardı?

- Gənc idmançılara əsas məsləhətim odur ki, tez ruhdan düşməsinlər. Peşəkar idmançı olmaq asan deyil. Bunun üçün illərlə məşq etmək lazımdır. Fikrimcə, gün ərzində bir dəfə məşq etmək peşəkar idmançı olmaq üçün çox azdır. Böyük nəticələr qazanmaq üçün gün ərzində bir neçə dəfə məşq etmək lazımdır. Son vaxtlar idmanda rəqabət çox güclənib. Bu rəqabətə tab gətirməyin yeganə yolu isə yalnız məşqdir. Hər gün ən azı 4-5 saat məşq etmək lazımdır ki, nəticə qazana biləsən. Gənc idmançılara tövsiyə edərdim ki, hansı idman növünü seçmələrindən asılı olmayaraq məşqlərə ciddi yanaşsınlar.

 

Mənbə: http://www.olimpnews.az/7431/get+F%C9%99rhad+R%C9%99c%C9%99bli%3A+%E2%80%9C%C3%96z%C3%BCm%C3%BC+yaln%C4%B1z+tatamid%C9%99+xo%C5%9Fb%C9%99xt+hiss+edir%C9%99m%E2%80%9D#.XYyn2NSLRcY

 

Oxunma sayı: 1403 2016-01-09 20:15:26