Gənclərin mənəvi tərbiyəsində idman klubları fəallıq göstərir

0.jpg

          Respublikamızda idmanın inkişafına yüksək səviyyədə diqqət və qayğı göstərilir. Ölkəmizdə genişləndirilən idman infrastrukturuna şəxsi təşəbbüslərlə yaradılan mərkəzlər də öz töhfəsini verir. Müxtəlif idman növləri üzrə fəaliyyət göstərən bu cür mərkəzlər həmin növlərin populyarlığı və kütləviliyini əsas məsələ kimi önə çəkirlər.

 

         Hazırda cüdo idman növü Azərbaycanda çox populyardır. Bu idman növü üzrə məşqlər paytaxtımızın, həmçinin bölgələrimizin, demək olar ki, bütün idman klublarında keçirilir. Cüdonun daha da kütləviləşməsinə nail olmaq üçün idman klublarının da sayı artırılmaqdadır. Belə idman ocaqlarından biri də "Cüdo Klub 2012”dir. Klubun yaradıcısı Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalararası ikiqat dünya çempionu, veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu olan Azər Əsgərovdur. 2012-ci ildə yaradılan bu cüdo klubunun əsas məqsədi ölkədə bu idman növünün inkişafı və populyarlaşdırılmasıdır. "Cudo klub 2012”, yaşından asılı olmayaraq, gənclərin fiziki sağlamlıq məkanına çevrilib. Klub ümumilikdə 500-600 idmançının məşq etməsi üçün nəzərdə tutulub. Hazırda burada müxtəlif yaş qrupları üzrə təxminən 400-dən çox uşaq, yeniyetmə və gənc idmanla məşğul olur. Onlar idmanın sirlərini 11 məşqçidən öyrənirlər. Məşqlər gün ərzində 5-6 qrupda müxtəlif saatlarda keçirilir. Keyfiyyətli məşq prosesinin təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada uşaq və yeniyetmələr, gənclər və veteranlar üçün ayrıca idman zalları mövcuddur. Zalların hər biri zəruri məşq avadanlıqları, sanitariya-gigiyena qovşaqları ilə təchiz edilib. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün də lazımi şərait var.

 

                                                                                              "Çalışırıq ki, uşaq və yeniyetmələrin sağlam ruhda böyüməsinə nail olaq”

 

          Ötən ilin noyabr ayında "Cüdo Klub 2012”nin rəhbərliyində dəyişiklik olub. Əməkdar məşqçi, cüdo və sambo üzrə idman ustası, keçmiş polis polkovnik-leytenantı Hafis Hacıyev klubun direktoru vəzifəsinə təyin edilib. Qeyd edək ki, Hafis Cəfərov dəfələrlə respublika çempionatlarının və ümumittifaq turnirlərin qalibi və mükafatçısı olub. Təcrübəli mütəxəssis o dövrün güclü yarışlarından sayılan Ümumittifaq "Dinamo” idman cəmiyyət birinciliyinin də mükafatçısıdır. Uzun müddət cüdo üzrə yığma komandanın məşqçisi və "Dinamo” idman cəmiyyətinin baş məşqçisi kimi fəaliyyət göstərib. Yeni rəhbərliyin gəlişindən sonra klubda nizam-intizam məsələləri və məşqlərin daha keyfiyyətli keçirilməsi klubun əsas məqsədlərindən birinə çevrilib. İdman ocağının fəaliyyəti və görüləcək işlərlə bağlı məlumatlar əldə etmək üçün Hafis hacıyevlə görüşdük. Həmsöhbətimiz klubla bağlı bizi məlumatlandıraraq, burada uşaq, yeniyetmə və gənclərin fiziki sağlamlığının inkişafı üçün hər cür şəraitin yaradıldığını qeyd etdi. "Klub ölkəmizdə cüdo idman növünün təbliği və kütləviliyinin təmin edilməsinə xidmət edir. Klubumuza uşaqların qəbulu 6 yaşından başlanır. Hazırda burada 400-dən çox yeniyetmə və gənc idmanla mütəmadi məşğul olur. Təmsilçilərimiz respublika çempionatları ilə yanaşı, beynəlxalq arenalarda da qüvvələrini sınayırlar. Klubumuzun üzvləri arasında uğur qazanan idmançılar da var. Yetirmələrimiz dəfələrlə gənclər arasında Azərbaycan çempionatının və Avropa kuboklarının qalibi olublar. Klubumuzda məşğul olan idmançıların əksəriyyəti yeniyetmələrdir. Biz idmançıların fiziki hazırlığı ilə yanaşı, taktiki, texniki hazırlıqlarına da xüsusi əhəmiyyət veririk. Əsas məqsədimiz dövlətimizin həyata keçirdiyi idman siyasətinə öz töhfəmizi verməkdir. Mən müxtəlif zamanlarda əməkdar məşqçi, idman ustası və polis polkovniki kimi dövlətimizə qulluq etmişəm. Noyabr ayından "Cüdo klub 2012”nin direktor vəzifəsinə təyin olundum. İdman klubu olaraq çalışırıq ki, nailiyyətlərimizi yüksəldək, eyni zamanda uşaq və yeniyetmələrin fiziki inkişafına, onların sağlam ruhda böyüməsinə nail olaq. Bütün bacarığımızla çalışırıq ki, klubumuzun təmsilçiləri 4 illiyin zirvə yarışı olan Olimpiya Oyunlarında iştirak etsinlər. Əvvəllər burada yalnız cüdo idman növü üzrə məşqlər keçirilirdi. Hazırda klubda cüdo ilə yanaşı, karate, gimnastika, aykido idman bölmələri fəaliyyət göstərir. Bildiyiniz kimi, aykido gənclərin sağlamlığının qorumasında, həm də özünümüdafiədə böyük rol oynayır. Bu bölmədə məşğul olanlar həvəskarlardır. Onlar yarışlarda iştirak etmir, yalnız özlərinin fiziki sağlamlıqları üçün məşq edirlər. İdmanı təbliğ etmək, kütləviliyə nail olmaq, həmçinin yeniyetmə və gənclərin sağlam ruhda böyüməsinə şərait yaratmaq bizim əsas vəzifəmizdir. Ali məqsədlərimiz isə respublika birinciliklərində nailiyyət qazanaraq yığma komandanın heyətinə düşmək, Avropa, dünya və Olimpiya Oyunlarında iştirak etməkdir. Gələn ay ölkəmizdə IV İslam Həmrəyliyi Oyunları təşkil olunacaq. İnanıram ki, bu yarışda klubumuzun idmançıları da iştirak edəcəklər. Onu da qeyd edim ki, klubumuzda qadınlardan ibarət cüdo bölməsi yeni yaradılıb. Klubumuzda hazırda 4 nəfər qız idmançı var ki, onlar da yığma komandanın heyətində yer alırlar. Vüsalə Kərimova (40 kq), Leyla Şahin (57 kq), Diana Şoranova və Nərgiz Hacıyeva (hər ikisi 63 kq) bizim klubun idmançılarıdır”, - deyə Hafis Hacıyev bildirdi.

 

 

 

                                                                                                  Nəticələr həyata keçirilən işlərlə vəhdət təşkil edir

 

          "Cüdo klub 2012”nin təmsilçiləri həm ölkədaxili, həm də beynəlxaq yarışlarda fərqlənməyi bacarıblar. Cüdoçular Diana Şoranova və Leyla Şahin respublika çempionatının qalibidirlər. Nərgiz Hacıyeva respublika çempionatının gümüş mükafatçısıdır. Vüsalə Kərimova isə bu il İspaniyada yeniyetmələr arasında keçirilən Avropa kubokunun qalibi adını qazanıb. Klubun üzvlərindən Afiq Səfərli, Elvin Əhmədli, Sadıx Məhərrəmov, Ziya Namazov kişilərdə, İskəndər Talışınski, Murad Fətiyev, Fərid Qəzənfərov, Abdulla Abdullayev, Kənan Quluzadə və digər idmançılar oğlanlar arasında dəfələrlə respublika turnirlərinin qalib və mükafatçıları sırasında yer alıblar. Qeyd etdiyimiz bu idmançılar həmçinin yığma komandanın üzvləridirlər. Bu il yanvarın 24-25-də 2005-2006-2007-ci illər təvəllüdlülər arasında keçirilən cüdo üzrə Bakı birinciliyində "Cüdo Klub 2012”nin 27 idmançısı 10 çəki dərəcəsində iştirak edib. Klubun təmsilçilərindən Camal Bağışov (46 kq) turnirin qalibi adını qazanıb. Mamed Sultanov (60 kq) ikinci olub, Məhəmməd Məmmədli isə (60 kq) üçücü yeri tutub.

 

          2003-2004-cü illər təvəllüdlü yeniyetmələr arasında Bakı birinciliyində də idman ocağının təmsilçisi mükafatçılar sırasında yer alıb. Klubun yetirməsi Əli Hüseynov (42 kq) üçüncü yerə sahib çıxıb. Fevralın 14-15-də 1997-1999 və 2000-ci illər təvəllüdlü idmançılar arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda "Cüdo Klub 2012”nin 12 idmançısı 9 çəki dərəcəsi üzrə qüvvəsini sınayıb. Klubun təmsilçilərindən Murad Fətiyev (73 kq), Leyla Şahin (57 kq) və Diana Şoranova (63 kq) qızıl medala layiq görülüb. Nərgiz Hacıyeva (63 kq) ikinci, Azər Cəfərov (55 kq), Abdulla Abdullayev (66 kq), Kənan Quluzadə (73 kq) üçüncü yerə sahib çıxıb. Bu nəticə ilə "Cüdo Klub 2012”nin idmançıları 45 klub arasında ikinci yeri tutub. İdman ocağının cüdoçuları beynəlxalq yarışlarda da medalçılar sırasında yer alıblar. Klubun yeniyetmə cüdoçuları Məhəmməd Abdullayev və Ayxan Tanverdiyev İspaniyada keçirilən Avropa kubokunda birinci yerə layiq görülüb. Perspektivli idmançı Məhəmməd Abdullayev Antalyada təşkil olunan analoji yarışda isə ikinci yeri tutub. Buyaxınlarda Çexiyada təşkil olunan Avropa kuboku da klubun yetirmələri üçün uğurlu olub. Belə ki, idman ocağının təmsilçiləri bu yarışdan üç medalla vətənə qayıdıblar. Qitə kubokunda Məhəmməd Abdullayev və Vüsalə Kərimova qızıl medal qazanıblar. Ayxan Tanverdiyev isə yarışı gümüş medalla başa çatdırıb. Klubun karateçiləri də beynəlxalq turnirlərdə uğurla yarışırlar. Ötən ay keçirilən "Baku Open” turnirində klubun təmsilçilərindən Fidan Dadaşova (47 kq) və Fərid Ağayev (52 kq) birinci yerə layiq görülüb. Şübhəsiz ki, bu nəticələr cəmi beş il bundan əvvəl fəaliyyətə başlayan klub üçün qənaətbəxşdir.

 

          Əlbəttə, bu uğurların qazanılmasında məşqçilərin xüsusi əməyi var. Məhz məşqçilərin bacarığı və təcrübəsi sayəsində nailiyyətlərə yiyələnmək mümkün olub. Klubun üzvləri ilə 11 məşqçi-müəllim müqavilə əsasında məşğul olur. Əməkdar məşqçilər Hafis Cəfərov, Tərlan Həsənov, SSRİ Xalqları Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, Qeybulla Əliyev, Tahir Xəlilov kimi təcrübəli mütəxəssis yeniyetmə və gənclərə cüdo idman növünün sirlərini öyrədirlər.

 

                                                                                                "Yaradılan şərait uğurlarımıza "yaşıl işıq” yandırır”

 

          "Cudo klub 2012” klubunda məşqçi kimi fəaliyyət göstərən təcrübəli mütəxəssis Qeybulla Əliyev bu idman ocağında yaradılan şərait barədə xoş sözlər dedi. "Adından da göründüyü kimi, klub 2012-ci ildə yaranıb. Bura paytaxtın hər cür şəraiti olan klublarından biridir. Klubda yataq korpusu, idman zalları, trenajor zalı, sauna, eləcə də idmançılar üçün lazımi avadanlıqlar var. Şübhəsiz ki, yaradılan şərait uğurlarımıza "yaşıl işıq” yandırır. Ötən ilin sonunda və bu ilin əvvəllərində klubumuzun yeniyetmələr, gənclər və böyüklərdən ibarət cüdo komandaları Azərbaycan çempionatlarında mükafatalayiq yerlər tutublar. Klubun üzvləri, həmçinin müxtəlif ölkələrdə keçirilən Avropa kubokunun da mükafatçısı olublar. Burada yeniyetmələr, gənclər və böyüklərlə yanaşı, usta cüdoçularımız da məşq edirlər. 2013-cü ildə ölkəmizdə ilk dəfə olaraq cüdo üzrə klublararası yarış keçirilib. Həmin dövrdə təşkil olunan klublararası Azərbaycan kubokunda "Cudo klub 2012” üçüncü yerə layiq görülüb. Yeri gəlmişkən deyim ki, Avropa ölkələrində klub yarışları fərdi yarışlardan daha maraqlı olur. Məhz buna görə də bu ölkələrdə klubların iştirakı ilə keçirilən yarışlar üstünlük təşkil edir. Bakıda isə, bu formatda turnir bir dəfə - 2013-cü ildə keçirildi. Bizim komandamız yarışı üçüncü pillədə başa vurdu. Təəssüf ki, sonralar bu yarış keçirilmədi. Belə turnirlər idmançıların formada olması və təcrübə qazanmasında böyük rol oynayır. İnanıram ki, klublararası yarışlar gələcəkdə bərpa olunacaq”, - deyə Qeybulla Əliyev əlavə etdi.

 

          Təbii ki, peşəkar idmanın təməli uşaq idmanından başlanır. Məhz bu dövrdə uğurlu qoyulan başlanğıc gələcəkdə yüksək nəticələrin qazanılmasına zəmin yaradır. "Cüdo Klub 2012” uşaqlar arasında bu növün geniş yayılması üçün məktəblərdə müəyyən tədbirlər keçirir və perspektivli uşaqları kluba cəlb edir. Hafis Cəfərov bu məsələnin vacibliyini vurğulayaraq dedi: "Məktəblilərin klublara cəlb olunması idmanın kütləviliyi deməkdir. Təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, hazırda məktəblərdən uşaqları seçib kluba cəlb etmək məsələsi bir qədər çətindir. Düzdür, bununla bağlı məktəblərdə müəyyən təbliğat işləri aparılır. Həmin məktəblərin idman zallarında uşaqlara cüdo idman növlərinin sirlərini aşılamaq və bu növün kütləviliyini artırmaq üçün ustad dərsləri keçilir, məşqçilər və təcrübəli idmançılar tərəfindən nümunəvi çıxışlar göstərilir. Biz paytaxtın 18, 160, 23, 190, 189 saylı məktəblərin şagirdləri ilə mütamadi olaraq, təbliğat məqsədi ilə görüşlər keçirmişik. Bu yolla perspektivli uşaqları kluba cəlb edirik. Etiraf edim ki, hazırda bu işə müəyyən qədər fasilə vermişik. Amma çalışacağıq ki, bu məsələni yenidən canlandıraq. Çünki istənilən idman növünün təbliği kütləviliyə söykənir. Bu isə uşaq, yeniyetmə və gənclərin fiziki cəhətdən sağlamlığına şərait yaradır”.

 

          Son vaxtlar cüdo idman növünün qaydalarında bir sıra dəyişikliklər aparılıb. Qaydaların dəyişdirilməsi cüdonun gözəlliyini daha da artırmaq üçün nəzərdə tutulub. "Cüdo Klub 2012”nin direktoru Hafis Hacıyev qaydaların dəyişdirilməsinə fərqli yanaşır. "Keçmiş bir cüdoçu kimi deyə bilərəm ki, bugünki idmanda müəyyən fərqlər özünü göstərir. Fikrimcə, cüdoda sonuncu qayda dəyişikliyi - fəndlərin sayının azaldılması o qədər də uğurlu bir addım deyil. Bu, cüdonun gözəlliyinin artırılması məqsədini daşısa da, bir qədər marağı azaldır. Fəndlərin çox olmasının nəyi pisdir ki? Axı, cüdoçuların hamısı ippon, vaza-ari fəndlərindən istifadə edə bilmir. Mən hesab edirəm ki, qaydaların dəyişdirilməsi cüdoçuların imkanlarını bir qədər azaldıb. Düzdür, yarışları yeni qaydalara uyğun keçiririk. Cüdoçularımız bu dəyişikliyə artıq öyrəşiblər”, - deyə klubun direktoru vurğuladı.

 

 

                                                                                              Əsas amil nizam-intizamın gözlənilməsidir

 

          İdmanla məşğul olmaq təkcə fiziki cəhətdən hazırlıqlı olmaq deyil. İdman həm də insana məntiqlə düşünməyi, nizam-intizama riayət etməyi öyrədir. Hər bir idman növü özü-özlüyündə gözəldir. Eyni zamanda, çətindir. Cüdo idman növü də dərrakə, düşüncə, məntiq, cəldlik tələb edir. Bu növdə idmançıya ilk növbədə dərrakə lazımdır ki, rəqibin öz gücündən istifadə edərək ona fənd tətbiq etməyi bacarsın. Təcrübəli cüdoçu Hafis Hacıyev hesab edir ki, cüdo ilə məşğul olmaq uşaqların düşüncə tərzini, məsuliyyətini yüksəldir. "Hamı Olimpiya çempionu, dünya və Avropa çempionatlarının mükafatçısı ola bilməz. Amma hamı fiziki cəhətdən sağlam və tərbiyəli ola bilər. İdman sayəsində gənclərimiz pis vərdişlərdən uzaqlaşırlar. Cüdonun digər idman növlərindən fərqləri var. Cüdo şərq idman növüdür. Bu növ nizam-intizamın çox yüksək səviyyədə olmasını tələb edir. Mən deyərdim ki, nizam-intizamın yüksək səviyyədə gözlənildiyi üç idman növü varsa, onlardan biri də cüdodur. Bu idman növü ilə məşğul olan yeniyetmə nailiyyət qazana bilməsə də, onun həyata baxışları tam dəyişəcək. Cüdo sağlamlıq, mənəvi, psixoloji üstünlüklərin qazanılmasına şərait yaradır. Yeniyetmə və gənclərin bir çoxunun müəyyən yaş dövründən sonra idmandan uzaqlaşması bir klub rəhbəri kimi məni çox narahat edir. Təsəvvür edin ki, həmin idmançılar onların üzərində illərlə çəkilən əziyyəti heçə endirirlər. Bəlkə də həmin idmançılar gələcəyin Olimpiya çempionları ola bilərlər. İdmandan uzaqlaşanların əksəriyyəti bunu ali təhsil almaq istəyi ilə əlaqələndirirlər. Düzdür, hər bir valideyn istəyir ki, övladı ali təhsilli olsun. Lakin bu səbəbdən klublar perspektivli idmançılarını itirir. Yaxşı olardı ki, idmançı təhsili ilə məşqlərini balanslaşdırsın. Mən həmişə öz tələbələrimə deyirdim ki, çalışın, idmanla təhsili bərabər səviyyədə saxlayın. Əgər bu balans pozulursa uşaq ya təhsilsiz qalır, yada ki, fiziki cəhətdən sağlam olmur. Bu problemlər məni çox narahat edir. Şübhəsiz ki, mən bu sözlərimlə hamını cüdo ilə məşğul olmağa dəvət etdiyimi demək istəmirəm. Bütün idman növləri fiziki sağlamlığın daşıyıcısıdır. Təki Azərbaycan gəncləri öz asudə vaxtlarını idmana sərf etsinlər. Gənclər gələcəyin sağlam əsgərləridir. Biz öz klubumuzda dövlətimiz üçün sağlam vətəndaş, sağlam əsgər hazırlayırıq. Onları mənəvi cəhətdən kamil insan kimi yetişdirməyə çalışırıq”, - deyə Hafis Hacıyev bildirdi.

 

 

                                                                                               Gənclərin vətənpərvərliyi diqqət mərkəzindədir

 

          "Cüdo Klub 2012” gənclərin vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqətlə yanaşır. Torpaqlarımızın azadlığı uğrunda şəhid olanların xatirəsinə turnirlərin keçirilməsi gənclərin vətənpərvər ruhda böyüməsinə öz töhfəsini verir. Aprelin 12-də Qusar Olimpiya İdman Kompleksində şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir təşkil olunub. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və "Cudo Club 2012” idman klubunun birgə təşkilatçılığı ilə keçirilib. Belə yarışlar gənc nəslin şəhidlərimizi yad etməsində əhəmiyyətli rol oynayır.

 

          Azərbaycan Cüdo Federasiyası və "Cüdo Klub 2012”nin təşkilatçılığı ilə aprelin 20-də Bakı İdman Sarayında cüdo üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında (101 idmançı) klubların beynəlxalq komanda yarışı keçirilib. Yarış ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr edilib. Xatirə turnirində 12 komandanın hər biri 7 idmançı (5 oğlan, 2 qız) ilə təmsil olunub. Beynəlxalq yarışda ölkəmizin idmançıları ilə iyanaşı, Rusiya və Gürcüstan cüdoçuları da qüvvələrini sınayıblar. Finalda Gürcüstan millisi ilə "Cüdo Klub 2012” komandası qarşılaşıb.Təmsilçilərimiz II olublar.

 

          Xatırladaq ki, polkovnik-leytenant Raquf Orucov daim cəbhə xəttində yerləşən hərbi hissələrdə xidmət edib. Qərargah rəisi, briqada komandiri, xüsusi təyinatlı hərbi hissənin əməliyyat rəisi vəzifəsini daşıyıb. Bacarıqlı komandir hər zaman gənc əsgərlərə örnək olub. 2016-cı il aprelin 4-də baş verən hadisələr zamanı düşmənlə üzbəüz döyüşdə şəhidlie zirvəsinə ucalıb. Ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Silahlı Qüvvələr qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Raquf Orucov (ölümündən sonra) "İgidliyə görə” medalı ilə təltif edilib.

 

          Məlumat üçün bildirək ki, yaxın vaxtlarda cüdo üzrə Azərbaycan çempionatı, həmçinin Bakı şəhər açıq birinciliyi və bir sıra beynəlxalq turnirlər keçiriləcək. Bunu nəzərə alan "Cudo klub 2012” klubunun idmançıları da bu yarışlara səylə hazırlaşır.


 

Mənbə: http://www.olimpnews.az/9089/get+#.WQrWHNKGPIV

Oxunma sayı: 1690 2017-04-28 01:35:04