Hafis Hacıyev: “İdman olan yerdə hər zaman nizam-intizam var” - MÜSAHİBƏ

0.jpg

          Ölkəmizdə kifayət qədər populyar olan idman növlərindən biri də cüdodur. Bu idman növü üzrə Olimpiya, dünya, Avropa və bir sıra beynəlxalq turnirlərin qalibi olmuş idmançılarımız var. Respublikamızda cüdonun inkişafına nəzər salsaq, kifayət qədər istedadlı gənc cüdoçular nəslinin yetişdiyini görərik. Bu idmançıların hazırlığında ilk növbədə klub, cəmiyyət və idman məktəblərinin böyük rolu var. Olimpnews.az saytının məlumatına görə, ölkəmizdə cüdonun inkişafına öz töhfələrini verən klublardan biri də "Cüdo Klub -2012”dir. Bu klubun yaradıcısı veteranlar arasında dəfələrlə dünya və Avropa çempionu olan Azər Əsgərovdur. O, həmçinin Azərbaycanda cüdo üzrə Veteranlar Təşkilatının yaradıcısıdır.

 

        2012-ci ildən fəaliyyət göstərən cüdo klubunun yaradılmasında əsas məqsəd ölkəmizdə bu idman növünün inkişafı və populyarlığına xidmət etmək, həmçinin veteran idmançıları biraraya toplamaqdır. Müasir və hər cür tələblərə cavab verən klub bir çox gəncin fiziki sağlamlıq məkanına çevrilib. Hazırda burada müxtəlif yaş qrupları üzrə təxminən 400-dən çox uşaq, yeniyetmə və gənc idmanla məşğul olur.

          Buyaxınlarda idman ocağının direktoru Hafis Hacıyevlə görüşdük. Hafis müəllim klubun fəaliyyəti, idmançıların əldə etdiyi nailiyyətlər barədə ətraflı məlumat verdi.

 

- Hafis müəllim, istərdik əvvəlcə idmançı kimi fəaliyyət göstərdiyiniz illərə qısaca bir nəzər salaq. Yəqin ki, həmin dövrlə bağlı kifayət qədər maraqlı xatirələriniz var.

- Mən 1956-cı ildə Bakı şəhərində anadan olmuşam. 10 yaşımda "Dinamo” İdman Cəmiyyətində sambo üzrə Əməkdar məşqçi Sabir Hüseynovun yanında məşq etmişəm. Azərbaycanın Əməkdar məşqçisi, cüdo və sambo üzrə SSRİ idman ustasıyam. Dəfələrlə respublika çempionu, beynəlxalq və ümumittifaq turnirlərin qalib və mükafatçısı olmuşam. 1978-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu fərqlənmə ilə bitirmişəm. Hərbi xidmətimi başa vurduqdan sonra "Dinamo”da məşqçi kimi fəaliyyətə başladım. Bir müddətdən sonra isə bu idman ocağında cüdo üzrə baş məşqçi kimi çalışdım. 1980-ci illərdə Azərbaycan yığma komandasının məşqçisi kimi fəaliyyət göstərmişəm. 1988-ci ildə polis orqanına daxil olmuşam və "Dinamo” İC-də təlim tədris işləri üzrə baş inspektor vəzifəsində çalışmağa başlamışam. Bundan başqa Binəqədi Polis İdarəsində müavin, Tədris Mərkəzində hüquq fənni üzrə baş müəllim və Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində işləmişəm. 10 il Polis Akademiyasında fiziki hazırlıq kafedrasının rəisi vəsizəsini daşımışam. Polis polkovnikiyəm. 2011-ci ildən təqaüdə çıxmışam. 2016-cı ildən isə "Judo Club 2012”nin direktoru vəzifəsində çalışıram.

 

- Hafis müəllim, klubun adında olan "cüdo” sözü ilk baxışdan belə bir təəssürat yaradır ki, burada yalnız cüdo məşqləri keçirilir...

- Doğrudan da, əvvəllər burada yalnız cüdo üzrə məşqlər keçirilirdi. Kluba gəldikdən sonra karate üzrə bölmə yaradıldı. Hazırda isə uşaqlara cüdo, karate, aikido və gimnastika üzrə məşqlər keçirilir. Onu da deyim ki, "Judo Club 2012” ölkəmizdə fəaliyyət göstərən ən müasir və yüksək şəraiti olan klublardan biridir. Keyfiyyətli məşq prosesinin təşkili üçün hər cür infrastrukturu olan üçmərtəbəli binada uşaq və yeniyetmələr, gənclər və veteranlar üçün ayrıca idman zalları var. Klubda həmçinin kişi və qadınların məşq etməsi üçün yüksək səviyyəli trenajor zalı da fəliyyət göstərir. Burada təlim-məşq toplanışları və müxtəlif turnirlərin keçirilməsi üçün də lazımi şərait mövcuddur. Şübhəsiz ki, Azərbaycanda cüdonun inkişafına ən böyük dəstək Azərbaycan Cüdo Federasiyası tərəfindən göstərilir. Federasiyada aparılan infrastruktur dəyişikliyindən sonra biz bu dəstəyi daha çox hiss edirik. Cüdo Federasiyanın prezidenti Rövnəq Abdullayevə və vitse-prezident Sadıq Sadıqova minnətdarlığımı bildirirəm.

 

- Klubun idmançıları ümidləri doğruldurmu? Əldə olunan nəticələrdən razısınızmı?

- Yaradılan nizam-intizamın bəhrəsi olaraq qısa müddətdə yüksək nəticələr əldə olundu. Təvazökarlıqdan uzaq olsa da deyim ki, hazırda Azərbaycanın tanınmış cüdoçularının əksəriyyəti bizə müraciət edir, klubumuzda məşq etmək istədiklərini deyirlər. Onu da deyim ki, milli qəhrəman və şəhid ailələrin övladları klubumuzda güzəştli şərtlərlə məşq edə bilərlər. Təbii ki, bizim klubumuzun qapıları hər zaman bütün idmançıların üzünə açıqdır. Nəticələrdən söz düşmüşkən, qeyd edim ki, buyaxınlarda Litvanın Kaunas şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyi keçirildi. Ölkəmiz bu yarışda 1 qızıl, 3 gümüş və 1 bürünc medal əldə etdi. Bu medallardan ikisini "Judo Club 2012”nin cüdoçuları ölkəmizə qazandırıblar. Vüsalə Kərimova (40 kq) qızıl, Ayxan Tanrıverdiyev (55 kq) isə gümüş medala sahib çıxdı. Bu nəticələr onu göstərir ki, "Judo Club 2012” bu növün inkişafında xüsusi pay sahibidir. "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən cüdo üzrə 23 yaşınadək gənclər arasında Azərbaycan birinciliyi də klubumuz üçün uğurlu oldu. Təmsilçilərimiz bu yarışda 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə etdilər. Bu nəticə ilə "Judo Club 2012” klubu komanda hesabında üçüncü yeri tutdu. İnanıram ki, gələcək yarışlarda nəticələrimiz daha yüksək olacaq. Buyaxınlarda Xorvatiyada yeniyetmələr arasında keçirilən karate üzrə Dünya kubokunda təmsilçimiz Fərid Qəzənfərov bürünc medal qazanıb.

 

- Klubun idmançılarını yaxın vaxtlarda hansı yarışlar gözləyir?

- Hazırda yetirmələrimiz Macarıstanda keçirilən Avropa Yeniyetmələrinin Olimpiya Festivalında iştirak edirlər. Klubumuzun 3 idmançısı - Vüsalə Kərimova (40 kq) Ayxan Tanrıverdiyev (55 kq) və Məhəmməd Abdullayev (+90 kq) bu yarışda mübarizə aparırlar. Mən bu idmançıların hər birindən qələbə gözləyirəm. Bizim əsas məqsədimiz klubumuzun təmsilçisinin Olimpiya Oyunlarında medal qazanmasına nail olmaqdır. Bunun üçün bütün gücümüzü səfərbər edəcəyik.

 

- Hafis müəllim, rəhbərlik etdiyiniz "Judo Club 2012”də nizam-intizamın kifayət qədər qorunduğu hiss olunur. Necə bilirsiniz, buna səbəb polis orqanlarında çalışmağınız deyil ki?

- Birmənalı şəkildə deyim ki, xeyr. Qeyd etdiyim kimi, uşaq yaşlarımdan idmanla məşğul oluram. Polis orqanlarına da nizam-intizama əməl edən bir idmançı kimi getmişəm. Bununla demək istəyirəm ki, idman olan yerdə hər zaman nizam-intizam var. Əksinə, bütün günü kabinetdə oturmaq mənim həyat tərzimə uyğun deyil. Bəzən özüm də məşqlərdə iştirak edir, tələbələrlə bilik və bacarıqlarımı bölüşürəm. İdmanda nizam-intizam yüksək səviyyədə olmalıdır. Unutmaq olmaz ki, uğura gedən yolda nizam-intizam ilkin şərtdir.

 

- Rəhbərlik etdiyiniz bu klubu gələcəkdə hansı səviyyədə görmək istərdiz?

- Çox istərdim ki, "Judo Club 2012”ni bu gün öz sözünü deyən "Atilla”, "Qəbələ”, "Neftçi” klubları ilə müqayisə etsinlər. Düzdür, şəraitimizə, infrastrukturumuza görə bu klublardan heç də geri qalmırıq. Çalışacağam ki, klubumuzda olan idman növlərinin sayı daha da artsın. Xüsusilə də, Olimpiya idman növləri üzrə yeni bölmələrin yaradılmasını çox arzulayıram.

 

- Sizcə, əvvəlki dövrün cüdosu daha maraqlı idi, yoxsa indiki cüdo?

- Bilirsiniz, hər dövrün öz gözəlliyi var. Amma etiraf edim ki, indi cüdoya əlavə edilən bəzi qaydaları bəyənmirəm. Buna baxmayaraq, cüdo öz nüfuzunu qoruyub saxlamağı bacarır. Mən belə hesab edirəm ki, idman növləri arasında cüdo gözəllikdir, ruhu oxşayan bir incidir. Çünki bu idman növündə texnika-taktikadan tutmuş, səliqə-səhmana qədər hər şey qaydasındadır.

 

- Yeri gəlmişkən, övladlarınız idmanla məşğul olurmu?

- Bir oğlum, bir qızım və iki nəvəm var. Oğlum uzun müddət cüdo ilə məşğul olub. Lakin təhsilə daha çox meyl etməsi onun peşəkar idmançı olmasına mane oldu. Oğlum hazırda hüquqşünas kimi fəaliyyət göstərir. Böyük nəvəm Raulun 5 yaşı var və artıq üzgüçülüklə məşğuldur. İnanıram ki, idman sahəsində oğlumun qazana bilmədiyi uğurları gələcəkdə nəvələrim əldə edəcəklər.

 

- Klubda idmançıların mənəvi tərbiyəsi üçün hansı işlər həyata keçirilir?

- Klubumuz gənclərin vətənpərvər ruhda tərbiyəsinə xüsusi diqqətlə yanaşır. Çünki vətənpərvərlik, vətən sevgisi hər şeydən öncə gəlir. Burada məşq edən hər bir idmançı eyni zamanda sabahın əsgərləridir. 2016-cı ildə baş verən aprel döyüşləri Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb etdi. Aprel döyüşləri Azərbaycanın qüdrətini, xalqımızın döyüş əzmini, qürurunu bir daha sübut etdi. Biz aprel döyüşlərini və şəhidlərimizin xatirəsini yad etmək üçün beynəlxalq turnir keçirdik. Azərbaycan Cüdo Federasiyası, Gənclər və İdman Nazirliyi və "Judo Club 2012”nin təşkilatçılığı ilə bu il aprelin 20-də Bakı İdman Sarayında cüdo üzrə 21 yaşınadək oğlanlar və qızlar arasında klubların beynəlxalq komanda yarışını təşkil etdik. Yarış ötən ilin aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuşdu. Komandamız bu yarışda ikinci yeri tutdu. Onu da deyim ki, "Raquf Orucov Cup” turniri adlandırdığımız bu yarış ənənəvi olacaq. Ola bilsin ki, növbəti ildən turnirin formatı dəyişsin, şəxsi və komanda fomatında keçirilsin. Aprelin 12-də isə Qusar Olimpiya İdman Kompleksində şəhid Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlararası turnir təşkil etdik. Yarış Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Kikboksinq Təşkilatları Assosiasiyası (WAKO), Azərbaycan Kikboksinq Federasiyası və "Cüdo Club 2012” idman klubunun birgə təşkilatçılığı ilə keçirildi. Düşünürəm ki, belə yarışlar gənc nəslin mənəvi tərbiyəsində, vətənpərvərlik ruhunda formalaşmasında əhəmiyyətli rol oynayır. Hər iki turnirin keçirilməsinin əsas təşkilatçısı "AZMAN” Holdinq şirkətlər qrupu və "Cüdo Klub 2012” İctimai Birliyinin sədri Azər Əsgərov idi.

Oxunma sayı: 1450 2017-08-04 23:55:27