"Judo Club 2012”nin cüdoçuları ilin son yarışında 2 medal qazanıblar

10.jpg

 

     Dekabrın 20-22-də İsrailin Yerusəlim şəhərində cüdo üzrə “Masters” turniri keçirilib. Beynəlxalq Cüdo Federasiyasının təqviminə görə, ilin son yarışı olan turnirdə 58 ölkəni təmsil edən 367 (194 kişi, 173 qadın) cüdoçu qüvvəsini sınayıb. Nüfuzlu yarışda 13 (12 kişi, 1 qadın) idmançı ilə təmsil olunan millimiz turnirdə 1 gümüş və 2 bürünc medal qazanıb.

Medallardan 2-si (1 gümüş, 1 bürünc) yığma komandamızın tərkibində İsrailə yollanan “Judo Club 2012” təmsilçilərinin payına düşüb. Belə ki, yarışların ikinci günündə tatami üzərinə çıxan klubun titullu idmançısı Səid Mollayi (-81 kq) ardıcıl olaraq Moldova, Yaponiya və Belçika idmançılarına qalib gələrək finala vəsiqə qazanıb. Dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı olan idmançımız həlledici görüşdə gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşıb. Finalda rəqibinə məğlub olan Səid Mollayi “Masters” turnirinin gümüş medalına layiq görülüb.

“Judo Club 2012”nin aktivinə bürünc medalı isə yarışların sonuncu günündə mübarizəyə başlayan Zelim Kotsoyev yazdırıb. -100 kq çəki dərəcəsində çıxış edən idmançımız ilk görüşdə italiyalı rəqibinə qalib gəlsə də, növbəti mərhələdə belçikalı cüdoçuya məğlub olub. Bundan sonra bürünc medal uğrunda təsəlliverici görüşə çıxan dünya və Avropa mükafatçısı əvvəlcə kanadalı rəqibini mübarizədən kənarlaşdırıb. Üçüncü yer uğrunda həlledici görüşdə isə Zelim Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Cafar Kostoyevə qalib gələrək bürünc medala yiyələnib.

 

Oxunma sayı: 633 2022-12-23 11:04:53