Fevralın 26-28-də Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Mərkəzində U-21 gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda 49 klubun tərkibində 325 (274 oğlan, 51 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. Birincilikdə “Judo Club 2012”nin gənclərdən ibarət komandası da geniş tərkibdə iştirak edib. Klubun gənc cüdoçuları turnirin fərdi yarışlarında uğurla çıxış edərək 3 qızıl və 2 gümüş medala sahib çıxıb.
"Judo Club 2012"nin yetirmələrindən Nicat Məmmədli (-60 kq), Ayxan Tanverdiyev (-66 kq) və Camal Feyziyev (+100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Rahidə Cavadova (-70 kq) və Murad Məmmədov (-100 kq) isə yalnız finalda məğlub olaraq gümüş medallara layiq görülüblər.
Klubun digər üzvlərindən Nihad Ələsgərli (-66 kq) beşinci, Sadiq Cəlalov (-55 kq) və Vilayət Cəlili (-55 kq) isə turniri yeddinci pillədə başa vurublar.
Beləliklə, Azərbaycan birinciliyinin fərdi yarışlarında 3 qızıl və 2 gümüş medal qazanan “Judo Club 2012” klubu medalların əyarına görə 2-ci yeri tutub.
Birinciliyin sonuncu günündə gənc cüdoçular arasında qarışıq komanda yarışları üzrə Azərbaycan çempionatı keçirilib.
Qeyd edək ki, gənclərin komanda yarışları ilk dəfə təşkil olunub. Kişilər 73, 90, 90 kiloqramdan yuxarı, qadınlar isə 48, 57, 63 kiloqramdan yuxarı çəki dərəcələrində mübarizə aparıblar. Birinciliyin yekununda "Judo Club 2012" komandası bütün görüşləri qələbə ilə başa vuraraq Azərbaycan birinciliyinin qalibi adına layiq görülüb. Qaliblərə Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyasının diplomları, medallar və pul mükafatları təqdim olunub.
Xəbərə aid digər linklər:
Mənbə: https://www.moderator.az/news/313340.html
Mənbə: https://525.az/site/?name=xeber&news_id=136114#gsc.tab=0