“Judo Club 2012”nin növbəti uğuru – Avropa birinciliyində 2 bürünc medal

10.jpg

       Polşanın paytaxtı Varşavada təşkil olunan yeniyetmələr arasında cüdo üzrə Avropa birinciliyinə yekun vurulub. 39 ölkədən 431 (234 oğlan, 197 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Qitə birinciliyində 18 cüdoçu (10 oğlan, 8 qız) ilə təmsil olunan komandamız 1 qızıl və 3 bürünc medala sahib çıxıb.
       Mükafatçılar sırasında “Judo Club 2012”nin cüdoçuları da yer alıblar. Klubun üzvlərindən Nicat Məmmədli (-55 kq) və Hüseyn Məmmədov (+90 kq) Avropa birinciliyinin bürünc medalına sahib çıxıblar. 
       Mübarizəyə 1/16 finaldan başlayan Nicat Məmmədli İsrail, Portuqaliya və Türkiyə idmançılarını məğlub edərək yarımfinala yüksəlib. Təəssüf ki, idmançımız bu mərhələdə macarıstanlı Bense Farkasa məğlub olub. Finalın bir addımlığında məğlub olan cüdoçumuz bürünc medal uğrunda görüşdə belaruslu Yafim Vitkouskini üstələyərək üçüncü yerə sahib çıxıb. 
       Klubun digər üzvü Hüseyn Məmmədov isə Hollandiya, Rusiya və Türkiyə cüdoçularına qalib gələrək adını yarımfinala yazdırıb. Təəssüf ki, idmançımız bu görüşdə gürcüstanlı idmançıya məğlub olub. Cüdoçumuz üçüncü yer uğrunda həlledici qarşılaşmada fransalı Matias Anqlionini məğlub edərək bürünc medala layiq görülüb. 

 

 

Yarış haqqında ətraflı məlumatı ippon.org saytından əldə edə bilərsiniz.  

Link: http://www.ippon.org/eju_cad2019.php 

Oxunma sayı: 1379 2019-06-30 16:54:16