MOK-un təşkil etdiyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının ilk tərəfdaşı “Cüdo Klub-2012” oldu

16.jpg

 

     “Azman Holdinq”in tərkibində fəaliyyət göstərən və ölkəmizin tanınmış idman təşkilatlarından olan “Cüdo Klub-2012” Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) növbəti dəfə keçirəcəyi İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının ilk tərəfdaşı olub. Bununla əlaqədar dekabrın 5-də Milli Olimpiya Komitəsinin inzibati binasında tərəfdaşlıq müqaviləsi imzalanıb.

Mərasimdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub-2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, “Azman Holdinq”in icraçı direktoru İlham Əhmədov, “Judo Club 2012” idman klubunun direktoru Mübariz Cəfərov və media nümayəndələri iştirak ediblər.

Ölkəmizin ən parlaq idman və mədəniyyət tədbirlərdən biri olan festivala dövlət və  özəl televiziya kanalları, prodakşn studiyaları, idman federasiyaları və kommersiya şirkətləri tərəfindən 2022-2024-cü illərdə istehsal edilmiş, idmanın və idmançıların təbliğinə həsr olunmuş sənədli və bədii filmlər, televiziya verilişləri təqdim edilə bilər.

“Azman Holdinq”in tərkibinə daxil olan strukturlar qurumun təsisçisi Azər Əsgərovun təşəbbüsü ilə davamlı şəkildə xeyriyyəçilik fəaliyyəti həyata keçirirlər. Bunların arasında Azərbaycan Ordusunun zabiti, əfsanəvi kəşfiyyatçı, 2016-cı ilin Aprel döyüşlərinin şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Murov qartalı” kitabının nəşrini qeyd etmək olar. Kitab 2017, 2018, 2019-cu illərdə hər dəfə 1000 nüsxə tirajla çap edilərək, pulsuz paylanılıb. Həmçinin “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” klubunun da təşkilatçılığı ilə Raquf Orucovun xatirəsinə həsr olunmuş beynəlxalq ənənəvi cüdo turniri də keçirilir. İlk dəfə 2017-ci ildə təşkil olunan yarış 2018, 2019 və 2023-cü illərdə uğurla davam etdirilib. 2017-ci ildə Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş kikboksinq turniri də bu qəbildən olan tədbirlər sırasındadır. Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Həsənovun ömür yoluna və idman karyerasına həsr olunmuş “Bir cüdo əfsanəsi” kitabının yazılması və 500 nüsxə tirajla çap edilməsi, kitabın təqdimat mərasiminin təşkil olunması da xeyriyyəçilik tədbirlər sırasında yer alır.

Bundan başqa, Azərbaycanın ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə həlak olmuş 3 şəhidin övladlarına 18 yaşına çatanadək aylıq təqaüdün təyin edilməsi, mərhum millət vəkili Qənirə Paşayeva və Həvva Məmmədovanın “Xocalı soyqırımı: şahidlərin dilindən” (türkcə) kitabının çapına maliyyə yardımı göstərilməsi, “Qarabağ hekayələri” kitabının türkcə çapına, Türkiyədə təqdimatında və yayılmasına maliyyə yardımı göstərilməsi, kitabının özbək, qazax, qırğız dillərində tərcümə və nəşr edilməsinə, yayımına maliyyə yardımı göstərilməsi də “Azman Holdinq”in xeyriyyə məqsədi ilə atdığı addımlardandır.

“Azman holdinq” şirkəti, eyni zamanda, koronovirusla mübarizə aparıldığı dövrdə də öz xeyriyyə əməlləri ilə yadda qalıb. Belə ki, şirkət həmin dövrdə Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsait köçürüb və holdinqin təsisçiləri tərəfindən Fonda iri məbləğdə pul vəsaitləri ianə olunub.

“Azman Holdinq”in dəstəyi ilə “AzerNyuMedia” və “AVTO FM” tərəfindən ümumilli lider Heydər Əliyevin 100 illik yubileyinə - Azərbaycanda Heydər Əliyev İlinə həsr olunmuş "Böyük dühanın izi ilə" adlı media layihəsi icra edilir. Layihə çərçivəsində ulu öndəri yaxından tanıyan dövlət adamları, ictimai-siyasi xadimlərlə radiomüsahibələr hazırlanıb dinləyicilərə təqdim olunur.

Qeyd edək ki, İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının açılış mərasimi, dekabr ayının ortalarında, bağlanış mərasimi isə 2024-cü ilin mart ayında keçiriləcək.

Tədbir zamanı qaliblərin elan edilməsi və mükafatlandırılması mərasimi keçiriləcək, bütün iştirakçılara və laureatlara diplomlar təqdim olunacaq.

 

Oxunma sayı: 354 2023-12-06 13:24:40