O nadir insanlardandır...

5.jpg

 

“Şöhrət” ordenli Müəllimim haqqında yubiley qeydlərim

Azərbaycan cüdosunun canlı əfsanəsi Tərlan Həsənovun yubuleyidir. Məncə, bu idman növünü sevənlər onun 80 illiyi ilə Azərbaycan cüdosunun 50 illiyinin eyni vaxta düşməsini olduqca əlamətdar hesab edirlər. Tərlan Həsənov ölkəmizdə cüdo məktəbinin yaradanlar və inkişaf etdirənlər, bu idman növünü populyarlaşdıranlar sırasında özünməməxsus yer tutur. Azərbaycan cüdosunun indiki inkişaf səviyyəsinə çatdırılması onun həyatının başlıca məqsədi və idman fəaliyyətinin ayrılmaz hissəsi olub.

Tərlan müəllimin məşqçiliyi və peşəkarlıq təcrübəsi mənim kimi cüdoya qəlbən bağlı olan hər kəs üçün yaxşı bir məktəbdir. Bu gün mən öz imkanlarım daxilində bu məktəbin ənənələrini yaşatmağa çalışır, gənclərimizin ondan bəhrələnməsi, cüdoya maraq və məhəbbətin nəsillərdən-nəsillərə ötürülməsi üçün əlimdən gələni edirəm. 

Onun məşqçilik fəaliyyəti və təcrübəsi böyük bir məktəbdir. Bu məktəbin ənənələrini yaşatmaq, bir-birini əvəz edən nəsillərə çatdırmaq, ondan daim bəhrələnmək vacibdir.

Azərbaycan idman ölkəsi kimi artıq bütün dünyada tanınır. Bu, şəxsən möhtərəm Prezident, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin idmana və idmançılara göstərdiyi misilsiz diqqət və qayğının nəticəsidir. Dövlətimizin başçısı Tərlan müəllimin də xidmətlərini yüksək qiymətləndirib: o, 2019-cu ildə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına, 2022-ci ildə Azərbaycan Cüdo Federasiyasının 50 illiyi münasibəti ilə “Şöhrət” ordeninə layiq görülüb.

Şərq döyüş sənətində müəllim – müqəddəs şəxsiyyətdir, idealdır, zirvədir. Şagird öz müəllimi qarşısındakı borcunu heç vaxt ödəyə bilməz, bu borc heç bir madiyyatla ölçülmür. Şagirdlə müəllim arasında əlaqə yalnız minnətdarlıq hissinə söykənir... Yəni şagird ömrü boyu müəlliminə minnətdar olur. Bu nöqteyi-nəzərdən Tərlan Həsənov Azərbaycanda cüdo üzrə müəllimlərin müəllimidir. Ölkəmizdə cüdonun inkişafında onun müstəsna xidmətləri vardır. Məncə, bu döyüş növündə ad-san qazanmış elə azərbaycanlı idmançı yoxdur ki, onun uğurlarında Tərlan müəllimin hansısa dərəcədə  payı olmasın. Olimpiya çempionlarımızın – Nazim Hüseynovun (məşqçisi Ağayar Axundzadə), Elnur Məmmədlinin (məşqçisi Yaşar Allahverdi) məşqçilərinin məşqçisi olan Tərlan müəllimin şəxsən öz yetirmələrindən Rasim Ağamirov, İlqar Müşkiyev, Məmmədəli Mehdiyev, Hidayət Heydərov ən nüfuzlu beynəlxalq yarışlarda yüksək yerlər tutub, Azərbaycan cüdosuna böyük qələbələr bəxş ediblər. Hazırda ondan dərs alan uşaqlar və yeniyetmələr arasından da neçə-neçə istedadlı, ümidverici cüdoçunun yetişəcəyinə inanıram.

Mənim üçün isə həm müəllim, həm də bir insan kimi Tərlan Həsənovun dəyəri misilsizdir.

Onunla ilk tanışlığım yeniyetməlik dövrümə təsadüf edib. İndi də düşünürəm ki, cüdoyla məşğul olmağa onun yanında başlasaydım, çox erkən yüksək nailiyyətlər qazanardım. Təbii ki, Olimpiya ehtiyatları idman məktəbində (indiki Respublika Olimpiya İdman Liseyində) mənə cüdonun əlifbasını öyrətmiş ilk məşqçim Ruslan Abdullayevin üzərimdəki haqqını itirə bilmərəm. Həmin vaxt o çox gənc  idi,  həvəslə məşq keçirdi və bizi məktəblilər arasında yarışlara çıxarırdı. Amma bizim üçün daha nüfuzlu turnirlərdə iştirak etmək fürsəti yarananda Ruslan Əhmədoviç məktəbdən getdi... Bir müddət məşqçimiz olmadı. Biz o zaman məşq üçün Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun nəzdindəki “Burevestnik” idman klubuna gedirdik. Orada da sanki heç kimə lazım deyildik. Mən, əsasən, məşqlərdə öz çəki dərəcəsində yığma komandanın “bir nömrəsi” olan Rasim Ağamirovun (hazırda Rusiyanın əməkdar məşqçisidir)  sparrinq-tərəfdaşı funksiyasını yerinə yetirirdim. Yəni yarış perspektivi olmayan biri sayılırdım. Lakin, heç demə, yığma komandanın məşqçisi Tərlan müəllim məni müşahidə edirmiş... Buna qədər onunla cəmi bir dəfə yeniyetmələr arasındakı turnirdə ünsiyyətim olmuşdu. Belə ki, çəki zamanı doğum haqqında şəhadətnaməmə baxıb: “Sən Zəlimxan Əsgərovun oğlusan? Atana salam de, mən onunla dostam,” – söyləmişdi. Atam ali təhsilli boks mütəxəssisi idi və idman aləmində onu yaxşı tanıyırdılar. Tərlan müəllimlə birlikdə Belarusda hərbi xidmətdə olmuşdu...

Tezliklə “Burevestnik”dəki məşqlərim yeni bir xarakter aldı. Tərlan müəllim mənimlə şəxsi məşqçi kimi işləməyə başladı. Qısa müddətdə mən ciddi bir rəqibə çevrildim, hətta növbəti respublika çempionatında Rasimi məğlub edərək, “bir nömrə” olmağı bacardım. Respublika çempionatlarında iki dəfə qızıl, iki dəfə gümüş, bir dəfə bürünc medal qazandım. Yığma komandanın tərkibində ümumittifaq və beynəlxalq miqyaslı yarışların iştirakçısı, hətta mükafatçısı oldum. Cüdoda nailiyyətlərim ilbəil artırdı. 1994-cü ildə Polşanın Qdansk şəhərində Avropa çempionatında, Almaniyada beynəlxalq turnirdə və Yaponiyada, Tokioda Kodokan turnirində iştirak edib, 1995-ci ildə Londona Avropa çempionatına, sonra isə Yaponiyaya dünya çempionatına gedəcəkdim. Tərlan müəllimin rəhbərliyi altında intensiv məşq edirdim. Hətta 1995-ci ildə Bakıda Tərlan müəllimlə birlikdə cüdo məktəbi açmaq niyyətində idik... Bu məktəbə cüdo ləvazimatı almaq üçün Türkiyə ilə əlaqə də qurmuşdum... Lakin gözləmədiyim halda bütün planlarım pozuldu. Şəxsi həyatımda qısamüddətli çətinliklər yaşadım. Yenə Tərlan müəllim hər zaman yanımda oldu. Məni ruhdan düşməyə qoymadı, ən yüksək instansiyalarda müdafiəmə qalxdı. Əsl müəllimin öz şagirdinə göstərə biləcəyi diqqəti və qayğını məndən əsirgəmədi...  Çətinliklər arxada qaldı və biz yenidən məşqlərimizi davam etdirdik... Hətta 1997-ci ildə Avropa çempionatına yollandım, amma çəkimlə bağlı problem yarandığından yarışa çıxa bilmədim. Yenə də məşqlərdən çəkilmədim, formaya düşəndə isə artıq veteran yaşına çatmışdım. 2006-cı ildə ilk dəfə veteran ustalar arasında dünya çempionatında iştirak etdim və qızıl medal qazandım. Sonralar dəfələrlə veteranlar arasında Avropa və dünya çempionatlarının qalibi və mükafatçısı olmuşam. Onu da deyim ki, veteranlar hərəkatı – cüdo üzrə bütün tanınmış idmançıları birləşdirir. Onlar tatamini tərk etmək istəmirlər və yarışlar da çox maraqlı keçir.

Tərlan müəllim Azərbaycan Cüdo Veteranları Assosiasiyasının fəaliyyətində önəmli yer tutur. Veteran cüdoçuların yarışlara hazırlanmasında əvəzsiz rol oynayır.  

Tərlan müəllimdə o qədər enerji, o qədər nəciblik var ki!  O, nadir şəxsiyyətlərdəndir... Mən indi də tatamidə məşq edəndə Tərlan müəllimin səsini eşidən kimi özümü yığışdırıam. Özüm atayam, babayam, amma yenə də onun qarşısında bir yeniyetmə kimi hiss edirəm özümü...

...Ötən əsrin doxsanıncı illərində Tərlan müəllimlə öz cüdo məktəbimizi yaratmaq bizə qismət olmadı. Lakin 2012-ci ildə bu arzumuz da gerçəkləşdi. Bakının mərkəzində ən müasir standartlara uyğun maddi-texniki bazası olan “Judo Club-2012” idman klubunu yaratdıq. Tərlan müəllim Azərbaycan idman mühitində nüfuz qazanmış klubumuzda yeni nəsil cüdoçuların yetişdirilməsinə öz layiqli töhfələrini verib. Onların arasında müxtəlif beynəlxalq yarışların qalibləri var.

Bakıda 2018-ci ildə cüdo üzrə dünya çempionatı keçirilərkən Yaponiya yığma komandasının yarışlara hazırlıq üçün bizim klubu seçmiş və iki həftə ərzində burada məşq etməsi Tərlan müəllim üçün də, mənim üçün də çox əlamətdar hadisə oldu. Çempionatda yüksək nəticə göstərdikdən sonra isə yaponlar bizim klubumuzda azərbaycanlı gənc cüdoçular üçün master-klass keçdilər. Cüdonun yaradıcısı sayılan ölkənin məşhur idmançıları  bu tədbir zamanı Tərlan müəllimin bütün fəndlərin adını yaponca deməsinə və mahiyyətini izah etməsinə heyran qalmışdılar. Yapon cüdo ustaları Azərbaycanda belə bir mütəxəssisin olmasını bəlkə də gözləmirdilər. Yaponca bütün cüdo terminlərini əzbər bildiyinə görə Tərlan müəllim yapon cüdoçularla sərbəst ünsiyyət qura bilmişdi... Həmin yaddaqalan hadisədən sonra onun şöhrəti Yaponiyaya da gedib çatdı. O, 2019-cu ildə bu ölkənin ən nüfuzlu mükafatlarından sayılan və şəxsən İmperatorun adından təqdim olunan “Gümüş Şüalı Gündoğar Ordeni” ilə təltif olundu. Dünyada bu mükafata 115 nəfər layiq görülüb ki, onlardan da yalnız 4-ü yapondur.

...Bizim birgə məşqlərimizdən, turnir səfərlərimizdən yüzlərlə epizod xatırlaya bilərəm, lakin əsas olanı budur ki, məndə bu gün də cüdoya olan hədsiz sevgi, fanatik bağlılıq məhz Tərlan müəllimin sayəsində yaranıb. Onun xidmətidir ki, mən və mənim kimi yüzlərlə azərbaycanlı öz həyatını cüdosuz təsəvvür edə bilmir. Biz, Tərlan müəllimin bütün yetirmələri idmanda və həyatda qazandığımız uğurlara görə məhz ona minnətdarıq, çünki Vətənə, Azərbaycan bayrağına və himninə məhəbbəti bizə o aşılayıb...

İnanıram ki, Tərlan Həsənov öz həyatı, şəxsi insani keyfiyyətləri, idmançı xarakteri, Tanrının bəxş etdiyi məşqçilik istedadı və zəngin təcrübəsi ilə biz cüdo veteranları, həmçinin gələcək cüdoçular nəsli üçün daim əvəzsiz bir nümunə olacaqdır.

 

Azər ƏSGƏROV,

Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü,

Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti,

ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi,

“Judo Club 2012” idman klubunun təsisçisi.

 

Xəbərə aid digər linklər:

Mənbə: https://azvision.az/news/312899 

Mənbə: https://525.az/news/207060-o-nadir-insanlardandir

Mənbə: http://koordinat.az/38580/o-nadir-insanlardandir-yetirmesi-

Mənbə: https://moderator.az/az/cemiyyet/572540/o-nadir-insanlardandir-yetirmesi-shret-ordenli-muelliminden-yazir/

Mənbə: https://manevr.az/index.php?newsid=111118 

Mənbə: https://musavat.com/news/o-nadir-insanlardandir_938862.html

Mənbə: https://www.olimpiyadunyasi.com/w10310.html 

Mənbə: https://www.olimpnews.az/post/22289/o-nadir-insanlardandir-2022-11-25-171800 

 

Oxunma sayı: 722 2022-11-24 20:10:02