Tanınmış mütəxəssis “Judo Club 2012”də seminar keçib

2.jpg

       Küveytin karate üzrə yığma komandasının keçmiş baş məşqçisi, hazırda bu ölkənin “Al Shabab” klubunda baş məşqçi vəzifəsində çalışan həmyerlimiz Elnur İbrahim “Judo Club 2012”nin qonağı olub. Təcrübəli mütəxəssis bir həftə ərzində burada yeniyetmə və gənc karateçilərə seminar keçib, onlara müxtəlif fəndlərin yerinə yetirilməsi barədə nəzəri və praktik tövsiyələr verib, həmçinin idmançıların suallarını cavablandırıb.
       
       “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və baş məşqçisi Namiq Pirverdiyev dəvəti qəbul edib gəldiyi üçün klubun rəhbərliyi adından Elnur İbrahimə minnətdarlıqlarını bildiriblər.

       Seminar başa çatdıqdan sonra Elnur İbrahim “Judo Club 2012”nin saytına müsahibə verib. O, məşq etmək üçün hər cür şəraitin yaradıldığı klubun yetirmələrinin gələcəkdə böyük uğurlara nail olacağına əminliyini ifadə edib: “Klubun çox böyük potensiala malik karateçiləri var. Onlar öz nəticələri ilə bunu təsdiq edirlər. Klubun yetirmələrindən Fərid Ağayev, Kənan Babayev, Fidan Dadaşova, Nuri Əliyev və Abbas Dadaşov təcrübələri və yüksək hazırlıq səviyyələri ilə məni təəccübləndirdilər. Yeniyetmə karateçilər də məşq zamanı özlərini yaxşı tərəfdən göstərməyə çalışırdılar. Sevindirici haldır ki, Azərbaycanda güclü karateçilər yetişir. Klubda məşq etmək üçün çox gözəl şərait var. Yaponiyanın cüdo üzrə milli komandası dünya çempionatına hazırlıq mərhələsini “Judo Club 2012”nin məşq zalında keçibsə, bu, klubun böyük uğurundan xəbər verir. Düşünərəm ki, gələcəkdə Küveytin cüdo üzrə milli komandası da klubun yetirmələri ilə birgə hazırlıq prosesində iştirak edə bilərlər. Sonda fürsətdən istifadə edib, dəvətə görə “Cudo Klub 2012” İctimai Birliyinin sədri Azər Əsgərova və klubun direktoru Hafis Hacıyevə minnətdarlığımı bildirirəm”.

       Məlumat üçün qeyd edək ki, Elnur İbrahim 2002-2007-ci illərdə Azərbaycanın karate üzrə yeniyetmə və gənclərdən ibarət yığma komandasının baş məşqçisi vəzifəsində çalışıb.
O, 2007-2008-ci illərdə Türkiyənin Antalya şəhərində “Kamikadze” klubunun, 2009-2014-cü illərdə isə Küveytin karate üzrə milli komandasının baş məşqçisi olub. 
       Elnur İbrahimin azərbaycanlı yetirmələri Avropa və dünya çempionatlarının qalib və mükafatçısı olublar. Küveytdə çalışdığı müddətdə isə o, Asiya çempionu, Asiya Oyunlarının qalibi, Körfəz çempionatının və digər turnirlərin qalib və mükafatçısı adını qazanmış idmançılar yetişdirib.

 

 

Oxunma sayı: 1379 2019-07-15 23:16:17