V "Raquf Orucov Kuboku" turniri uğurla yekunlaşdı

41.jpg

 

"Judo Club 2012" klubu turnirin qalibi adını qazanıb 

     Aprelin 30-da Bakı İdmana Sarayında  Qarabağda böyük zəfərimizin başlanğıcı olan aprel döyüşlərinin qəhrəmanlarından biri əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərimizin xatirəsinə həsr edilən 20 yaşadək cüdoçular arasında (U-20) ənənəvi V "Raquf Orucov Kuboku" klublararası beynəlxalq cüdo turniri keçirilib. 

“Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə keçirilən turnirin açılış mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları və tanınmış idmançılar iştirak ediblər. 

Mərasimdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
Böyük zəfərə və əfsanəvi kəşfiyyatçı Raquf Orucovun döyüş yoluna, həmçinin turnirin tarixinə həsr olunmuş videoçarxlar nümayiş olunduqdan sonra rəsmi qonaqlar çıxış üçün səhnəyə dəvət edilib. 
Açılış mərasimində çıxış edən Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə turnir iştirakçılarını salamlayaraq ölkəmizin ərazi bütövlüyünün bərpasında idmançıların da rolunun olduğunu, turnirin isə təkcə idman hadisəsi kimi deyil, həm də mənəvi əhəmiyyət daşıyan bir tədbir kimi mühüm əhəmiyyət daşıdığını bildirib.
Mərasimdə çıxış edən Milli Məclisin sədr müavini Adil Əliyev isə yarışın əhəmiyyətindən danışıb. 
"Raquf Orucov Kuboku" turnirinin 2017-ci ildən "Azman Holdinq"in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı ilə keçirildiyini deyən Adil Əliyev yarışın təşəbbüskarı Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan Azər Əsgərova minnətdarlığını bildirib.
O, çıxışında haqq savaşımızda qəhrəmanlıq göstərərək şəhid olan Vətən oğullarının döyüş yolunun gənc nəsil üçün nümunə olduğunu, dövlətimizin başçısı cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həmişə şəhidlərin xatirəsinin əziz tutulduğunu, eləcə də şəhid ailələrinin bütün problemlərinin həlli istiqamətində dəyərli işlər görüldüyünü qeyd edib. Yüksək amal uğrunda canını fəda edən şəhidlərin xatirəsinə hər zaman diqqətlə yanaşmağın hamımızın mənəvi borcu olduğunu deyən Adil Əliyev belə yarışların gənclərdə vətənpərvərlik hissi və döyüş ruhunun aşılanmasında əhəmiyyətini yüksək qiymətləndirib.

Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov isə çıxışında turnir iştirakçılarını nazirliyin adından salamlayaraq hər zaman belə yarışlara dəstək olduqlarını qeyd edib.

Cüdo üzrə dünya və Avropa çempionatının qalibi və mükafatçısı, 2024-cu ilin idman səfiri Orxan Səfərov turnirin Raquf Orucovun və digər şəhidlərimizin ruhunu yaşatmaq üçün çox əhəmiyyətli olduğunu bildirib.
Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin əməkdaşı, Vətən Muharibəsi Qəhrəmanı Qəzənfər Ağayev çıxışında bildirib ki, Aprel döyüşləri böyük zəfərin başlanğıcı kimi tariximizə qızıl hərflərlə yazılıb, ən müasir silah və texnika ilə tam təmin olunmuş Azərbaycan Ordusunun, peşəkar, vətənpərvər, qəhrəman əsgərlərimizin gücünü nümayiş etdirib.
Əfsanəvi kəşfiyyatçı Raquf Orucovun xanımı Sevinc Orucova ənənəvi turnirin “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun təşəbbüsü ilə 2017-ci ildən keçirildiyini diqqətə çatdıraraq təşkilatçılara minnətdarlığını bildirib. Xalqımızın qəhrəmanlıq salnaməsi olan Aprel döyüşlərinin hər kəs tərəfindən iftixarla xatırlandığını deyən Sevinc xanım şəhidlərin müqəddəs əməllərini layiqincə qiymətləndirmək və bunu gələcək nəsillərə çatdırmaq üçün belə yarışların mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Rəsmi çıxışlardan və bədii hissədən sonra Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov turniri açıq elan edib.
Qeyd edək ki, Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Türkmənistan, Macarıstan və Fərdi Neytral İdmançıların (Rusiya) təmsil olunduğu yarışda ümumilikdə 13 komanda mübarizə aparıb. 
Həlledici görüşdə "Edelveys"(Dağıstan) klubunu məğlub edən "Judo Club 2012" komandası turnirin qalibi adını qazanaraq kuboka sahib çıxıb. "Edelveys" komandası gümüş, "Atilla" İdman Klubu və Macarıstan komandası isə yarışları bürünc medalla başa vurub. 
Qaliblər diplom, medal və pul mükafatları ilə təltif olunublar. 
Xatırladaq ki, ilk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018, 2019 və 2023-cü illərdə uğurla təşkil olunub. Şəhidlərimizin xatirəsinə hörmət və ehtiram əlaməti olaraq keçirilən ənənəvi turnirin məqsədi vətənpərvərlik hissinin və döyüş ruhunun gənclərə aşılanması, onların Vətənin müdafiəsinə hazırlıq səviyyəsinin artırılması, idmançılar arasında dostluq və yoldaşlıq münasibətlərinin möhkəmləndirilməsidir

Oxunma sayı: 316 2024-04-30 20:21:49