Hüseyn Məmmədov: “Azərbaycanın idman tarixinə düşmək mənim üçün çox qürurvericidir” - MÜSAHİBƏ

5.jpg

       Ötən ay paytaxtımız daha bir beynəlxalq idman bayramına, XV Avropa Gənclər Olimpiya Festivalına uğurla ev sahibliyi etdi. "Zirvələrə hazırıq” devizi altında keçirilən mötəbər idman tədbirində 122 idmançı ilə mübarizə aparan Azərbaycan komandası 10 qızıl, 7 gümüş və 6 bürünc medal qazanaraq, 48 ölkə arasında 4-cü yeri tutdu. Bakı-2019-da qazanılan medallardan 6-sı cüdoçularımızın payına düşdü. Heydər Əliyev adına İdman Arenasında keçirilən festivalın cüdo yarışlarında 12 (8 oğlan, 4 qız) idmançı ilə təmsil olunan komandamız 2 qızıl, 1 gümüş və 3 bürünc medala sahib çıxdı. Yığmamız bu nəticə ilə komanda hesabında üçüncü yeri yeri tutdu. Oğlanların komanda hesabında isə cüdoçularımız birinci pillədə qərarlaşdılar. Festivalda qızıl medal qazanan cüdoçulardan biri də +90 kq çəki dərəcəsində mübarizə aparan Hüseyn Məmmədovdur. "Judo Club 2012”nin üzvü olan Hüseyn son illərdə ən ağır çəkidə medal qazanan yeniyetmə cüdoçu kimi adını Azərbaycanın idman tarixinə qızıl hərflərlə yazdırdı.
       Gəlin, ağır çəkili cüdoçumuzu daha yaxından tanıyaq. 2002-ci il martın 15-də Bakı şəhərində anadan olan Hüseyn 8 yaşından cüdo idman növü ilə məşğul olmağa başlayıb. Respublika çempionatının ikiqat qalibi olan H.Məmmədov 2014-cü ildə Sankt-Peterburqda keçirilən beynəlxalq turnirin qalibi olub. İstedadlı cüdoçumuz ötən il Mərakeşdə təşkil olunan Afrika Kubokunda gümüş medal qazanıb. Bu ili də ağır çəkili pəhləvanımız üçün uğurlu hesab etmək olar. Belə ki, ilin əvvəlində, İspaniyanın Fuengirola şəhərində təşkil olunan Avropa Kubokunda 3-cü olan Hüseyn iyun ayında Polşada keçirilən Avropa birinciliyində bürünc medala sahib çıxıb.
       Bu yaxınlarda Hüseyn Məmmədovla görüşüb, onun idmana gəlişi, Bakı-2019-da keçdiyi zəfər yolu, sevinc hissləri və gələcək planları barədə danışdıq.
       Həmin müsahibəni sizə təqdim edirik. 

 

 

- Hüseyn, istərdik ki, söhbətimizə idmana gəlişin barədə başlayaq. Nəyə görə məhz cüdo idman növünü seçdin?

- İdmanla 8 yaşımdan məşğul oluram. Cüdonu seçməyimin əsas səbəbkarı qonşumuz, cüdo üzrə yığma komandamızın üzvü Hidayət Heydərov olub. O, bir gün atama məni cüdo bölməsinə yazdırmağı məsləhət gördü. Həmin vaxtı Hidayət yeniyetmələr arasında Avropa çempionu adını qazanmışdı. Məhəllədə hər kəs Hidayətin uğurlarını görür, onun qələbələrindən danışırdı. O, bir növ, məhəlləmizdəki uşaqlara nümunə idi. Onu da qeyd edim ki, Hidayət Heydərov məndən beş yaş böyükdür. Beləcə, atam məni "Kanokan TT” cüdo idman klubuna yazdırdı. Burada Azərbaycanın Əməkdar məşqçisi Tərlan Həsənovun rəhbərliyi altında cüdonun sirlərinə yiyələnməyə başladım. Düzünü desəm, əvvəllər idmana heç həvəsim yox idi. Məşqlərə də həvəssiz yanaşırdım. Özümü isə ümumiyyətlə gələcəkdə cüdoçu kimi təsəvvür etmirdim.


- Bəs bu idman növünə qarşı səndə sevgi necə yarandı?

- Tez-tez arenalara cüdo yarışlarını izləməyə gedirdim. Çalışırdım ki, özümdən böyük idmançıların keçirdiyi görüşləri diqqətlə izləyim, onların icra etdikləri fəndləri mənimsəyim. Beləcə, yarışları izləyərək cüdoya olan həvəsim artdı. Cüdonu sevməyimdə digər bir amil isə şəxsi məşqçim Tərlan Həsənovla bağlıdır. Məhz onun səbri, qətiyyəti, peşəkarlığı və əsl müəllimlik bacarığı məndə cüdoya böyük sevgi yaratdı. 2011-ci ildən məşqlərimi Tərlan müəllimin rəhbərliyi altında "Judo Club 2012”də davam etdirməyə başladım. Artıq məşqlərə əvvəlki kimi, həvəssiz yanaşmırdım. Çalışırdım ki, hər bir hazırlıqda məşqçimin verdiyi tapşırıqları düzgün şəkildə yerinə yetirim. Sonralar iştirak etdiyim hər bir yarışda medal qazanmağa başladım. Bu qələbələr məndə özüməinam hissini bir qədər də artırdı. Düşünürdüm ki, məşqlərə daha çox can yandırsam, gələcəkdə böyük yarışlarda da nailiyyətlər qazana bilərəm. Əvvəlcə, Bakı, sonra isə respublika çempionu oldum. Bundan sonra nailiyyətlər bir-birinin ardınca gəlməyə başladı. Bu il İspaniyada təşkil olunan Avropa Kubokunda bürünc medal qazandım. İyun ayında isə Polşada keçirilən yeniyetmələr arasında Avropa birinciliyində üçüncü yeri tutdum.

 

- Hər bir yeniyetmə və gəncin gələcəklə bağlı arzuları olur. Bəs, idmana həvəssiz başlayan Hüseyn özünü gələcəkdə hansı peşənin sahibi kimi görmək istəyirdi?

- Əvvəllər dərs oxumağa daha çox həvəsim var idi. Düzdür, əlaçı olmasam da, dərslərimi yaxşı oxuyurdum. Qiymətlərim də yaxşı idi. Əvvəllər "Neftçilər” metrosu ərazisində yerləşən 214 saylı orta məktəbdə təhsil alırdım. Hazırda isə təhsilimi 277 saylı idman məktəbində davam etdirirəm. Fənnlər arasında əsasən, Azərbaycan dili fənnini sevirdim. Elə özümü də gələcəkdə məhz müəllim kimi görürdüm. Lakin görünür, qismətim cüdoçu olmaq imiş.


- Avropa Gənclər Olimpiya Festivalında komandamıza qızıl medal qazandırdın. Çempionluğa gedən yolu necə xatırlayırsan?

- Düzünü desəm, çempion olacağımı gözləmirdim. Bu yarışdan bir ay əvvəl Polşada keçirilən Avropa birinciliyində bürünc medal qazanmışdım. Bu səbəbdən də festivalda bürünc medal qazanacağımı düşünürdüm. Rəqiblərim demək olar ki, qitə çempionatında qarşılaşdığım cüdoçular idilər. İlk görüşdə ehtiyat etdiyim rəqiblərdən almaniyalı Daniel Udsilauri ilə qarşılaşdım. Gərgin keçən mübarizədən sonra rəqibimə qalib gəldim. Ümumiyyətlə Bakı-2019-da keçirdiyim görüşlər arasında ən çətini birinci və final görüşüm oldu. Ən çox həyəcanı da elə birinci görüşdə keçirmişdim. Çünki bütün idmançılar kimi, mən də ilk görüşdə məğlub olmaqdan çəkinirdim. İstəmirdim ki, uduzaraq, işimi çətinə salım. Qələbəmdə azarkeşlərin dəstəyi də çox böyük rol oynadı. Fürsətdən istifadə edib, arenada məni dəstəkləyən hər kəsə təşəkkürümü bildirirəm. Onların etimadını doğrultduğum üçün çox sevinirəm.


- Finala çıxmaqla ən azı gümüş medalı özün üçün təmin etmişdin. Bu, səndə arxayınlıq yaratmadı?

- Xeyr. Finala çıxandan sonra ikinci yerlə razılaşmırdım. Mən həmişə gümüş medaldansa, bürünc medalı daha üstün tuturam. Finala çıxdınsa, gərək çempion olasan. Qızıl medalın bir addımlığında məğlub olmaq idmançıya daha pis təsir edir. Özü də doğma azarkeşlərin gözü qarşısında. Azarkeşlər arenada mənə möhtəşəm dəstək verirdilər. Həmin azarkeşlərin önündə finalda uduzmağı özümə sığışdırmırdım. Təsəvvür belə etmək istəmirdim ki, bu qədər azarkeş dəstəyinin içində rusiyalı idmançı çempion olsun. Rəqibim həlledici görüşə özündən razı şəkildə çıxmışdı. Mənə qalib gələcəyini düşünürdü. Lakin istəyinin gerçəkləşməsinə icazə vermədim.


- Sevinc hisslərini ilk olaraq kimlərlə bölüşdün?

- Məşqçilərim və atamla. Atam arenadan görüşümü izləyirdi. Təbii ki, mən də məğlub olaraq onu məyus etmək istəmirdim. Avropa Gənclər Olimpiya Festivalında qazandığım qələbəni atama həsr edirəm. Ən çox atam üçün çalışıram. O, bütün günü keçirdiyim görüşlərin videolarını izləyir, mənə məsləhətlərini verir. Mənə çox inanır. Atamın mənimlə fəxr etməsi və dəstək olması mənim üçün qazandığım bütün qələbələrdən üstündür. Növbəti yarışlarda da çalışacağam ki, qələbə qazanaraq, atamın etimadını doğruldum.

 

- Bakı-2019-da qazandığın qızıl medal sənin üçün nəyi ifadə edir?

- Bu medalın dəyəri mənim üçün çox böyükdür. Demək olar ki, Avropa birinciliyindəki rəqiblərlə qarşılaşdım. Bu qələbə özüməinam hissini daha da artırdı. Necə deyərlər, qələbə gələcək yarışlar üçün bir təkan oldu. Bu medal mənim üzərimə həm də böyük məsuliyyət qoyur. Növbəti yarışlarda potensialımdan zəif çıxış etməli deyiləm. Məşqçilərim məndən yeni qələbələr gözləyirlər. Çalışacağam ki, gələcəkdə fiziki hazırlığımı artıraraq, nəticələrimi daha da yaxşılaşdırım.

 

- Avropa Gənclər Olimpiya Festivalından sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə pul mükafatı ilə təltif olundun. Bu, sənin ilk qonararın idi.

- Bəli. Bu Sərəncama görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə minnətdarlığımı bildirirəm. Bu, mənim qazandığım ilk böyük qonarar idi. Bunun üçün də həmin məbləği atama verdim. Fürsətdən istifadə edib mənə yaratdıqları şəraitə və göstərdikləri dəstəyə görə Azərbaycan Cüdo Federasiyasına və təmsil olunduğum "Judo Club 2012”nin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

 

- Avropa Gənclər Olimpiya Festivalının bağlanış mərasimində komandamızın bayraqdarı oldun. Bu necə hiss idi?

- Bu yarış mənim üçün unudulmaz anlarla yadda qaldı. Həm çempion, həm də bağlanış mərasimində komandamızın bayraqdarı oldum. Bayraqdar olmaq qürurverici hissdir. Azərbaycanın bayrağını dalğalandırdığım üçün çox sevinirəm. Çalışacağam ki, həmişə bayrağımızı uca tutum, himnimizi səsləndirim. İdmançı üçün bundan gözəl hiss ola bilməz.

 

- Avropa birinciliyindən bir ay sonra Bakıda çempion oldun. Dediyin kimi, rəqiblər də həmin idmançılar idilər. Necə düşünürsən, Bakıdakı yarışda çempion olmağında doğma azarkeş amili böyük rol oynadı, yoxsa hazırlıq səviyən daha yaxşı idi?

- Əslində Avropa birinciliyində də çempion ola bilərdim. Lakin yarımfinalda gürcüstanlı Giqa Tatiaşvili ilə görüşdə çox səhv etdim. Bu səhvlər mənə baha başa gəldi. Sualınıza cavab olaraq hər iki versiya ilə razılaşıram. Yarışa çox güclü hazırlaşmışdım. Havaların isti olmasına baxmayaraq, hər gün məşqlərdə bacardığım qədər fiziki, texniki və taktiki hazırlıq səviyyəmi yaxşılaşdırmağa çalışırdım. Azarkeş dəstəyi də, həqiqətən, möhtəşəm idi. Bundan əlavə çalışdım ki, bir ay əvvəl Polşada etdiyim səhvləri bu yarışda təkrarlamayım.


- Çıxış etdiyin ən ağır çəkidə hər zaman perspektivli idmançılarımız az olub. Demək olar ki, bu problem böyüklərdən ibarət yığma komandamızda da özünü göstərir. Sənin timasalında isə Azərbaycan cüdosu yeni bir ağır çəkili pəhləvan qazanmış oldu.

- Polşada keçirilən Avropa birinciliyində qazandığım bürünc medal mənim üçün əlamətdar oldu. Bildiyimə görə, yeniyetmələrin Avropa birinciliyində Azərbaycan komandasının aktivində son 15 il ərzində ən ağır çəkidə medal olmurdu. Uzun müddətdən sonra ağır çəkidə bürünc medalı ölkəmizə məhz mən qazandırdım. Ağır çəkili idmançı kimi Azərbaycanın idman tarixinə düşmək mənim üçün çox qürurvericidir. Çalışacağam ki, gənclər və böyüklər arasında yarışlarda da uğurlarımı davam etdirim və ölkəmizə medallarla qayıdım.

 

- Ağır çəkidə güləşməyin sənin üçün çətinlikləri varmı?

- Hazırda 125 kq çəkim var. Bunun üçün də yarışlarda +90 kq-da, yəni ən ağır çəkidə mübarizə aparıram. Bildiyiniz kimi, ağır çəkili idmançılarda nəfəs almaq ən vacib amillərdən biridir. Çünki belə idmançılar həmişə tez yorulurlar. Bunun üçün çalışıram ki, çox qaçım, çox hərəkət edim. Hazırda nəfəs almaqla bağlı heç bir problemim yoxdur. Elə ağır çəkili idmançılar var ki, qızıl xal uğrunda görüşdə mübarizə aparmağa gücləri çatmır. Məndə isə belə bir problem yoxdur. Hətta Bakı-2019-un finalında qarşılaşdığım Ahmed Maqomedovla görüşün taleyini məhz qızıl xal uğrunda görüşdə həll etdim. Bundan başqa, ağır çəkili idmançıların ayaqları həmişə zəif olur. Əgər gücün varsa, rəqibini yıxmaq sənin üçün asan olacaq. Rəqiblərim arasında elələri var ki, 150-160 kq çəkiyə malikdirlər. Əgər çəkimi azaltsam, onlara gücüm çatmayacaq. Hazırda bu çəki mənim üçün idealdır. Bunun üçün də çalışıram ki, hazırkı çəkimi qoruyub, saxlayım. Gənclər və böyüklər arasında mübarizə aparsam, çalışacağam ki, çəkimi 5-10 kq daha artırım.

 

- Hazırda sənin çəkində əsas rəqiblər kimlərdir?

- Güclü rəqiblər çoxdur. Rəqiblərim arasında rusiyalı Nodar Onoprienko, Ahmed Maqomedov, gürcüstanlı Giqa Tatiaşvili və almaniyalı Daniel Udsilaurinin adlarını çəkmək olar. Bu cüdoçularla beynəlxalq arenalarda dəfələrlə üz-üzə gəlmişəm. Yetərincə güclü idmançılardırlar.

 

- İdmanda əsas kumirin kimdir?

- Fransalı cüdoçu Teddi Riner. O, cüdo üzrə dünya çempionatları tarixində ən titullu idmançıdır. İkiqat Olimpiya, beşqat Avropa, onqat dünya çempionudur. İştirak etdiyi yarışların böyük qismində qalib gəlib. O, yalnız iki dəfə, Pekin-2008 Yay Olimpiya Oyunlarının yarımfinalında və 2010-cu ildə Tokioda keçirilən dünya çempionatının finalında məğlub olub. Azərbaycanda isə kumirim yaxın dostum Hidayət Heydərovdur.

 

- Gələn ay Qazaxıstanın Almatı şəhərində yeniyetmələr arasında  dünya çempionatı keçiriləcək. Bu mötəbər yarışa hazırlıqlar necə gedir?

- Bu mənim ilk dünya çempionatım olacaq. Yarışda daha güclü rəqiblər olacaq. Tək qitənin deyil, dünyanın ən güclüləri Almatıda çempionluq uğrunda mübarizə aparacaqlar. Əsas məqsədim dünya çempionatının qalibi olmaqdır. Düzdür, bu çətin görünür. Lakin çalışacağam ki, məqsədimə nail olmaq üçün daha çox məşq edim.

 

 

Oxunma sayı: 1401 2019-08-20 17:41:28