Bu il Azərbaycan cüdosu özünün 50 illik yubileyini qeyd edir. Belə əlamətdar bir vaxtda cüdo üzrə tanınmış məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Tərlan Əliheydər oğlu Həsənovun da 80 yaşı tamam olur.
Noyabrın 27-də Bakının populyar istirahət məkanlarından olan Mangal Steak House restoranında hər iki əlamətdar hadisəyə həsr edilmiş tədbir keçirilib. Tədbirdə dövlət orqanlarının, Milli Olimpiya Komitəsinin, Yaponiyanın Azərbaycandakı səfirliyinin, Azərbaycan Cüdo Federasiyasının nümayəndələri, Olimpiya, dünya, Avropa çempionları, yubilyarın yetirmələri, tanınmış idmançılar iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı canını qurban verən şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad olunub. Sonra həyat və fəaliyyəti Azərbaycan cüdosu ilə sıx bağlı olan Tərlan Həsənov haqqında qısametrajlı film nümayiş etdirilib.
İlk söz yubilyara verilib. O, tədbir iştirakçılarına təşəkkürünü bildirərək deyib: “Sizi burada gördüm, qəlbim fərəhləndi. Ətrafında onu sevənlərin, ona dəyər verənlərin olması insan üçün böyük xoşbəxtlikdir. Biz bir ailəyik, mehriban cüdo ailəsi. Düzdür, vaxtilə bir-birimizlə tatamidə rəqabət aparmışıq. Amma biz müəllimlər öz yetirmələrimizə öyrətmişik ki, rəqabət yalnız tatamidə olmalıdır. Tatamidən sonra isə yenidən əl verib, qucaqlaşmışıq. Bu gün də bir yerdəyik”. Azərbaycana cüdo üzrə üçüncü olimpiya çempionu verməyin özünün ən böyük arzusu olduğunu bildirən Tərlan müəllim deyib: “Fərqi yoxdur, həmin idmançı şəxsən mənim yetirməm olacaq, ya da mənim tələbəmin, əsas odur ki, bu işdə mənim də payım olsun”.
Əməkdar məşqçinin yetirmələrindən olan Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının prezidenti, Azərbaycanın Milli Qəhrəmanı Mədət Quliyev çıxışında yubilyarın məşqçi və müəllim kimi yüksək keyfiyyətlərindən bəhs edərək deyib: “Ulu öndər Heydər Əliyev müəllimliyi ən şərəfli sənət adlandırıb. Tərlan müəllim öz tələbələrinə təkcə cüdonun sirlərini öyrətməyib, həm də onların bir insan, bir vətəndaş kimi formalaşmasında mühüm rol oynayıb. Tələbələrinin yolunda canını qoyub, öz tikəsini bizimlə bölüşüb. O, müəllimliyi belə görüb və bizi də belə tərbiyə edib”.
Əziz müəlliminə ən xoş arzularını və təşəkkürünü çatdıran M.Quliyev ona “Müdafiə sənayesi sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalını təqdim edib.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Ramin Əlizadə təmsil etdiyi qurumun rəhbərliyi adından yubilyarı təbrik edib, ona uzun ömür, can sağlığı və yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Tərlan Həsənovun cüdo üzrə ən uzun müddət fəaliyyət göstərən məşqçi kimi ölkəmizdə idmanın bu növünün inkişafına əvəzsiz töhfələr verdiyini diqqətə çatdıran R.Əlizadə bu xidmətlərinə görə və 80 illik yubileyi münasibəti ilə Tərlan Həsənova Gənclər və İdman Nazirliyinin diplomunu təqdim edib.
Azərbaycan Cüdo Federasiyası prezidentinin müşaviri Natiq Bağırov isə Azərbaycanda cüdonun təşəkkül tapmasında və inkişafında qocaman mütəxəssisin böyük rolu olduğunu bildirərək deyib: “Bu gün biz qürur hissi keçiririk ki, Azərbaycanda uzun illər ərzində öz bacarığını bütün dünyaya göstərən Tərlan Həsənov kimi bir müəllimimiz var. Bu, hər kəsə nəsib olmur. Azərbaycan Cüdo Federasiyası və cüdoçular adından Tərlan müəllimi 80 illik yubiley münasibəti ilə təbrik edirəm. Tərlan müəllimə bundan sonra da gümrah qalmağı, yeni-yeni cüdoçular yetişdirməyi arzulayıram. Çox istərdim ki, Tərlan müəllimin tələbələri üçüncü Olimpiya qızılını qazansınlar. Bu həm də Tərlan müəllimin arzusudur”.
Natiq Bağırov çıxışından sonra Tərlan Həsənova federasiya adından onun neftlə çəkilmiş portretini, Azərbaycan Cüdo Federasiyasının 50 illik yubileyi üçün məhdud sayda və nəfis tərtibatda hazırlanmış yubiley medalının ilk nümunəsini, həmçinin poçt-markalarını təqdim edib.
Daha sonra Milli Məclis sədrinin müavini, Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti Adil Əliyev yubilyarı təbrik edib, onun Azərbaycan idmanının fəaliyyətindəki xidmətlərini yüksək qiymətləndirib. “Bu gün hər birimiz sevinirik ki, Azərbaycanın belə bir dəyərli idman mütəxəssisi var. Tərlan müəllim hər birimizin kumiridir. Biz hamımız Tərlan müəllimin zalında onun məşqçiliyi altında cüdonun sirlərinə yiyələnmişik. Onun hər birimizin üzərində böyük zəhməti var. Bu zəhməti heç vaxt danmaq olmaz. O, bizim üçün bir örnəkdir, nümunədir, dəyərdir. Həm insan, həm də məşqçi-müəllim kimi əvəzolunmaz simadır. Tərlan müəllim böyük bir məktəb yaradıb və bu gün də onun tələbələri bu məktəbin uğurlarını layiqincə davam etdirirlər”, - deyə Adil Əliyev qeyd edib.
Tədbirdə iştirak edən Tərlan Həsənovun tələbələri, onun yaxın dostları və idman ictimaiyyətinin nümayəndələri təcrübəli mütəxəssislə bağlı maraqlı xatirələrini bölüşərək, təbriklərini çatdırıblar.
Tərlan Həsənovun yetirmələrindən olan, Azərbaycan Cüdo Federasiyasının (ACF) İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar və veteranlar arasında dünya və Avropa çempionatlarının qalibi Azər Əsgərov təşkil etdiyi yubiley tədbirində qonaqlara tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə musiqi proqramı da təqdim olunub.
Xatırladaq ki, Tərlan Həsənov 1942-ci il noyabrın 26-da Qazax şəhərində anadan olub. Azərbaycanın ilk cüdo məşqçilərindən və hakimlərindən olan Tərlan müəllim 1980-ci ildə ümumittifaq dərəcəli hakim, 1989-cu ildə isə əməkdar məşqçi adına layiq görülüb.
2019-cu ildə "Əməkdar Bədən Tərbiyəsi və İdman xadimi” fəxri adı, 2021-ci ildə Yaponiyanın "Gümüş Şüalı Gündoğar Ordeni, 2022-ci il oktyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət” ordeni ilə təltif edilib.
T.Həsənov məşqçi işlədiyi müddət ərzində hazırladığı idmançılar SSRİ, Avropa və dünya çempionatlarında, IV İslam Həmrəyliyi Oyunlarında və Avropa kateqoriyalı bir sıra beynəlxalq turnirlərdə yüzlərlə müxtəlif əyarlı medallar qazanıblar. Onun yetirmələri arasında iki Olimpiya çempionunun şəxsi məşqçiləri, yüzə yaxın idman ustası, Yay Olimpiya Oyunlarının iştirakçıları, üç beynəlxalq dərəcəli hakim, iki Milli Qəhrəman, bir nəfər general-polkovnik və onlarla yüksək rütbəli zabitlər var.