Ağır çəkili qızıl medalçımız - “Judo Club 2012”nin yetirməsi

10.JPG

       Bakıda uğurla başa çatan XV Avropa Gənclər Olimpiya Festivalı Azərbaycan cüdoçuları üçün də yaddaqalan olub. Heydər Əliyev adına İdman Arenasında tatami üzərinə çıxan 12 (8 oğlan, 4 qız) idmançımızdan 2-si qızıl, 1-i gümüş, 3-ü bürünc medal qazanıb. Cüdoçularımız komanda hesabında üçüncü yeri yeri tutublar. Ayrılıqda oğlanlardan ibarət komandamız birinci pillədə qərarlaşıb.

       Mötəbər yarışın qızıl medalna layiq görülənlərdən biri “Judo Club 2012”nin yetirməsi Hüseyn Məmmədovdur. Ən ağır çəkidə (+90 kq) mübarizə aparan gənc cüdoçumuz ilk görüşdə almaniyalı rəqibi Daniel Udsilauriyə, sonra isə yunanıstanlı Aris Aristotelis Leonidisə qalib gəlib. Yarımfinalda moldovalı Alin Baqrini üstələyən Hüseyn finalda rusiyalı Ahmed Maqomedovla qarşılaşıb və tatamini qalib kimi tərk edib. Avropa Gənclər Olimpiya Festivalının qızıl medalını qazanan cüdoçumuz bu möhtəşəm idman bayramının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı olub.

       Hüseyn Məmmədov deyir: “Yarışlar çox çətin keçdi. Komandamızın aktivinə qızıl medal yazdırdığım üçün çox sevinirəm. Bu qələbə karyeramda qazandığım ən böyük uğurdur. Avropa Gənclər Olimpiya Festivalının medalı mənim üçün çox dəyərlidir. Qələbəmdə əziyyəti olan məşqçilərimə, həmçinin bizə dəstək olan Azərbaycan Cüdo Federasiyasına və “Judo Club 2012” klubunun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Qarşıda bizi Qazaxıstanda təşkil olunacaq dünya çempionatı gözləyir. Həmin yarışda da böyük ruh yüksəkliyi ilə çıxış edərək mükafatçılar sırasında yer almağa çalışacağam”.

       Hüseyn Məmmədovun qələbəsinə hədsiz dərəcədə sevinənlərdən biri də onun şəxsi məşqçisi, “Judo Club 2012”nin cüdo üzrə baş məşqçisi, Azərbaycanın Əməkdar məşqçisi Tərlan Həsənovdur. Yetirməsinin Bakı-2019-da qazandığı uğuru yüksək nəticə kimi dəyərləndirən mütəxəssis Azərbaycan cüdosunun Hüseyn Məmmədovun timsalında yeni bir ağır çəkili pəhləvan qazandığını qeyd etdi: "Hüseyn 8 yaşından cüdo idman növü ilə məşğul olur. Hələ idmana yeni başlayan vaxtlarından onun çox böyük fiziki gücə malik olduğunu müşahidə etmişdim. Hüseynin, həqiqətən də, gələcək üçün böyük potensial vəd edən idmançı olacağını düşünürdüm. Yaşının az olmasına baxmayaraq, o, ən ağır çəkili idmançıların yarışında fəallığı ilə seçilirdi. Hüseyn bu yarışa qədər, respublika çempionatları ilə yanaşı, Avropa Kuboku və digər beynəlxalq turnirlərdə medallar qazanıb. Bu ili gənc idmançı üçün uğurlu adlandırmaq olar. Belə ki, o, ötən ay Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa birinciliyində üçüncü yeri tutub. Avropa Gənclər Olimpiya Festivalındakı tarixi nailiyyət isə bu istedadlı cüdoçunun daha böyük qələbələrinin müjdəçisidir. Onun hələ 17 yaşı var. İnanıram ki, Hüseyn gələcəkdə ustalıq səviyyəsini daha da artıraraq, dünya, Avropa və Olimpiya Oyunlarının mükafatçıları sırasında yer alacaq”.

Oxunma sayı: 1556 2019-07-29 21:16:04