Martın 20-22-də Almaniyanın Bremen şəhərində keçirilən cüdo üzrə beynəlxalq Masters turniri Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti Azər Əsgərovun təsisçisi olduğu "Judo Club 2012"nin üzvləri üçün uğurla yadda qalıb.
Klubun üzvləri mötəbər yarışda 3 bürünc medal qazanaraq, komandamızın uğurunda pay sahibi olublar. Yarışın ilk günündə U-18 yaş kateqoriyasında Sadiq Məmmədov (-73 kq) fəxri kürsünün üçüncü pilləsində yer alıb. Turnirin sonuncu günündə isə 21 yaşadək (U-21) gənc cüdoçuların mübarizəsində Vidad Əliyev (-100 kq) və Sübhan Axundov (+100 kq) millimizin aktivinə növbəti bürünc medalları yazdırıb.
Qeyd edək ki, Azərbaycan cüdoçuları U-18-lərin yarışını 4 qızıl, 3 gümüş 8 bürünc, U-21-lərin Masters turnirini isə 3 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurub. Hər iki komandamız turnirdə ümumi medal sıralamasında birinci yeri tutub.