Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərov növbəti dəfə mötəbər uğura imza atıb.
Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən ustalar arasında dünya çempionatında M7 yaş kateqoriyasında mübarizə aparan veteran cüdoçumuz -100 kq çəki dərəcəsində bürünc medal qazanıb.
Mübarizəyə 1/16 final mərhələsindən başlayan Azər Əsgərov ardıcıl olaraq Polşa təmsilçisi Slavomir Kaminski və Fransadan olan Uilyam Lakomb üzərində qələbə qazanaraq 1/4 finala yüksəlib. Bu mərhələdə ukraynalı Nugzar Meşablişvili ilə qarşılaşan cüdoçumuz gərgin mübarizədən sonra məğlub olub. Bununla belə, Azər Əsgərov medal uğrunda mübarizəni davam etdirib.
Bürünc medal uğrunda keçirilən gərgin qarşılaşmalarda ABŞ təmsilçisi Aleksandr Lopuşanski, kanadalı Mixael Morgenrot və Böyük Britaniya idmançısı Stiven Priss üzərində qələbə qazanan usta cüdoçumuz fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Bununla da Azər Əsgərov veteranlar arasında dünya çempionatlarında 12-ci medalını qazanıb.
Usta cüdoçunun aktivində bundan əlavə dünya cempionatlarının 4 qızıl, 2 gümüş və 5 bürünc medalı var.
Azər Əsgərov Avropa çempionatlarında isə 2 qızıl, 1 gümüş və 3 bürünc medal qazanıb. Bu il 60 yaşını qeyd edən Azər Əsgərov ümumilikdə dünya və Avropa çempionatları tarixində 18 medal əldə edib.
Qeyd edək ki yarışda "Judo Club 2012"nin digər üzvlərindən Babək Hacıyev (M5, -60 kq) qızıl, Mahir Abbasov (M1, -81 kq) isə bürünc medala layiq görülüb.
Sarayevodakı çempionatda Azərbaycan komandasına digər qızıl medalları isə Məmmədəli Mehdiyev (M1, -100 kq) və Mövlud Mirəliyev (M5, -100 kq) qazandırıb.
Əbülfət İsmayılov (M1, -60 kq), Mahir Abbasov (M1, -81 kq), Coşqun Abdullayev (M1, -90 kq), Şıxrəcəb Şıxmuradov və Əhməd Məmmədov (hər ikisi M3, -73 kq), Anar Ağayev (M4, -90 kq) və Fərhad Rəcəbli (M8, -90 kq) isə bürünc medala sahib olub.
Beləliklə, çempionatda 30 kişi cüdoçu ilə təmsil olunan komandamız fərdi yarışları 11 (3 qızıl və 8 bürünc) medalla başa vurub. Yığmamız hazırda ümumi medal sıralamasında 65 ölkə arasında 7-ci pillədə qərarlaşır.