Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü Hidayət Heydərov Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında qızıl medal qazanıb. Yarışların ikinci günündə tatami üzərinə çıxan cüdoçumuz -73 kq çəki dərəcəsində Kosovo, Braziliya və Almaniya təmsilçiləri üzərində qələbə qazanaraq finala yüksəlib.
Dünya reytinqinin ilk pilləsində qərarlaşan dördqat Avropa çempionumuz həlledici görüşdə hazırkı Asiya çempionu yaponiyalı Tatsuki İşiharaya da qalib gələrək 11 ildən sonra ölkəmizə dünya çempionatının qızıl medalını qazandırıb.
Sonuncu dəfə bu titula 2013-cü ildə Braziliyada keçirilən dünya çempionatında Elxan Məmmədov sahib çıxmışdı.
Bu qələbə həm Azərbaycan cüdosunun, həm də Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənovun qələbəsidir.
Xatırladaq ki, Azərbaycanın Əməkdar bədən tərbiyəsi və idman xadimi, “Şöhrət” ordenli Əməkdar məşqçi Tərlan Həsənov bir müddət "Judo Club 2012"nin cüdo bölməsi üzrə baş məşqçisi kimi çalışıb. Klubda çalışdığı illər ərzində bir sıra istedadlı cüdoçuların yetişməsində böyük pay sahibi olan qocaman mütəxəssisin xidmətləri "Azman Holdinq" və klub rəhbərliyi tərəfindən də qiymətləndirilib. Təsadüfi deyil ki, əfsanəvi məşqçi haqqında 2023-cü ildə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərovun təşəbbüsü və dəstəyi ilə "Bir cüdo əfsanəsi" adlı kitab işıq üzü görüb.
"Azman Holdinq"in tərkibinə daxil olan "Judo Club 2012" klubunun rəhbərliyi adından bu möhtəşəm qələbə münasibəti ilə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyini, Hidayət Heydərovu, onun şəxsi məşqçisi Tərlan Həsənovu və cüdo ailəsinin üzvlərini təbrik edirik!
Qeyd edək ki, Əbu-Dabiyə yollanan komandamızın heyətində "Judo Club 2012"nin üzvü Zelim Kotsoyev də yer alıb. O, fərdi yarışların son günündə -100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.
107 ölkədən 658 (349 kişi, 309 qadın) cüdoçunun iştirak etdiyi dünya çempionatına mayın 23-də qarışıq komanda yarışları ilə yekun vurulacaq.