Avqustun 31-də “Mangal Steak House – Zagulba” restoranında Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycan cüdosunun tarixi nəticələrinə həsr olunmuş şam yeməyi təşkil edilib.
Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı, “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov, dövlət və hökumət, Olimpiya çempionları, həmçinin cüdo ailəsinin tanınmış nümayəndələri iştirak ediblər.
Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı, Azercell və “Azman Holdinq” şirkətlərinin dəstəyi ilə qurulan məclisin açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi anılıb.
Müslüm Maqomayevin məşhur “Azərbaycan” mahnısı ilə başlayan tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin idmana qayğısını əks etdirən video çarx təqdim olunub.
Daha sonra cüdoçularımızın son Olimpiya oyunlarındakı qələbəsinin ən maraqlı məqamlarını göstərən video-çarxlar nümayiş etdirilib.
Sonra Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev ölkəmizdə cüdo idman növünün geniş populyarlıq qazanmasından və əldə olunan nailiyyətlərdən danışıb. O, Paris-2024 və digər mötəbər yarışlarda qazanılan uğurları diqqətə çatdıraraq, federasiyanın işini doğru istiqamətdə qurduğunu bildirib. Rəşad Nəbiyev həmçinin Azərbaycan Cüdo Federasiyasının gələcək planları və məqsədləri barədə də danışaraq, bu hədəflərə nail olmaq üçün bütün imkanlardan istifadə edəcəklərini qeyd edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxışında qeyd edib ki, Azərbaycan Cüdo Federasiyasının işinə ən yaxşı qiyməti ölkə başçısı cənab İlham Əliyev Paris-2024-də medal qazanan idmançıları qəbul edərkən verib. “Azərbaycan Prezidenti həmin görüşdə bildirdi ki, bu qələbənin əsasında işin düzgün qurulması, təlim-məşq toplanışlarından başlayaraq bütün məsələlərin düzgün şəkildə həll edilməsi dayanır. Milli Olimpiya Komitəsinin rəhbərliyi və kollektivi adından Azərbaycan Cüdo Federasiyasını bu uğur münasibəti ilə təbrik edirəm. Əminəm ki, gələcəkdə federasiyanın uğurları daha da artacaq və biz bu qələbələrə şahidlik edəcəyik”, - deyə Çingiz Hüseynzadə bildirib.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında federasiya rəhbərliyini Paris Olimpiadasında əldə olunan uğur münasibəti ilə təbrik edib və növbəti dörd ildə də komandadan yeni qələbələr gözlədiyini qeyd edib. Nazir son illərdə bölgələrdə yeni cüdo zallarının istifadəyə verildiyini xatırladaraq, bunu kütləviliyin artırılması istiqamətində əhəmiyyətli olduğunu bildirib.
Sonra “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərov və “Azman Holdinq”in icraçı direktoru İlham Əhmədov Azərbaycan cüdo ailəsini təbrik edərək, tədbirdə “Azman Holdinq” şirkəti olaraq iştirak etməkdən qürur duyduqlarını bildiriblər.
Daha sonra “Azman Holdinq” şirkəti tərəfindən cüdo üzrə Olimpiya çempionları - Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyevə yeni mənzillərin orderləri təqdim edilib. Tədbirdə həmçinin Hidayət Heydərovun şəxsi məşqçisi Tərlan Həsənov və Zelim Kotsoyevin şəxsi məşqçisi Elxan Məmmədov da “Azman Holdinq” şirkəti tərəfindən yeni mənzillər və digər hədiyyələrlə təltif olunublar. Mükafatları idmançılara və məşqçilərə Azər Əsgərov və İlham Əhmədov təqdim edib.
Ardınca çıxış edən Tərlan Həsənov “Azman Holdinq” şirkətinin rəhbərliyinə və “Judo Club 2012” idman klubunun təsisçisi Azər Əsgərova minnətdarlığını bildirərək gələcəkdə də yeni çempionlar yetişdirəcəyinə söz verib.
Tədbir zamanı həmçinin Hidayət Heydərov və Zelim Kotsoyevə Beynəlxalq Cüdo Federasiyası (IJF) tərəfindən göndərilən qızıl Olimpiya çempionu bel yazısı təqdim edilib.
Mərasim incəsənət nümayəndələrinin ifasında maraqlı musiqi nömrələri ilə davam edib.