Ötən il aprel döyüşlərində qəhrəmancasına həlak olmuş polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin xatirəsinə həsr olunmuş klublararası beynəlxalq cüdo turnirinin iştirakçıları aprelin 19-da Sumqayıtdakı Şəhidlər xiyabanını ziyarət ediblər.
Təşkilat Komitəsinin, ölkəmizin klub komandalarının üzvləri, Rusiya və Gürcüstandan gəlmiş idmançılar xiyabanda polkovnik-leytenant Raquf Orucovun və digər şəhidlərin məzarlarına əklillər qoyublar.
Xatırladaq ki, beynəlxalq turnir Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi və “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012”nin təşkilatçılığı ilə keçirilir. Tatami üzərinə 21 yaşadək oğlan və qızlardan ibarət komandalar çıxacaq. Oğlanlardan ibarət komandalar 60, 66, 73, 81, +81 kq, qızlar isə 57 və 63 kq çəki dərəcəsində yarışacaqlar.
Turnirə sabah Bakı İdman Sarayında start veriləcək.