“Cüdo Klub 2012”nin tərəfdaşı olduğu film festivalının qaliblərinin mükafatlandırma mərasimi keçirilib

20.jpg

 

     Milli Olimpiya Komitəsinin (MOK) təsis etdiyi, “Cüdo Klub 2012” İctimai Birliyinin tərəfdaşı olduğu II İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının qaliblərinin rəsmi mükafatlandırma mərasimi keçirilib.

Beynəlxalq Muğam Mərkəzində təşkil olunan tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Azər Əliyev, “Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, usta cüdoçular arasında dünya və Avropa çempionatlarının qalibi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Azər Əsgərov, MOK-un İcraiyyə Komitəsinin və festivalın münsiflər heyətinin üzvləri, Olimpiya çempionları, idman federasiyalarının və televiziya kanallarının rəhbərləri, tanınmış idmançılar və ictimai xadimlər iştirak ediblər.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə qonaqları salamlayaraq, festivalın əhəmiyyətindən danışıb. O, ilk dəfə Milli Olimpiya Komitəsinin 30 illik yubileyinə həsr olunan İdman Filmləri və Proqramları Milli Televiziya Festivalının 2022-ci ildə təsis olunduğunu diqqətə çatdırıb. Çingiz Hüseynzadə budəfəki festivala 54 materialın təqdim olunduğunu qeyd edərək, layihənin gələcəkdə beynəlxalq səviyyədə təşkil olunmasını arzulayıb.

Mərasimdə festivalın tərəfdaşları sırasında yer alan “Cüdo Klub 2012” İctimai Birliyi haqqında tanıtım çarxı da nümayiş olunub.

Sonra müxtəlif nominasiyalar üzrə qaliblərin mükafatlandırma mərasimi keçirilib. “Reklam və Promo çarxlar” nominasiyasının qalibi adını Azərbaycan Gimnastika Federasiyası tərəfindən təqdim olunan “Ulduz kimi parla” reklam çarxı qazanıb.

Azərbaycan Cüdo Federasiyasının (ACF) “Cüdomuzun gələcəyi” tanıtım çarxı “Gələcək qaliblər” nominasiyasında qalib olub. ACF festivalda daha bir uğuru “Zərif qəhrəman” nominasiyasında - “Qızlara ağ yaraşır” tanıtım çarxı ilə əldə edib.

“Həyat naminə - İdman” nominasiyasında “İdman TV”nin “Bilinməyən Mən Züleyxa Hacıyeva” televiziya filmi birinci yerə layiq görülüb.

“90plus” media təşkilatının ekranlaşdırdığı “Qələbə sadəcə inamdır” sənədli filmi Münsiflər Heyəti tərəfindən “Güclü iradəli” nominasiyasının qalibi olub.

Tədbirdə həmçinin  festivalın Təşkilat Komitəsinin, “Cüdo Klub 2012” İctimai Birliyinin və Milli Olimpiya Komitəsinin xüsusi mükafatları da təqdim olunub.

MOK-un təsis etdiyi ikinci "İdman Filmləri və Proqramları Milli Televiziya Festivalı”nın tərəfdaşı "Cüdo Klub 2012” İctimai Birliyi, informasiya tərəfdaşları isə AZTV, MİR, İdman TV, CBC Sport, ARB, İTV və Space televiziya kanalları, "olympic.az”, "olimpnews.az”, "Trend”, "milli.az”, "day.az”, "azernews.az”, "idmanvəbiz”, "turkicworld” portalları, "Olimpiya dünyası” qəzeti və "Sportsman” jurnalıdır.

Qeyd edək ki, “Azman Holdinq”in tərkibinə daxil olan strukturlar qurumun təsisçisi Azər Əsgərovun təşəbbüsü ilə davamlı şəkildə xeyriyyəçilik fəaliyyəti həyata keçirir. Bunların arasında həm idman, həm də mədəni tədbirlər də yer alıb.

 

Oxunma sayı: 577 2024-04-09 13:18:16