Dünya çempionatından daha iki qızıl medal sevinci

4.jpg

 

     Azərbaycanın usta cüdoçuları Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən dünya çempionatında daha 4 medal qazanıblar. Yarışların üçüncü günündə komandamızın üzvlərindən Mövlud Mirəliyev (M4, -100 kq) və Babək Hacıyev (M4, -60 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mübarizəyə 1/8 finaldan başlayan M.Mirəliyev ardıcıl olaraq Fransa, Portuqaliya və Gürcüstan idmançılarını məğlub edib. Finalda slovakiyalı Martin Slaby üzərində də qələbə qazanan idmançımız dünya çempionu tituluna sahib çıxıb.

Digər usta cüdoçumuz Babək Hacıyev isə yarışa 1/8 finalda tacikistanlı rəqibi üzərində qələbə ilə başlayıb. Növbəti mərhələdə fransalı cüdoçunu mübarizədən kənarlaşdıran idmançımız yarımfinalda Almaniya təmsilçisindən güclü olub. Həlledici görüşdə qazaxıstanlı cüdoçuya da qalib gələn Babək Hacıyev dünya çempionatının qızıl medalına yiyələnib.

Qeyd edək ki, yarışın əvvəlki günlərində Azər Əsgərov (M6, +100 kq) və Fərhad Rəcəbli qızıl, Qurban Məmmədli (M1, +100 kq) gümüş, Arif Qasımov (M8, -100 kq), Elçin Mayılov (M3, -66 kq), Zülfüqar Hüseynov (M3, -81 kq) və Nizami Məmmədov (M3, -100 kq) isə bürünc medal qazanıb.

Yarışa hazırlığını “Judo Club 2012” idman klubunda keçən yığmamız hazırda 4 qızıl, 1 gümüş və 4 bürünc medalla ümumi komanda hesabında beşinci pillədə qərarlaşıb.

Qeyd edək ki, noyabrın 3-dək davam edəcək dünya çempionatında 63 ölkəni təmsil edən 997 (872 kişi, 125 qadın) cüdoçu mübarizə aparır. Komandamız yarışlarda yığmamızın kapitanı Fərhad Rəcəblinin rəhbərliyi altında 46 (45 kişi, 1 qadın) idmançı ilə təmsil olunur.

Oxunma sayı: 586 2023-11-02 21:28:50