Dünya çempionatları tarixində yeni səhifə

18.jfif

 

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatı Azərbaycan idmanının tarixinə əlamətdar hadisə kimi düşdü. Səkkiz illik fasilədən sonra dünya cüdo elitasını yenidən paytaxtımızda bir araya gətirən çempionat milli komandamızın rekord nəticəsi və yüksək təşkilatçılıq səviyyəsi ilə yadda qaldı. 93 ölkədən 622 (335 kişi, 287 qadın) idmançının mübarizə apardığı yarışda millimiz 24 (17 kişi, 7 qadın) cüdoçu ilə təmsil olundu. Cüdoçularımızın əldə etdiyi 1 qızıl, 2 gümüş və 4 bürünc medal ölkəmizə komanda hesabında üçüncü yeri qazandırdı. Azərbaycan yığması bu nəticə ilə yalnız cüdonun vətəni sayılan Yaponiya və bu idman növündə ənənəvi uğurları ilə seçilən Gürcüstan komandalarından geri qalaraq dünya çempionatları tarixində ilk dəfə ən güclü “üçlüy”ə daxil oldu. Ümumi medal sayına görə ikinci pillədə qərarlaşmağımız da milli komandamızın indiyədək qeydə alınan ən yüksək göstəricilərindəndir.

Tarixə nəzər salsaq görərik ki, əvəlki dünya çempionatlarında Azərbaycan cüdoçuları heç vaxt dörddən çox medal qazana bilməmişdilər. Medalların sayına görə ən böyük uğurumuz 2017-ci ildə (2 gümüş, 2 bürünc), əyarına görə isə 2024-cü ildə (2 qızıl) qeydə alınmışdı. İki il əvvəl Abu-Dabidəki çempionatda komandamız ən güclülərin arasında iki qızıl medalla dördüncü pillədə qərarlaşmışdı. Xatırladaq ki, 2018-ci ildə Bakıdakı yarışda isə millimiz bir gümüş və bir bürünc medalla kifayətlənmişdi. Səkkiz il sonra Bakıda qazanılan medalların sayının yeddiyə çatması Azərbaycan cüdosundakı dinamik inkişafın, son beş ildə Azərbaycan Cüdo Federasiyası rəhbərliyinin apardığı məqsədyönlü işin mühüm göstəricisidir.  

Bakıdakı çempionatın ən parlaq uğuru, heç şübhəsiz, Əhməd Yusifovun -60 kq çəki dərəcəsində dünya çempionu adını qazanması oldu. Onun qızıl medalı Azərbaycan cüdoçularının ən yüksək titul uğrunda mübarizədə iddialı olduğunu təsdiqlədi. Azərbaycan Prezidenti İlham Əliyevin dünya çempionatının  möhtəşəm açılış mərasimində iştirakı və Əhməd Yusifovla görüşüb onu təbrik etməsi də ölkəmizdə cüdonun inkişafına dövlət qayğısının növbəti təzahürü idi.

Komandamızın ümumi nəticəsinə Zelim Tçkayevin -81 kq, Uşanqi Kokaurinin isə +100 kq çəki dərəcəsində gümüş medal qazanmaları da mühüm töhfə verdi. “Judo Club 2012”nin cüdoçusu Murad Fətiyev isə -90 kq-da ölkəmizə bürünc medal qazandırdı. Klubumuzun yetirməsi bununla da ötən il Padqoritsadakı Avropa çempionatından sonra Bakıdakı dünya çempionatının da bürünc medalını qazanmağı bacardı. Murad Fətiyevlə yanaşı, Rəşid Məmmədəliyev (-73 kq), Ömər Rəcəbli (-81 kq) və Kənan Nəsibov (+100 kq) da ölkəmizin aktivinə bürünc medallar yazdırdılar. Digər ağırçəkili idmançımız Camal Qamzatxanov üçüncü yer uğrunda görüşdə Kənan Nəsibova məğlub olaraq beşinci yerlə kifayətləndi. Beləliklə, Azərbaycan cüdoçuları yeddi mükafatın hamısını kişilərin yarışında qazandılar. Yalnız kişi cüdoçuların nəticələri nəzərə alındıqda, millimiz Yaponiya ilə eyni sayda medal əldə etdi. Ümumilikdə isə kişi cüdoçularımız bir çempionatda 7 çəkinin 5-də mükafatçılar sırasında yer aldılar. Bu fakt komandamızın ayrı-ayrı çəkilərdə rəqabət qabiliyyətini və heyətin potensialını da aydın göstərir.

Yarışın digər diqqətçəkən məqamlarından biri isə beş cüdoçumuzun böyüklər arasında dünya çempionatlarında ilk dəfə medal qazanması idi. Əhməd Yusifov, Rəşid Məmmədəliyev, Ömər Rəcəbli, Murad Fətiyev və Kənan Nəsibov üçün bu uğur karyeralarında yeni mərhələnin başlanğıcı oldu. Xüsusilə, 22 yaşlı Ömər Rəcəbli və Kənan Nəsibovun böyüklər arasında həm dünya, həm də Avropa çempionatlarında ilk mükafatlarını qazanmaları gələcəyə nikbin baxmağa əsas verir. Gənc idmançıların belə mötəbər yarışda özlərini təsdiqləməsi milli komandanın ehtiyat imkanlarının genişləndiyini göstərir.

Ömər Rəcəblinin bürünc medalı, nəticəsindən əlavə, maraqlı ailə hekayəsi ilə də yadda qaldı. O, -81 kq çəki dərəcəsində fəxri kürsüyə yüksələrək atası Elxan Rəcəblinin uğurunu təkrarladı. Elxan Rəcəbli 2001-ci ildə Münhendə keçirilən dünya çempionatında eyni çəkidə bürünc medal qazanmışdı. 25 il sonra oğlunun da dünya çempionatında eyni nəticəyə imza atması idman ənənələrinin nəsildən-nəslə ötürülməsinin rəmzinə çevrildi. Uşanqi Kokauri isə gümüş medal qazanmaqla 8 il əvvəlki nəticəsini təkrarladı. Ağırçəkili cüdoçumuz 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında da gümüş medal qazanmışdı.

Yarışlar zamanı arenada yaradılan şərait, azarkeşlərin fəallığı və Azərbaycan cüdoçularına göstərilən dəstək çempionata xüsusi ab-hava bəxş etdi. 93 ölkənin nümayəndələrini qəbul edən Bakı beynəlxalq idman tədbirlərinin təşkili sahəsində təcrübəsini bir daha nümayiş etdirdi. Yarışı izləmək üçün paytaxtımıza gələn xarici qonaqlar, xüsusilə Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti və “Judo Club 2012” İctimai Birliyinin sədri Azər Əsgərovun dəstəyi ilə Dağıstan, İnquşetiya, Alaniya, Çeçenistan, Kabarda-Balkar və Şimali Qafqazın digər bölgələrindən gələn 49 nəfərlik nümayəndə heyətinin ürəkdolusu fikirləri də bunu bir daha təsdiqlədi.

Yarışın sponsorları arasında “Azman Holdinq”in, eləcə də holdinqin tərkibinə daxil olan “Nar Şərab” və “Manqal Steak House” restoranlar şəbəkəsinin yer alması özəl sektorun idmana dəstəyinin əhəmiyyətini göstərdi.  

Bakıda keçirilən dünya çempionatının yekunları Azərbaycan cüdosunun inkişafında mühüm mərhələ oldu. Komanda hesabında üçüncü yer, yeddi medal və beş yeni dünya çempionatı medalçısı əldə olunan nəticənin əsas göstəriciləridir. Onu da qeyd edək ki, buna qədər Azərbaycanın dünya çempionatlarındakı medal kolleksiyasında 30 mükafat (3 qızıl, 6 gümüş, 21 bürünc) var idi. Bakıda qazanılan yeddi medal sayəsində bu göstərici 37-yə (4 qızıl, 8 gümüş, 25 bürünc) yüksəldi.

Dünya çempionatını ölkəmiz üçün əsl cüdo bayramına çevirən Azərbaycan Cüdo Federasiyasını bu uğur münasibəti ilə təbrik edirik. Beləliklə, 8 gün ərzində hər kəsə unudulmaz anlar bəxş edən dünya çempionatının estafeti Qazaxıstana təhvil verildi.

Oxunma sayı: 2 2026-10-11 23:15:51