Əfsanəvi ciu-citsu ustası "Judo Club 2012"də seminar keçdi

20.jpg

       Məşhur braziliyalı döyüşçü, adı UFC-nin (Ultimate Fighting Championship) Şöhrət zalına daxil edilmiş ciu-citsu ustası Roys Qreysi iyulun 19-da ölkəmizə gəlib. Heydər Əliyev Hava Limanında onu səfərin təşkilatçıları olan Azərbaycan Ciu-Citsu Federasiyasının, “Qodzilla” qrupun rəhbərləri, həmçinin paytaxtın ən müasir idman klublarından biri olan “Judo Club 2012”nin nümayəndələri və jurnalistlər qarşılayıblar.
       Beşqat UFC çempionu iyulun 20-də “Judo Club 2012”də seminar keçib. 100-dən çox idmançı və məşqçinin iştirak etdiyi seminarı döyüş növləri üzrə respublika federasiyalarının rəhbərləri, tanınmış idmançılar, ictimaiyyət və media nümayəndələri izləyiblər.
       “Judo Club 2012”nin geniş məşq zalına toplaşanlar dünya şöhrətli UFC və MMA (Mixed Martial Arts) əfsanəsini alqışlarla qarşılayıblar. Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və "Judo Club 2012"nin direktoru, Əməkdar məşqçi Hafis Hacıyev, klubun cüdo üzrə baş məşqçisi, Əməkdar məşqçi Tərlan Həsənov Roys Qreysini salamlayaraq tədbiri açıq elan ediblər.

       Sonra məşhur idmançı öz bacarıqlarını nümayiş etdirib. O, iki saat ərzində ciu-citsu döyüş sənətinin nəzəri-praktiki məsələrindən danışmaqla yanaşı, müxtəlif döyüş fəndlərinin icrasını göstərib. Seminar məşhur ciu-citsu ustasının çoxsaylı sualları cavablandırması ilə başa çatıb. O, özünün döyüş təcrübəsi barədə ətraflı məlumat verib.

       Seminar azərbaycanlı məşqçilər üçün faydalı olmaqla yanaşı, məşq zalına toplaşmış çoxsaylı yeniyetmə və gənc idmançıda unudulmaz təəssürat yaradıb.
       Tədbirin sonunda “Judo Club 2012” idman klubunun təsisçisi, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteran ustalar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, Azərbaycan Ciu-Citsu Federasiyasının prezidenti Mir-Əli Seyidov və "Judo Club 2012"nin baş məşqçisi Əməkdar məşqçi Tərlan Həsənov dünya şöhrətli idmançıya “Judo Club 2012” və Azərbaycan Ciu-Citsu Federasiyası adından qiymətli hədiyyə və xatirə vımpelləri təqdim ediblər.

       Seminarın təşkilində göstərdiyi dəstəyə görə Azər Əsgərov Azərbaycan Ciu-Citsu Federasiyasının təşəkkürnaməsinə layiq görülüb. Təşəkkürnaməni federasiyanın prezidenti Mir-Əli Seyidov təqdim edib.
       Sonda tədbir iştirakçıları birlikdə xatirə şəkli çəkdiriblər.   

       Seminardan sonra əfsanəvi idmançı judoclub2012.az saytına müsahibə verib. İlin 7 ayını səfərlərdə keçirdiyini qeyd edən braziliyalı ciu-citsu ustası Bakıya növbəti gəlişindən məmnun olduğunu bildirərək deyib: “Bu mənim Bakıya ikinci səfərimdir. Ötən il də "Qodzilla" qrupun təşkilatçılığı ilə paytaxtınızda  olmuşam. Bu günkü seminarda idmançılara müxtəlif fəndlərin və özünümüdafiənin incəliklərini əyani olaraq göstərdim. Zala çoxlu sayda yeniyetmə və gənc idmançı toplaşmışdı. Azərbaycanda bu idman növü ilə məşğul olan gəncləri görmək çox sevindiricidir. Bu, o deməkdir ki, ciu-citsu idman növü ölkənizdə sevilir və böyük populyarlıq qazanıb. Seminarda yetərincə perspektivli gənc idmançı gördüm. Onlar çalışırdılar ki, hər bir fəndi böyük həvəslə və dəqiqliklə yerinə yetirsinlər. Əminəm ki, bu idmançılar gələcəkdə öz ustalıq səviyyələrini artıraraq daha böyük nailiyyətlər qazanacaqlar. Təbii ki, belə bir yüksək şəraiti olan zalda məşq edən idmançı nailiyyət qazanmaya bilməz. Fürsətdən istifadə edib, seminarın təşkilində və uğurla keçirilməsində əməyi olan hər kəsə, xüsusilə də "Qodzilla" qrupa, Azərbaycan Ciu-Citsu Federasiyasına və seminarı keçirmək üçün bizə belə gözəl şərait yaradan "Judo Club 2012"nin rəhbərliyinə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, bu mənim Bakıya sonuncu səfərim olmayacaq və biz yenidən bir daha belə seminarlarda görüşəcəyik".

       Xatırladaq ki, ötən il “Qodzilla” qrupun təşkilatçılığı ilə paytaxtımızın qonağı olmuş məşhur idmançı  Azərbaycan Taekvondo Federasiyasının zalında  idmançılar üçün seminar keçmişdi.

       Məlumat üçün qeyd edək ki, dünya şöhrətli UFC və MMA əfsanəsi, Oktaqonun yaradıcısı, məğlubedilməz braziliyalı ciu-citsu ustası Roys Qreysi bu idman növünün dünyada tanınmasının əsas səbəbkarıdır.

Oxunma sayı: 1980 2019-07-21 09:18:20