Martın 15-də Ramazan və Novruz bayramlarına həsr olunmuş "Judo Club 2012" klubunun cüdo üzrə açıq birinciliyi keçirilib. Klubun idman zalında təşkil olunan yarışda kiçik yaşlı yeniyetmə cüdoçular qüvvələrini sınayıblar. Turnirdə "Judo Club 2012" klubunun idmançıları ilə yanaşı, paytaxtın “Golden Judo”, "Modern" İdman Məktəbi, "Əhmədli", eləcə də İmişli, Sabirabad, Saatlı, Lənkəran və Cəlilabad bölgələrini təmsil edən 150-yə yaxın oğlan və qız cüdoçu mübarizə aparıb.
Yarışın keçirilməsində əsas məqsəd kiçik yaşlı yeniyetmələrin yarış təcrübəsinin artırılması, idmana marağın gücləndirilməsi, paytaxt və region klubları arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, sağlam həyat tərzinin təbliği, həmçinin perspektivli idmançıların üzə çıxarılmasından ibarət olub.
Turnirin açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra "Judo Club 2012" klubunun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanov çıxış edərək yarışın əhəmiyyətindən danışıb. O bildirib ki, bu cür turnirlər uşaqların həm idman, həm də mənəvi inkişafında mühüm rol oynayır və onların gələcək idman yolunda motivasiyasını artırır.
Ardınca çıxış edən qonaq komandaların məşqçiləri yarış iştirakçılarına uğurlar arzulayıb, turnirin yüksək səviyyədə təşkil olunduğunu vurğulayıblar.
Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın yekununda "Judo Club 2012" klubunun idmançıları ümumi medal sıralamasında birinci yerə layiq görülüb. Lənkəran komandası ikinci, Sabirabad komandası isə üçüncü yeri tutub. Qaliblər diplom və medallarla təltif olunublar.
Turnirin sonunda iştirakçı klubların nümayəndələri maraqlı və bayram əhval ruhiyyəsində keçən yarışa görə Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, Judo Club 2012 İctimai Birliyinin sədri Azər Əsgərova, eləcə də klubun texniki direktoru Fariz Mehdiyevə minnətdarlıqlarını bildiriblər.