Gənc cüdoçularımız ənənələrə sadiqdirlər

0.jpg

 

     Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının cüdo yarışlarındakı tarixi zəfərin sevinci ilə yaşadığımız bir vaxtda gənc cüdoçularımızdan da xoş xəbərlər aldıq: Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında onlar həm fərdi yarışların, həm də qarışıq komanda yarışının nəticələrinə görə birinci yeri tutublar. Çempionatda 16 (9 oğlan, 7 qız) idmançı ilə iştirak edən yığma komandamız fərdi yarışlarda 4-ü qızıl, 2-si gümüş, 2-si bürünc olmaqla 8 medal əldə edib. Ölkəmizə qızılmedalları  Vüsal Qələndərzadə (-73 kq), Süleyman Şükürov (-81 kq), Könül Əliyeva (-48 kq) Fidan Əlizadə (-57 kq) qazandırıblar.

Komanda yarışında cüdoçularımız Bolqarıstan, Türkiyə, Hollandiya komandalarını məğlub edərək finala çıxıb, bu mərhələdə isə Fransa komandasına üstün gəlməti bacarıblar. Bu, gənc cüdoçularımızın Avropa çempionatlarında indiyədək komanda hesabında qazandıqları ən yüksək nəticədir.

Tallində dəfələrlə üçrəngili bayrağımız qaldırılıb, himnimiz səsləndirilib.

Gənc cüdoçularımızın nailiyyəti, bundan bir qədər əvvəl isə Perunun paytaxtı Limada yeniyetmə cüdoçuların dünya birincilyində qazanılan 2 qızıl və 2 bürünc medal ölkəmizdə bu idman növünün dinamik inkişaf etdiyini, Paris Olimpiadasında Azərbaycan cüdosunun triumfunun heç də təsadüfi olmadığını bir daha təsdiqləyir.

Olimpiya çempionlarımızın – Nazimin, Elnurun, Hidayətin, Zelimin ardıcılları yetişir, milli cüdo məktəbimizin şöhrəti son illərdə sürətlə artır.

Bu, əlbəttə, ölkəmizdə gənc nəslin idmanın bu mübariz növünə marağının yüksək olduğunu, Azərbaycan Cüdo Federasiyasının öz işinə düzgün, səmərəli məsuliyyətlə yanaşdığını göstərir.

Möhtərəm Prezident cənab İlham Əliyevin Paris Olimpiadasında medal qazanmış Azərbaycan idmançıları və onların məşqçiləri ilə görüşdə cüdoçularımızı təbrik edərkən dediklərini xatırlayaq: “…Federasiyada işlər, təlim-məşq prosesi düzgün qurulanda, ab-hava gözəl olanda nəticə də, əlbəttə ki, göz qabağındadır”.

Mən Azərbaycanın gənclərdən ibarət yığma komandasının üzvlərini və məşqçilərini ürəkdən təbrik edirəm, baş məşqçi, dostum Elxan Məmmədovun uğurlarına sevinirəm. Onların nailiyyəti idman qələbəsi olmaqla yanaşı, həm də milli mənəvi dəyərlərimizi zənginləşdirir.

Uğurlarınız bol olsun, əziz dostlar!

Azər ƏSGƏROV

Oxunma sayı: 86 2024-09-11 18:10:32