IV “Raquf Orucov Kuboku”: turnir təşkilatçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər

19.jpg

 

     Əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman hərbçilərimizin xatirəsinə həsr olunan ənənəvi lV "Raquf Orucov Kuboku" beynəlxalq cüdo turniri start ərəfəsindədir.

Noyabrn 15-də Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, ənənəvi turnirin təşkilatçısı olan "Azman Holdinq"in və "Judo Club 2012"nin rəhbərləri, həmçinin veteran cüdoçular Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub, gül dəstələri düzüblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra ikinci Fəxri xiyabanda Azərbaycanın Milli Qəhrəmanları general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərin məzarları ziyarət edilib.

Sumqayıt Şəhidlər xiyabanında davam etdirilən ziyarət zamanı Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin xatirəsi ehtiramla yad olunub, polkovnik-leytenant Raquf Orucovun məzarına gül dəstələri qoyulub.

Tədbir iştirakçılarına igid zabitin döyüş yolu haqqında məlumat verən keçmiş hərbçi Rövşən Məhərrəmov çıxışında həmçinin şəhidlik zirvəsinin müqəddəsliyindən danışıb. O, möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun əldə etdiyi mühüm qələbələrin əhəmiyyətindən bəhs edib. Zəfər Gününün üçüncü il dönümündə Qələbə paradının Xankəndidə keçirildiyini xatırladan Rövşən Məhərrəmov bu hadisənin xalqımızda böyük sevinc və qürur hissi doğurduğunu bildirib.

Ənənəvi turnirin artıq dördüncü dəfə təşkil olunduğunu diqqətə çatdıran şəhidin zabitin qardaşı Zabil Orucov isə təşkilatçılara minnətdarlıq edib. O, torpaqlarımızın azadlığı və dövlətimizin suverenliyi uğrunda döyüşmüş qəhrəmanların gələcək nəslə tanıdılmasında bu cür yarışların müstəsna rol oynadığını vurğulayıb. Qardaşının 26 il Vətənin keşiyində qüsursuz xidmət etdiyini deyən Zabil Orucov onun şəhid olduğu günədək bir çox mükafatlara, ölümündən sonra isə “İgidliyə görə” medalına layiq görüldüyünü qeyd edib.

Ziyarət şəhidlərin ruhuna müqəddəs Qurandan ayə oxunması ilə başa çatıb.

Qeyd edək ki, “Azman Holdinq”in tərkibinə daxil olan “Judo Club 2012” idman klubunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirə sabah saat 10:00-da Bakı İdman Sarayında start veriləcək. Azərbaycan idmançıları ilə yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Tacikistan, Dağıstan (Rusiya) və Çexiyanı təmsil edən 200-ə yaxın cüdoçunun iştirak edəcəyi yarışın açılış mərasimi saat 15:00-da başlayacaq.

Mərasimində dövlət və hökumət nümayəndələri, parlament üzvləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər. Açılış mərasimindən sonra 20 yaşadək gənclər (U-20) fərdi turnirdə ilk yarış gününün qaliblərini müəyyən etmək üçün final görüşlərinə çıxacaqlar.

Xatırladaq ki, ənənəvi turnir 4 illik fasilədən sonra yenidən bərpa edilir. İlk dəfə 2017-ci ildə keçirilən turnir ardıcıl olaraq, 2018 və 2019-cu illərdə də uğurla təşkil olunub.

Oxunma sayı: 1007 2023-11-15 18:04:52