Oktyabrın 27-də Abşeron Olimpiya Kompleksində cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçirilib.
13 çəki dərəcəsi üzrə keçirilən yarışda paytaxtın 34 klub və idman cəmiyyətindən 200 (162 oğlan, 38 qız) cüdoçu iştirak edib.
Turnirin əsas məqsədi kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək cüdoçuların müəyyənləşdirilməsi olub.
“Judo Club 2012”nin yetirmələri Bakı birinciliyində də uğurlu çıxışla yadda qalıblar. Baş məşqçi İmran İmanov və yeni məşqçi heyətinin təyinatından sonra müxtəlif yarışlarda ardıcıl uğurlu çıxışları ilə seçilən klubun cüdoçuları bu dəfə də ənənəni davam etdiriblər. Təmsilçilərimiz yarışı ümumilikdə 3 qızıl, 1 gümüş, 5 bürünc medalla başa vurublar.
Klubun aktivinə qızıl medalları Sadiq İsgəndərli (-73 kq), Tunar Fərzəliyev (-100 kq) və Aysu Quliyeva (+78 kq) yazdırıblar. Nihad Yəhyayev (-73 kq) gümüş medala sahib çıxıb. Leyla Əliyeva (-52 kq), Əsma Manaflı (-63 kq), Ümüd Qurbanov (-66 kq), Fərid İsmayılov (-100 kq) və Elşən Fərzəliyev (+100 kq) isə bürünc medalla kifayətləniblər.
Beləliklə, 9 medal qazanan “Judo Club 2012” klubu (3 qızıl, 1 gümüş, 5 bürünc) “Neftçi” İK (2 qızıl, 3 gümüş, 3 bürünc) və “Azəri-Cüdo” İKİB-ni (2 qızıl, 1 bürünc) qabaqlayaraq Bakı birinciliyinin qalibi olub və kubokla təltif edilib.