Noyabrın 14-15-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə qadınlar və kişilər arasında Bakı şəhər çempionatı keçirilib.
Paytaxtın 35 klub və idman cəmiyyətindən 167 (132 kişi, 35 qadın) idmançının mübarizə apardığı yarışda “Judo Club 2012” klubunun cüdoçuları uğurlu çıxışı ilə yadda qalıb. Klubun üzvləri çempionatı 3 qızıl, 1 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 7 medalla başa vurublar.
Klubumuzun heyətində Nərgiz Vəlizadə (+78 kq), Sadiq İsgəndərli (-73 kq) və Fərid İsmayılov (-100 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Mələkxanım Məmmədova (-48 kq) gümüş, Gövhər Hüseynova (-48 kq), Sonaxanım Rzayeva (-57 kq) və Elşən Fərzəliyev (+100 kq) isə bürünc medallara sahib çıxıb.
Beləliklə, 7 medalla Bakı şəhər çempionatını başa vuran “Judo Club 2012” ümumi komanda hesabında bütün rəqiblərini qabaqlayaraq turnirin qalibi olub.