Martın 6-da Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının I turu keçirilib. Turnirdə 49 klub və idman cəmiyyətini təmsil edən 223 idmançı 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparıb.
Yarışda iştirak edən “Judo Club 2012” klubunun üzvləri uğurla çıxış edərək 1 qızıl, 1 gümüş və 6 bürünc medal qazanıblar. Nəticədə klub medal sayında bütün iştirakçı komandalardan daha yaxşı göstəriciyə sahib olub.
Turnirdə qızıl medalı klubun aktivinə -60 kq çəki dərəcəsində mübarizə aparan Babarəhim Mirzəyev yazdırıb.
Klubun yetirmələrindən Tunar Fərzəliyev (-100 kq) gümüş, Röyal Qayıbov (-60 kq), Hüseyn Allahyarov (-66 kq), Səid Şərifov, İbrahim Əliyev (hər ikisi -73 kq), Yusif Namazlı (-81 kq) və Qurban Məmmədli (+100 kq) isə bürünc medallara layiq görülüb.
Qeyd edək ki, bu il kişilər arasında Liqa yarışının 3 turunun keçirilməsi planlaşdırılır. Turların yekun nəticələrinə əsasən idmançıların ümumi reytinq siyahısı formalaşacaq.