Oktyabrın 18-dən 22-dək Xorvatiyanın Zaqreb şəhərində cüdo üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Yarışda iştirak edəcək Azərbaycan yığma komandasının tərkibində “Judo Club 2012” idman klubunun üzvü Murad Fətiyev də var.
O, 73 kq çəki dərəcəsində tatami üzərinə çıxacaq. Dünən səhər komanda ilə birlikdə Zaqrebə yola düşən yeniyetmə idmançıya “Judo Club 2012”nin təsisçisi, cüdo üzrə veteranlar arasında beynəlxalq yarışların mükafatçısı Azər Əsgərov, klubun rəhbərliyi və məşqçilər heyəti xeyir-dua verib, uğurlar arzulayıblar. Murad Fətiyev Azərbaycan cüdosunun ən gənc nəslinin istedadlı nümayəndələrindəndir. O, indiyədək bir neçə beynəlxalq yarışda iştirak edərək, Vətənə mükafatla qayıdıb.
Murad 2016-cı ildə İspaniyanın Fuengirola şəhərində keçirilmiş yeniyetmələr arasında cüdo üzrə Avropa kubokunda bürünc medala (66 kq), bu ilin sentyabrında Sloveniyanın Maribor şəhərində keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatında isə gümüş medala (73 kq) layiq görülüb. Onun “Judo Club 2012”dəki məşqçisi Tərlan Həsənov gənc yetirməsinin Zaqrebdə də mükafatçılar sırasına çıxacağına böyük ümid bəsləyir.