“Judo Club 2012”də ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş cüdo turniri keçirilib

15.jpg

       Noyabrın 30-u dekabrın 1-də "Judo Club 2012"nin yarış zalında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş yeniyetmələr arasında cüdo üzrə ənənəvi klub birinciliyi keçirilib. Əvvəlcə ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

       Yarışın açılış mərasimində çıxış edən klubun direktoru Hafis Hacıyev iştirakçılara "Cüdo Klub 2012” İctimai Birliyinin sədri Azər Əsgərovun salamlarını çatdırıb və onlara uğurlar arzulayıb. Turnirin müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsinə həsr olunduğunu deyən H.Hacıyev dahi şəxsiyyətin dövlətimiz və xalqımız qarşısında misilsiz xidmətlərindən bəhs edib. O, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına xüsusi diqqət və qayğı göstərdiyini bildirib. Çıxışında ölkəmizdə idmanın yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıran klubun direktoru bu sahənin dövlət siyasətinin prioritetlərindən birinə çevrildiyini və Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti canab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanındığını vurğulayıb. Azərbaycan cüdoçularının beynəlxalq miqyaslı yarışlarda qazandıqları parlaq qələbələrindən danışan Hafis Hacıyev, həmçinin başa çatmaqda olan ilin “Judo Club 2012”nin yetirmələri üçün də uğurlu olduğunu deyib. O, klubun idmançılarının həm ölkədaxili yarışlarda, həm də beynəlxalq arenalarda ümidləri doğrultduğunu qeyd edib.

       Açılış mərasimində çıxış edən “Judo Club 2012”nin cüdo bölməsi üzrə məşqçisi, veteranlar arasında cüdo üzrə dünya və Avropa çempionatlarının qalib və mükafatçısı Zaur Paşayev turnir haqqında iştirakçılara məlumat verib. Birinciliyin yeniyetmə idmançıların yarış təcrübələrinin artmasında böyük rol oynayacağını qeyd edən Z.Paşayev bütün iştirakçılara uğurlar arzulayıb.

       Sonra çıxış edən veteranlar arasında dünya və Avropa çempionatının qalib və mükafatçısı Müşfiq Cəfərov idmançıları ədalətli mübarizəyə çağırıb. Veteran cüdoçu həmçinin klubun uğurları barəsində də danışıb. O, əldə olunmuş nailiyyətləri "Cüdo Klub 2012” İctimai Birliyinin sədri, Azərbaycan Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü, cüdo üzrə veteranlar arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalib və mükafatçısı Azər Əsgərovun məşqçilərə və idmançılara göstərdiyi diqqət və qayğının, onlar üçün yaradılmış şəraitin nəticəsi kimi dəyərləndirib.

       Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra yarışlara start verilib. İki gün davam edən birincilikdə 200-dən çox yeniyetmə idmançı qüvvəsini sınayıb. Yarışın keçirilməsində əsas məqsəd ulu öndər Heydər Əliyevin xatirəsini yad etmək, klubun kiçik yaş qrupları üzrə yığma komandasının heyətini müəyyənləşdirmək və idmançıların qarşıdakı yarışlara hazırlıq səviyyəsini yüksəltməkdən ibarət olub. Birinciliyin ilk günündə 2008, 2009 və 2010-cu illər təvəllüdlü idmançılar tatami üzərinə çıxıblar. İkinci yarış günündə isə 2006-2007-ci illər təvəllüdlü cüdoçular həm fərdi, həm də komanda yarışlarında mübarizə aparıblar. Müxtəlif çəki dərəcələri üzrə keçirilən fərdi yarışlarda qaliblərin adlarına aydınlıq gəlib. Komanda yarışlarının final mərhələsində “Qardaşlar” komandası birinci yerə layiq görülüb. Həlledici görüşdə məğlub olan “Yenilməzlər” komandası isə gümüş medallara sahib çıxıb. Yarışda ilk üç yeri tutan idmançılar “Judo Club 2012”nin diplom və medalları ilə mükafatlandırılıblar. Qalib komanda diplom və medallarla yanaşı, keçici kuboka da sahib çıxıb. Tədbir iştirakçılarına, həmçinin xatirə hədiyyəsi olaraq ulu öndər Heydər Əliyevin döş nişanı təqdim olunub.

       Qaliblərə mükafatları cüdo və sambo üzrə SSRİ İdman ustası Asif Yusifov, SSRİ Spartakiadasının bürünc mükafatçısı İlham Cəfərov, veteranlar arasında dünya və Avropa çempionatlarının qalib və mükafatçıları Rəsul Səlimov, Müşfiq Cəfərov, Mübariz Cəfərov, Zaur Paşayev, İntiqam Ələkbərov, Məmməd Məmmədov və başqaları təqdim ediblər.  

       Xatırladaq ki, ölkə idmanında öz uğurları ilə diqqət çəkən “Judo Club 2012”də əvvəlki illərdə də ulu öndərin anım gününə həsr olunmuş ənənəvi yarışlar keçirilib.

Oxunma sayı: 2095 2019-12-01 19:23:20