“Judo Club 2012”də növbəti maraqlı və yaddaqalan idman günü yaşanıb.
Belə ki, bu gün Azərbaycan Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, dəfələrlə dünya və Avropa çempionatlarının qalibi və mükafatçısı Azər Əsgərov klubun gənc idmançıları ilə görüşüb və onlarla birgə məşq prosesinə qatılıb.
Məşq zamanı Azər Əsgərov xüsusilə son yarışlarda uğurlu nəticələr əldə edən, Bakı şəhər birinciliyində və liqa yarışlarında mükafatçılar sırasına düşən cüdoçularla söhbət edib. O, gənc idmançıların çıxışlarını dəyərləndirərək qarşılarına qoyduqları hədəflər, məşqlərə məsuliyyətli yanaşma və idmançı kimi inkişafın vacib məqamları barədə tövsiyələrini bölüşüb.
Azər Əsgərov məşq zamanı idmançılarla birlikdə tatamiyə çıxaraq onlara praktiki məsləhətlər verib, öz zəngin idman təcrübəsini gənc nəslə ötürüb. Azər Əsgərov məşq zamanı bir neçə cudoçuya cüdogi hədiyyə edib.
Birgə məşq prosesi klubun yeniyetmə və gənc idmançıları üçün maraqlı və yaddaqalan olub.
Qeyd edək ki, klubda təlim-məşq toplanışında iştirak etmək üçün Qazaxıstanın Aktau şəhərindən gələn cüdoçular da məşq prosesinə qoşulublar. Qazaxıstanlı idmançılar yerli cüdoçularla birgə məşq edərək qarşılıqlı təcrübə mübadiləsi aparıblar.
Sonda xatirə şəkilləri çəkdirilib. Belə görüşlərin gənc cüdoçuların motivasiyasının və təcrübəsinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.