Fransanın paytaxtı Parisdə cüdo üzrə klublararası Çempionlar Liqasına start verilib.
Nüfuzlu yarışda ilk dəfə iştirak edən Azərbaycanı “Judo Club 2012” klubu təmsil edir. Klubun baş məşqçisi İmran İmanovun verdiyi məlumata görə, komandamız turnirdə heyətində Olimpiya mükafatçılarının da yer aldığı Gürcüstanın güclü klublarından olan “Golden Gori”ni mübarizədən kənarlaşdırıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşma komandamızın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, klubun cüdo bölməsi üzrə baş məşqçisi İmran İmanovun rəhbərlik etdiyi komandamızın heyətində Ülviyyə Bayramova (-57 kq), Aytac Qardaşxanlı (-70 kq), Vozniuk Liudmila (-70 kq), Diana Semçenko (+70 kq), İbrahim Əliyev (-73 kq), Sübhan Axundov və Əsəd Əsgərov (hər ikisi +90 kq) yer alıb.
Nümayəndə heyətimizin tərkibində Azərbaycan Cüdo Federasiyasının prezidentinin müşaviri Natiq Bağırov, federasiyanın İcraiyyə Komitəsinin üzvü, Cüdo Veteranları Assosiasiyasının prezidenti, “Judo Club 2012” İctimai Birliyinin sədri və klubun təsisçisi, veteran cüdoçular arasında dünya və Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı Azər Əsgərov, həmçinin klubun məşqçiləri Zaur Bağırov və Eldar Kasumov da Parisdə komandamızı müşayiət edirlər.