Qazaxıstanın Almatı şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında dünya birinciliyinə yekun vurulub. 61 ölkədən 460 (254 oğlan, 206 qız) cüdoçunun iştirak etdiyi yarışda Azərbaycan idmançıları da qüvvələrini sınayıblar. Ölkəmizi yarışda 18 (10 oğlan, 8 qız) cüdoçu təmsil edib. Komandamızın heyətində “Judo Club 2012”nin yeniyetmə cüdoçuları Nicat Məmmədli (-55 kq) və Hüseyn Məmmədov (+90 kq) da yer alıblar. Birinciliyin sonuncu günündə cüdoçular komanda yarışlarında mübarizə aparıblar. Heyətində “Judo Club 2012”nin yeniyetmə cüdoçularının da yer aldığı millimiz tarixdə ilk dəfə olaraq dünya birinciliyinin komanda yarışlarının gümüş medalını qazanıb. Komandamız 1/8 finalda Çin Taypeyi, 1/4 finalda isə Avstraliya yığmasından üstün olub. Cüdoçularımız yarımfinalda yarışın favoritlərindən olan Rusiya millisi ilə qarşılaşıblar. Komandamız finala vəsiqə uğrunda gərgin keçən görüşdə güclü rəqibinə 4:3 hesabı ilə qalib gələrək həlledici mərhələdə iştirak etmək hüququ qazanıb. Finalda Yaponiya komandasına məğlub olan millimiz dünya birinciliyinin gümüş medalına layiq görülüb.
Məlumat üçün bildirək ki, cüdo üzrə yığma komandamız birinciliyin fərdi yarışlarını bir gümüş və bir bürünc medalalla başa vurub.
Xatırladaq ki, Nicat Məmmədli və Hüseyn Məmmədov iyun ayında Polşada təşkil olunan Avropa birinciliyinin fərdi yarışlarında bürünc medallara sahib çıxmışdılar.