Avqustun 15-16-da "Sərhədçi" İdman Olimpiya Mərkəzində 23 yaşınadək gənclər arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Yarışda 51 klubu təmsil edən 347 (294 oğlan, 53 qız) cüdoçu medallar uğrunda mübarizə aparıb. “Judo Club 2012”nin gənc cüdoçuları da ölkə birinciliyində qüvvələrini sınayıblar.
Yarışda 24 (18 oğlan, 6 qız) idmançı ilə təmsil olunan klubun yetirmələri 4 qızıl, 6 gümüş və 3 bürünc medala layiq görülüblər. Komandanın üzvlərindən Elçin Hüseynov (66 kq), Samir Ağayev (81 kq), Diana Şoranova (63 kq) və Aidə Baxışova (70 kq) bütün rəqiblərinə qalib gələrək Azərbaycan çempionu adını qazanıblar. Nurlan Osmanov (66 kq), Sərdar Səfixanov (90 kq), Kənan Əhmədov (+100 kq), Elvira Əsgərova (52 kq), Zeynəb Məmmədova (57 kq) və Nərmin Abdullayeva (70 kq) gümüş medala sahib olublar. Yaşar Nəcəfov (60 kq), Fərid Qəzənfərov (60 kq) və Ayxan Tanverdiyev (66 kq) isə komandaya bürünc medallar qazandırıblar.
Klubun digər üzvlərindən Vilayət Cəlilov (66 kq) beşinci, Mirəli Hüseynli (90 kq), Murad Məmmədov (100 kq) və Rahidə Cavadova (63 kq) isə yeddinci yerlə kifayətləniblər.
Beləliklə, 23 yaşınadək gənclər arasında Azərbaycan birinciliyini 13 medalla başa çatdıran “Judo Club 2012”nin yetirmələri ümumi komanda hesabında birinci yeri tutublar. “Neftçi İdman Klubu” İB-in yetirmələri (4 qızıl, 1 gümüş, 5 bürünc) ikinci, “Atilla” komandası isə (2 qızıl, 1 gümüş, 2 bürünc) üçüncü olub.
Ölkə birinciliyinin qalib və mükafatçıları medallar və Azərbaycan Cüdo Federasiyasının diplomları ilə təltif olunublar.
Xatırladaq ki, son illərdə uğurları ilə diqqət çəkən “Judo Club 2012”nin gənc cüdoçuları iyun ayında təşkil olunan 23 yaşınadək gənclər arasında açıq Bakı birinciliyinin də qalibi olublar.
Yarış haqqında ətraflı məlumatı ippon.az saytından əldə edə bilərsiniz.
Link: http://ippon.az/u23_nc_aze_2019/tta_menue.php