"Judo Club 2012"nin gənc cüdoçuları Bakı birinciliyinin qalibi oldu 

6.jpg

 

     2024-cü ili uğurla başa vuran “Judo Club 2012”nin cüdoçuları yeni mövsümə də parlaq qələbələrlə start veriblər. 
Ötən həftə təşkil olunan 18 yaşadək yeniyetmələrin ölkə birinciliyindəki möhtəşəm zəfərin ardından bu dəfə klubun gənc cüdoçuları fəxri kürsünün ən yüksək pillələrində yer alıblar. 

Belə ki, klubun üzvləri yanvarın 15-də Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində təşkil olunan cüdo üzrə 21 yaşa qədər gənclər arasında Bakı şəhər birinciliyində 4 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar. 

Komandamızın heyətində qızıl medallara Aliyə İsmayılzadə (-48 kq), Leyla Əliyeva (-52 kq), Səid Rzayev (-73 kq) və Vidad Əliyev (-100 kq) layiq görülüb. Klubun digər üzvlərindən Emilya Mirzəyeva (-63 kq), Fəqan Məmmədli (-73 kq), Şamil Qasımov (-100 kq) gümüş, Kənan Məmmədli (-81 kq) isə bürünc medala sahib çıxıb.

Yarışı 8 medalla başa vuran "Judo Club 2012" klubu həm ümumi komanda hesabında, həm də qızlar və oğlanlar arasında birinci yeri tutub. 
Qeyd edək ki, Azərbaycan Cüdo Federasiyası və Bakı Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə paytaxtı təmsil edən 27 klub, cəmiyyət və idman təşkilatından ümumilikdə 150 cüdoçu 14 çəki dərəcəsində mübarizə aparıb. 

Müvafiq yaş qrupu üzrə ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışın keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin formlaşdırılması, həmçinin cüdonun kütləvi təbliğinə və təşviqinə nail olmaqdır.

Oxunma sayı: 80 2025-01-15 19:22:39