“Judo Club 2012”nin karateçiləri beynəlxalq təlim-məşq toplanışında iştirak ediblər

3.jpeg

       Azərbaycan Milli Karate Federasiyasının (AMKF) dəvəti ilə Bakıda Yaponiya, İran, Rusiya, Qazaxıstan, Gürcüstan, Çexiya və Türkmənistan milli komandalarının və klublarının üzvlərinin iştirakı ilə təlim-məşqlər təşkil olunub. Avqustun 5-dən 10-dək davam edən hazırlıq məşqləri yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyevin rəhbərliyi ilə keçirilib.
       Yeniyetmə və gənc karateçilərin iştirak etdiyi təlim-məşqlərə dünya, Avropa, Asiya çempionları kimi 70-dək titullu idmançılar cəlb olunublar. Dünya şöhrətli karateçimiz Rafael Ağayev də təlimdə yer alıb.
       Qarşıdakı nüfuzlu turnirlərə hazırlıq xarakteri daşıyan təlim-məşqlərdə “Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də iştirak ediblər. Klubun təmsilçilərindən Fərid Ağayev, Fidan Dadaşova, Nuri Əliyev, Abbas Dadaşov təcrübələrini artırmaq imkanı əldə ediblər. Təlim-məşq toplanışı klubun istedadlı karateçiləri üçün böyük təcrübə olub.
       Təlim məşq toplanışı ilə əlaqədar yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyev “Judo Club 2012”nin saytına müsahibə verib. Yığma komandanın məşqçisi klubun yetirmələrinin dünya səviyyəli idmançılarla birgə hazırlıq keçməsinin onlar üçün stimul olduğunu deyib: “Təlim-məşq toplanışı dünya çempionatına hazırlıq xarakteri daşıyır. Hazırlıq eyni zamanda yeniyetmə və gənc karateçilərimizin inkişafı ilə bağlıdır. Biz titullu karateçiləri Bakıya dəvət etməklə daha çox idmançımızın təcrübə qazanmasına nail olduq. Hazırlıqda “Judo Club 2012”nin yeniyetmə və gənc karateçiləri də iştirak edirdilər. Klubun idmançıları özlərini yaxşı tərəfdən göstərməyə nail oldular. Onlar məşqlərə çox həvəslə yanaşırdılar. Dünya səviyyəli idmançılarla məşq etmək klubun yetirmələri üçün böyük təcrübə və stimul oldu. Klubun istedadlı idmançılarından biri olan Fidan Dadaşova oktyabr ayında Çilidə təşkil olunacaq dünya çempionatında yığma komandanın heyətində yer ala bilər. Qeyd edim ki, dünya çempionatından əvvəl Macarıstanda “Budapeşt Open” turniri keçiriləcək. Dünya çempionatına hazırlıq xarakteri daşıyan bu yarış idmançılarımızın hazırlıq səviyyəsini yoxlamaq üçün bir sınaq olacaq. Burada özlərini yaxşı tərəfdən göstərən idmançılar yığmanın heyətində yer alacaqlar”.
       Hazırlığın sonunda “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçi Namiq Pirverdiyev klubun idmançılarını təlim-məşq toplanışına dəvət etdiyinə görə yeniyetmə və gənclərdən ibarət karate üzrə milli komandanın baş məşqçisi Anar Allahverdiyevə minnətdarlıqlarını bildiriblər.
       Məlumat üçün qeyd edək ki, milli komandamız oktyabrın 24-27-də Çilidə təşkil olunacaq dünya çempionatında mübarizə aparacaq. Ona qədər isə yeniyetmə və gənc karateçilərimiz Macarıstanın paytaxtı Budapeştdə (14-15 sentyabr) beynəlxalq turnirdə mübarizə aparacaqlar.

 

 

Oxunma sayı: 1580 2019-08-11 12:26:43