“Judo Club 2012” klubunun idmançıları şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turnirində uğurla çıxış ediblər. “Sərhədçi” İdman Mərkəzində keçirilən yarışda klubun idmançıları 4 medal qazanıblar. Klubun karate bölməsi üzrə məşqçisi Namiq Pirverdiyevin yetirmələri kişilər, gənclər və uşaqlar arasında mübarizə aparıblar. Kişilər arasında -67 kq çəki dərəcəsində çıxış edən Rəsul Abasov qızıl medal əldə edib. +84 kq çəki dərəcəsində mübarizə aparan Abbas Dadaşov isə bürünc medala layiq görülüb.
Rəsul Abbasov növbəti uğurunu 18-21 yaşlı gənclər arasında qazanıb. O, -67 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
7 yaşlı uşaqlar arasında isə -22 kq çəki dərəcəsində yarışan Fərhad Cəfərov gümüş medal əldə edib.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Karate Federasiyasının dəstəyi, Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə keçirilən beynəlxalq turnirdə müxtəlif ölkələrdən olan idmançılar 12 yaş və çəki dərəcəsi üzrə mübarizə aparıblar.