“Judo Club 2012”nin karateçisi Avropa çempionu oldu

5.jpg

 

       Macarıstanın paytaxtı Budapeştdə yeniyetmə və gənclərin 47-ci, 21 yaşınadək karateçilərin isə 12-ci Avropa birinciliyi keçirilir. 52 ölkədən 1155 karateçinin iştirak etdiyi yarışda Azərbaycan idmançıları da mübarizə aparırlar. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərlik etdiyi milli komandamız yarışda 30 idmançı ilə təmsil olunur. Qitə birinciliyinin ikinci günündə “Judo Club 2012”nin yetirməsi Fərid Ağayev milli komandanın tərkibində bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıb. 16-17 yaşlı gənclər arasında -76 kq çəki dərəcəsinə çıxış edən klubun istedadlı karateçisi ardıcıl olaraq Serbiya, İtaliya, Kosovo və Makedoniya idmançılarını məğlub edərək finala yüksəlib. Həlledici görüşdə türkiyəli rəqibi Yaman Alpereni də üstələyən Fərid Ağayev Avropa çempionatının qızıl medalına layiq görülərək Azərbaycan bayrağını yüksəklərə qaldırıb.  

Fərid Ağayevin əldə etdiyi bu qələbədə “Judo Club 2012”nin karate bölməsinin rəhbəri Gündüz Mahmudov və məşqçisi Namiq Pirverdiyevin böyük əməyi var.

Qeyd edək ki, Azərbaycan milli komandasının aktivində hazırda 4 qızıl, 1 gümüş və 1 bürünc medal var. Millimizə qızıl medalları 16-17 yaşlı gənclər arasında Fərid Ağayevlə yanaşı, Sultan Hüseynov (-55 kq), Osman Osmanlı (+76 kq) və 14-15 yaşlı yeniyetmələrin mübarizəsində çıxış edən Fərid Savadov (-57 kq) qazandırıb. 16-17 yaşlı gənclər arasında qüvvəsini sınayan milli komandanın digər üzvləri Ayla Rzazadə (-59 kq) gümüş, Əminağa Quliyev (-61 kq) isə bürünc medala sahib çıxıb.

Hazırda Azərbaycan karateçiləri bu nəticə ilə ümumi komanda hesabında Türkiyədən sonra 2-ci pillədə qərarlaşıblar.  

Qeyd edək ki, Avropa birinciliyinə fevralın 9-da yekun vurulacaq.

 

Yarış haqqında ətraflı məlumatı sportdata.org saytından əldə edə bilərsiniz.  

Link: https://www.sportdata.org/wkf/set-online/popup_mitschrift_main.php?popup_action=mitschriftcatxml&catid=16&verid=378

 

 

Oxunma sayı: 1866 2020-02-08 22:02:54