“Judo Club 2012”nin məşqçilərinə sertifikatlar təqdim edilib

11.jpg

 

     Fevralın 6-18-də “Judo Club 2012”nin zalında Beynəlxalq Cüdo Federasiyasının (BCF) Akademiyasının cüdo məşqçiliyi sertifikat proqramının yekun seminarı keçirilib.

Proqram Azərbaycan Milli Olimpiya Komitəsinin, Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı, Beynəlxalq Olimpiya Komitəsi Olimpiya Həmrəyliyi Fondunun maliyyə və Beynəlxalq Cüdo Federasiyasının texniki dəstəyi ilə təşkil olunub.

Seminar və imtahan BCF Akademiyasının direktoru Envik Qalea, Akademiyanın proqram rəhbəri Dr. Tibor Kozsla, Akademiyanın idman direktoru Daniel Laskau və digər ekspertlər (ümumilikdə 10 ekspert) tərəfindən keçirilib. Məşqçilər Akademiyanın mütəxəssislərinin nəzarəti altında ilk bir həftə ərzində cüdo texnikası və fəndləri üzrə bilikləri təkmilləşdirdikdən sonra praktiki imtahan veriblər.

ACF-in Akademiya ilə 2022-ci ilin mart ayından başlayan əməkdaşlığı nəticəsində qeyd edilən proqrama 80-dən yuxarı cüdo məşqçisi cəlb edilib. Nəzəri imtahanları uğurla başa vuran 80 cüdo məşqçisi əyani surətdə imtahan verərək müvafiq sertifikatı əldə etmək imkanı qazanıblar.

Seminarda və sertifikat imtahanında “Judo Club 2012”nin 3 üzvü də iştirak edib. Klubun icraçı direktoru Mübariz Cəfərov, məşqçilər Rafiq Nəcəfov və İmran İmanov imtahanlardan uğurla keçərək sertifikat əldə ediblər.  

Sertifikatları məşqçilərə Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev, vitse-prezident Zemfira Meftahətdinova, Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Elnur Məmmədli və BCF Akademiyasının direktoru Envik Qalea təqdim edib. Daha sonra ACF-in vitse-prezidenti Elnur Məmmədli tərəfindən proqramın həyata keçirilməsində göstərilən dəstəyə görə, Milli Olimpiya Komitəsinə, BCF-in Akademiyasına və “Judo Club 2012”yə təşəkkür edilib. 

 

Oxunma sayı: 876 2023-02-19 22:53:00