“Judo Club 2012”nin Olimpiya çempionu Vətənə qayıdıb

10.jpg

 

     Fransanın paytaxtı Parisdə XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanan Hidayət Heydərov (-73 kq) və “Judo Club 2012”nin üzvü Zelim Kotsoyev (-100 kq) Vətənə qayıdıblar.

Olimpiya çempionlarımızı Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Cüdo Federasiyasının, “Judo Club 2012”nin nümayəndələri, media mənsubları, azarkeşlər və idmançıların yaxınları qarşılayıblar.

Klubumuzun üzvü hava limanında KİV nümayəndələri ilə qələbə təəssüratlarını bölüşüb. Duyğularını sözlə ifadə etməkdə çətinlik çəkdiyini deyən dünya, Avropa və Olimpiya çempionumuz onu dəstəkləyən hər kəsə minnətdarlığını bildirib: “Sevincimdən üç gündür ki, yata bilmirəm. Özümü çox yaxşı hiss edirəm. Vətənə qızıl medalla dönmək qürurverici hissdir. Məni dəstəkləyən hər kəsə təşəkkür edirəm”.

Qeyd edək ki, Paris-2024-ə 1/8 final mərhələsindən start verən Zelim Kotsoyev birinci görüşdə polşalı Pyotr Kuçera ilə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız adını dörddəbir finala yazdırıb. Bu mərhələdə İsrail təmsilçisi Peter Palçiki məğlub edən Zelim yarımfinala vəsiqə qazanıb. O, burada özbəkistanlı Muzaffarbek Turoboyevə qalib gələrək finala yüksəlib. Həlledici mərhələdə gürcüstanlı İlya Sulamanidzeni də məğlub edərək Olimpiya çempionu adını qazanıb.

Oxunma sayı: 418 2024-08-04 16:35:31